Alimlər bildirirlər ki, qədim misirlilər xərçəngi anlamağa və müalicə etməyə çalışıblar.
Medicina.az xəbər verir ki, 4000 illik kəllə sümüyünün bunu sübut etdiyi bildirilir.
İspaniyanın Santyaqo de Kompostela Universitetindən paleopatoloq Edqard Kamaros və həmkarları Qədim Misir sivilizasiyası ilə xərçəng arasındakı əlaqəni anlamaq üçün xərçəng toxuması olan 4000 illik kəllə sümüyünü tədqiq ediblər.
Tədqiqatçılar xərçəngin sümüyə necə yayıldığını və Qədim Misir həkimlərinin xəstəliyə necə müdaxilə etdiyini aşkar etmək üçün yüksək ayırdetmə qabiliyyətinə malik 3D mikroskopiya cihazları və müxtəlif radioloji üsullardan istifadə ediblər.
Alimlər sümüyün 30-35 yaş arası bir kişiyə məxsus olduğunu bildiriblər. Kəllə sümüyündə zədələnmiş yeri əhatə edən bəzi cərrahi kəsik izləri aşkarlanıb.
Tədqiqatçılar kəsiklərin xərçəngi anlamaq üçün aparılan araşdırmalarla və ya xəstəliyin müalicəsi cəhdləri ilə əlaqəli olduğunu bildiriblər.
Komanda lideri, professor Kamaros hər iki ehtimalın da şişlərlə yaxından əlaqəli cərrahi müdaxiləyə işarə etdiyinə diqqət çəkib.
"Bu tapıntı Qədim Misir təbabətinin xərçənglə necə mübarizə apardığını və onu kəşf etməyə çalışdığını göstərən unikal sübutdur", - deyə professor qeyd edib.
Araşdırmanın təfərrüatları "Frontiers in Medicine" jurnalında dərc olunub.
Aysel