Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 3 yaşlı pasiyent qastroezofageal reflüks, yemək borusu dəliyinin yırtığına görə laparoskopik əməliyyat olunub.
Medicina.az xəbər verir ki, klinikanın baş həkimi Ramiz Poluxovun sözlərinə görə, uşaq ağır vəziyyətdə yemək borusunun qanaxması ilə klinikaya gətirilib. Müayinələrdən sonra təcili olaraq konservativ müdaxiləyə başlanmış və qanaxma konservativ dayandırılıb.
Uşağa uzun müddətdir ki, müxtəlif klinikalarda qastroezofageal reflüks xəstəliyinə görə müalicələr aparılmasına baxmayaraq vəziyyətində yaxşılaşma olmamış, qusmalar, gecə saatlarında ağız suyu ifrazı, uşaq daimi olaraq anemiyadan əziyyət çəkib. Endoskopik müayinədə yemək borusunda dərin eroziyaların olması və poliplərin formalaşması aşkar olunub ki, bu da aparılan konservativ müalicələrə baxmayaraq davamlı reflüks nəticəsində mədə şirəsinin yemək borusunu zədələnməsini göstərir. Belə xəstələr vaxtında əməliyyat olunmasa yemək borusunun çapıqlaşaraq daralmasına və ya şişqabağı proses olan metoplaziyaya səbəb olur. Bu səbəbdən belə xəstələrin vaxtında əməliyyat olunması uşağın gələcək proqnozu baxımdan çox önəmlidir.
Klinikanın mütəxəssisləri tərəfindən laporoskopik üsulla yemək borusu dəliyinin yırtığının ləğvi, fundoplikasiya əməliyyatı icra olunub. Əməliyyat 45 dəqiqə ərzində yekunlaşıb. Hazırda uşaq özünü yaxşı hiss edir.