Azərbaycanda yaşayan və boynunda 8 kilo böyüklüyündə şiş olan 35 yaşındakı Mikayıl Mustafayev çarəni qardaş Türkiyədə tapıb.
Medicina.az xəbər verir ki, M. Mustafayev 3 dəfə Azərbaycan və başqa ölkələrdə uğursuz əməliyyat olunduqdan sonra Türkiyəyə yollanıb. 7 saat çəkən əməliyyatdan sonra kişi şişdən azad edilib.
Mustafayev artıq rahat yeriyə bildiyini və xoşbəxt olduğunu bildirib:
"Boynumda şiş yaranan zaman həkimə getdim. Azərbaycandakı həkimlər diaqnoz qoydu. Kimyaterapiyaya göndərildim və əməliyyat olundum, ancaq bir dəyişiklik olmadı. Son yeddi ayda şişim sürətlə böyüdü. Gecələri yata bilmirdim, gəzə bilmirdim, paltarımı belə geyinə bilmirdim. Həkimlərin məsləhəti ilə Türkiyəyə gəldim. Çox şükür, yaxşıyam. Həkimlərə təşəkkür edirəm”.
Nəzərinizə çatdıraq ki, əməliyyat sinə cərrahiyyəsi mütəxəssisi Asım Kutlu, beyin və sinir cərrahı Mete Karatay, İdris Sertbaş, Mehdi Şalvız və plastik cərrahı Cenk Şenden ibarət 5 uzman həkim tərəfindən keçirilib.
Asım Kutlu, pasiyent gəldiyi zaman şişin artıq ətrafa pis qoxu yaratdığını bildirib:
"Şiş ciddi dərəcədə iltihablanmışdı. Ümumi vəziyyəti çox ağır idi. Xəstənin sol qoluna gedən sinirlər təsirə məruz qaldıqları üçün sol qolunu hərəkət etdirə bilmirdi. Bizə gəldiyi zaman heç bir həkimin görmədiyi vəziyyətdəydi”.
Həmçinin həkim, xəstənin artıq dərman müalicəsinə başlaya biləcəyini qeyd edib.
"Daha öncə şüa müalicəsi aldığı üçün bunu davam etdirməyəcəyik. Ancaq kimyaterapiyaya davam ediləcək. Şişin şüa terapiyasına necə cavab verəcəyi maraqlıdır. Əgər yaxşı reaksiya verərsə, bunu illər ərzində davam etdirəcəyik. Əgər dərman müalicəsinə reaksiya verməzsə, şişin yenidən təkrarlanma ehtimalı var”, - deyə Kutlu bildirib.