"Azərbaycanda 2500-dən artıq xəstə qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır. Onlardan 300-ü uşaqdır".
Medicina.az apa-a istinadən xəbər verir ki, bunu B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
O bildirib ki, leykozların diaqnostikası ilə bağlı bu il 6 000-dən çox laborator müayinə aparılıb: "Bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10%-ni məhz qanın bədxassəli xəstəlikləri təşkil edir. Leykozlar yoluxucu xəstəliklərlə yanaşı, 15 yaşa qədər olan uşaqlar arasında ölümün əsas səbəblərindən biridir".
Direktorun sözlərinə görə, son illər ölkədə hematoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, müasir tibbi avadanlıqlarla təchizatı yaxşılaşdırılıb, kadr potensialı gücləndirilib.
Z. Əlimirzəyeva qeyd edib ki, 2017-ci ildə Dövlət Proqramı çərçivəsində yeni immunohistoloji müayinələrin aparılması üçün laboratoriya yaradılıb: "Laboratroriya ən müasir avadanlıq və reaktivlərlə təchiz olunub. İmmunohistokimyəvi müayinələrin köməkliyi ilə qanın bədxassəli xəstəliklərinin tam diferensial diaqnostikası, hədəf terapiyanın monitorinqi və xəstəliyin proqnozu müəyyən edilir. Artıq leykozların diaqnostikası məqsədi ilə xəstələrin başqa ölkələrə getməsinə ehtiyac qalmır".