"Bizim doğum evində qeydə alınan körpə ölümlərinin hamısı ətraf rayonlardan gələn ölü doğuşlardı. Baş verən körpə ölümlərinin hamısı ana bətnində ölmüş körplərlə bağlı faktlardır”.
Bu sözləri Medicina.az-a açıqlamasında Bərdə Doğum Evinin baş həkimi Tunzalə Quliyeva deyib.
Baş həkim bildirib ki, rəhbərlik etdiyi xəstəxanaya ana bətnində diri gəlib, orada ölən körpə olmayıb: "Hər bir hadisə ilə bağlı polisə və prokurorluğa da özümüz xəbər vermişik. Körpəsi ölən valideynlərin də heç biri şikayətçi deyil. Hətta onlardan bəziləri bu xəbərin mətbuatda belə qabardılamasına da narazılıqlarını bildirdilər. Onlar bu məsələyə polisin qarışmasını istəmirdilər, lakin biz valideynlərə bunun sadəcə bir prosedur olduğunu izah etdik”.
T.Quliyevanın sözlərinə görə, rəhbərlik etdiyi Doğum Evi regional olduğu üçün ətraf rayonlardan ölü dölləri qəbul eləmək məcburiyyətindədirlər: "Biz belə hallarla üzləşmiş xəstələri qəbul edir, onlara lazımi yardımı göstəririk. Ölü doğuş edən bütün qadınlar sağ-salamat evinə gedib, ölü döllər isə ekspertizaya verilib. Onun da nəticələri yəqin ki, özlərindədir”.
Baş həkim bildirib ki, övladlarını itirən analar Tərtər, Ağcabədi, Ağdam, Bərdə rayonlarından olub.
T.Quliyevanın məlumatına görə, hər 5 faktla bağlı doğuş prosesində iştirak edən həkimlərdən və tibb işçilərindən prokurorluq əməkdaşları izahat alıb. Səhiyyə Nazirliyindən də qeydə alınan körpə ölümü faktları ilə bağlı xəstəxana rəhbərliyinə heç bir xəbərdarlıq və ya irad bildirilməyib. Həkim deyib ki, bununla belə nazirliyi hadisə bağlı ətraflı məlumatlandırıblar.
Doğum evinin baş həkimi körpələrin ana bətnində ölmələrinin səbəblərinə də toxunub: O deyib ki, hamiləliklərin biri 36 həftəlik əkizdir, yəni vaxtından əvvəl doğuşdur: "Digərləri idə 29-30 həftəlik, 31-32 həftəlik, yəni vaxtından əvvəl doğuşlar idi. Heç biri doğuş vaxtı yetişmiş uşaqlar olmayıb. Bu ölümlərin səbəbləri bətn daxili infeksiya və ya hamiləlik dönəmində tutulmuş xəstəliklər ola bilər”.