Respublika Talassemiya Mərkəzində talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunması hesabına son on il ərzində bu xəstəlikdən ölüm göstəricisi beş dəfə azalıb. Hazırda mərkəzdə 3100 xəstə daimi müalicə alır.
Medicina.az publika.az-a istinadən xəbər verir ki, son illər Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatı uğurla həyata keçirilir. Keçən il 12 sümük iliyi transplantasiyası aparılıb, onlardan 10-u böyük beta-talassemiya, 1-i kəskin leykoz, 1-i aplastik anemiya xəstəsi olub.
Talassemiyanın profilaktikası baxımından nikaha daxil olan cütlüklərin tibbi müayinəsi çox böyük əhəmiyyət kəsb edir. Ötən il 130 min nəfərdən qan nümunəsi müayinə olunub. Onların arasında 3611 talassemiya daşıyıcısı, 103 qazanılmış immunçatışmazlığı sindromu, 422 sifilis xəstəliyi aşkarlanıb. Müayinə olunanlar arasında talassemiyalı 38 cütlük müəyyən edilib. Həmin cütlüklərin ailə həyatı qurması nəticəsində hamilə qalan 24 qadının hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb. Nəticədə 4 sağlam, 14 daşıyıcı, 6 xəstə döl aşkar edilib.