Bu gün Ümumdünya epilepsiya xəstələri günüdür.
Medicina.az xəbər verir ki, ilk dəfə bu gün 26 mart 2008-ci ildə qeyd olunub. Bu, erkən yaşlarından epilepsiyadan əziyyət çəkən 9 yaşlı Kessidi Meqanın qəlbinin harayı idi. Bütün anlaqlı həyatında qızcığaz ətrafdakı həmyaşıdlarının, hətta yaşlı insanların üzücü baxışlarını öz üzərində hiss etmişdir. Əksəriyyət onun xəstəliyini yüngül dərəcəli ruhi pozuntu kimi qəbul edirdi, təbii ki, bu da qızı incidirdi. İnsanları inandırmaq və onlara öz xəstəliyi haqqında danışmaq üçün Kessidi "Bənövşəyi gün” keçirməyi qərara aldı. Bu tarixdə məlumatlandırıcı, xeyriyyəçilik, humanitar tədbirlər keçirilir, hər kəs epilepsiyalı insanlara öz dəstəyini ifadə etmək imkanı əldə edir.
Epilepsiya ən çox yayılmış nevroloji xəstəliklərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hər il 2,5 milyon yeni xəstələnmə aşkar olunur.
Epilepsiya bədənin hər hansı bir hissəsində və ya bütün bədəndə qısamüddətli tutmalar şəklində meydana çıxan, beynin xroniki xəstəliyidir. Epileptik tutma, hətta bir dəfə olduğu halda həm xəstənin həm də ətrafdakıların kifayət qədər güclü təşvişinə səbəb olur.
Müxtəlif ölkələrdə hər 100 min nəfər əhali arasında 20-53 epilepsiyaya tutulma halına rast gəlinir. İnkişaf etməkdə olan ölkələrdə bu göstərici 100-190 hadisə təşkil edir. Azərbaycanda isə bu göstərici 25-dən 83-dəkdir. Hazırda dünyada 50 milyondan çox, Azərbaycanda isə 60 minə yaxın insan epilepsiyadan əziyyət çəkir.
Epilepsiyanın yaranma səbəbləri müxtəlifdir. Bir sıra hallarda, əsasən kiçik yaşlı uşaqlarda və yeniyetmələrdə onun əsasında genetik faktorlar durur. Lakin təxminən 50% hallarda epilepsiyanın səbəbi təyin olunmamış qalır. Epilepsiyanın simptomatik növlərində xəstəliyin əmələ gəlmə səbəbi beynin zədələnməsidir : antenatal və perinatal travmalar (məsələn, hipoksiya və doğuş travması), beynin anadangəlmə malformasiyaları, başın travmaları, insult, sinir sisteminin infeksiyaları (məsələn, menigit, ensefalit), şişləri, parazitar xəstəlikləri (məsələn, exinokokkoz və ya toksoplazmoz).
Epilepsiya çoxillik müalicə tələb edir. Epilepsiyanın müalicəsində əsas məqsəd tutmaların tamamilə kəsilməsidir. Müalicə məqsədilə epilepsiya əleyhinə preparatlardan (AEP) istifadə olunur. İlk aşkar olunmuş epilepsiyanın müalicəsi zamanı düzgün dərman seçimi və gündəlik AEP-ın qəbul olunması şərti ilə xəstələrin 75%-də müalicənin müsbət nəticələri müşahidə edilir.