Beyin mərkəzi sinir sistemini idarə edən orqandır və düşüncə, qavrama və həyat tərzinin təminatçısıdır. Mütəxəssislər beynin normal inkişafının ilkin mərhələsi olaraq ana bətnində müayinə olunmağı məsləhət görürlər. Bu, gələcəkdə uşaqda yaranan zehni qüsurların qarşısını almaqda yardımçı ola bilər.
Medicina.az xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzinin həkim-nevropatoloqu Sevinc Salamova belə deyib:
“Kiçik bir problem gördükdə mütləq şəkildə nevroloqa və uşaq psixoloquna müraciət olunmalıdır ki, problem dərinləşməmiş olsun. Həmin dövrdə onu aşkara çıxarıb müalicə etmək daha asandır”.
Qeyd edək ki, insan 30 yaşını keçdikdən sonra beyin yaşlanmağa başlayır və bu, yaddaş problemləri olaraq özünü büruzə verir. İntellektual oyunlar məntiqin və strateji düşüncənin inkişafına şərait yaradır. Bura şahmat, domino, qolf oyunlarını aid etmək olar. Həmin oyunlar beyni 10 faizdən daha çox sürətlə düşünməyə vadar edir. “Daimi olaraq nəyisə öyrənmək, nəyisə araşdırmaq sahəsində çalışmaq sinir sisteminin aktiv olmasına səbəb olur”,- deyə həkim-nevropatoloq bildirib.
Yaşıl meyvə-tərəvəz, eləcə də balqabaq və onun tumu beynin fəaliyyətinə müsbət təsir göstərir, yaddaşı gücləndirir, zehni əməklə məşğul olanların iş məhsuldarlığını artırır. Alimlər 50 yaşdan sonra aydın zəkanı qorumaq üçün az yeməyi tövsiyə edirlər: “Qida menyusunda lobya, banan, alma və digər qidalara, karbohidratlarla zəngin məhsullara üstünlük verilməlidir. Yağlı balıqların istehlakı sinir sisteminə yaxşı təsir edir”.
Mütəxəssislərin digər bir araşdırmasına görə, musiqi beyinə unikal formada təsir edir. Rəqs etmək, musiqi dinləmək və ya ifa etmək beynin aktiv çalışmasına səbəb olur, çünki musiqi beyin hüceyrələri, onun strukturu arasında əlaqənin inkişafı üçün əvəzolunmaz vasitədir.