Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi 2023-cü il ərzində ölkə ərazisində əhalinin və ərazilərin nüvə və radioloji təhlükəsizliyinin təmin olunması, bu sahədə fəaliyyətin tənzimlənməsi üzrə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirib.
"Medicina" xəbər verir ki, Agentlik tərəfindən ötən il ərzində ionlaşdırıcı şüalanma mənbələri ilə əlaqəli fəaliyyətin həyata keçirilməsi üçün 151 “xüsusi icazə” verilib. Onların 117-si tibb müəssisələrinin, 34-ü isə sənaye və elmi-tədqiqat müəssisələrinin payına düşüb. Bununla yanaşı, nüvə və radioloji fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulan obyektlərin layihələrinin, bu obyektlərdə tətbiq edilən yeni texnoloji proseslərin və avadanlıqların nüvə və radiasiya təhlükəsizliyinin ekspertizasının həyata keçirilməsi üzrə 92 rəy verilib.
Həmçinin, 2023-cü ildə Agentlik tərəfindən ərazi, müəssisə və təşkilatların radiasiya təhlükəsizliyinə hazırlığının təmin edilməsi məqsədilə 164 müəssisənin radioloji-gigiyenik pasportu aparılıb.
Bundan əlavə, nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsinə dövlət nəzarətinin təmin edilməsi məqsədilə Agentlik tərəfindən 306 nəzarət-yoxlama tədbiri keçirilib. Bu tədbirlər nəticəsində 154 inzibati protokol tərtib edilib, 150 inzibati işə baxılıb, 31 tibb müəssisəsində aşkar edilmiş pozuntularla əlaqədar radioloji fəaliyyət məhdudlaşdırılıb.