Ümumdünya Səhiyyə Təşkilatı 3 mart tarixini Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günü elan edib.
2007-ci ildən qeyd edilən bu tarixdə tibbi və könüllü təşkilatları ilə birlikdə eşitmə problemləri barədə və onların həlli istiqamətində əhalini maarifləndirməkdir.
"Medicina" gündən-günə artan səs-küydən eşitmə orqanlarımızı qorumağın yollarını təqdim edir:
Küyün təsirindən necə qorunaq?
✔ İmkan daxilində gündəlik 1-2 saatı tam sakitlikdə keçirmək. Səs-küy yalnız eşitməni deyil, həm də sinir sistemini zədələdiyindən hər gün ən azı 1-2 saat tam sükut içində keçirmək, texnoloji cihazlardan ayrılıb, meditasiya etmək faydalıdır
✔ Daha tez-tez təbiətdə olmaq. Yarpaqların səssiz titrəyişi, quşların gözəl nəğməsi, harmonik təbiət səsləri və rəngləri səs-küylü şəhərə ara verməyə və rahatlığı bərpa etməyə kömək edəcək. Stresdən sonra zədələnmiş eşitmə hüceyrələrinin təbii şəraitdə daha sürətli sağaldığı sübut edilmişdir.
✔ Pəncərələri dəyişilməsi, ikiqat pəncərə qoyulması. Döşəmənin, tavanın, divarların səs izolyasiyası küçə səs-küyünü və yaxın ətrafın səsini minimuma endirəcək
✔ Musiqiyə çox yüksək səsdə qulaq asmamaq. Çox yüksək və davamlı musiqi səsi qulaqları həmişəlik zədələyə bilər
✔ Keyfiyyətli və düzgün seçilmiş qulaq tıxacları səs-küyü təxminən 25 - 35 dB azalda bilər (qulaqcıqların sağlamlıq üçün təhlükəsiz materialdan hazırlanması vacibdir).
✔ Mebellərin yerlərinin dəyişilməsi: səs izolyasiyasının səviyyəsini artırmaq üçün böyük şkafı divara çəkmək, yatağı divardan mümkün qədər uzaqlaşdırmaq.
✔ "Ağır" materialdan hazırlanmış pərdələr küçə səs-küyünü boğa bilər.
✔ Yerdə ağır xalça aşağıdan gələn səs-küyün qarşısını alacaq.
Aygün Musayeva