- Ürək cərrahiyyəsində bu gün dünyada sərhəd qalmayıb. Anadan olduğu dəqiqədən etibarən 90-100 yaşına kimi insana əməliyyat göstərişi olur və Azərbaycanda, eləcə də Bakı Ürək Mərkəzində bu əməliyyatlar tətbiq edilir. Hətta artıq ürək cərrahiyyəsi, kardiologiya ana bətnindəykən belə həyata keçirilir. Bu prosedurlar ölkəmizdə tətbiq olunmasa belə, ürək cərrahiyyəsinin digər sahələrdə olan inkişaf göstərir ki, yaxın gələcəkdə bunlar da Azərbaycanda mümkün olacaq.
Bunun üçün lazım olan bütün şərait var. Bakıda tək və ilk olan JCI deyilən akkreditasiyadan keçmiş xəstəxanadır. Bu akkreditasiya qonşuluğumuzdakı bəzi ölkələrdə var. Bildiyim qədərilə heç Rusiyada belə bu akkreditasiyadan keçmiş xəstəxana yoxdur. JCI tibbi xidmət üzrə ən yüksək kateqoriyadır.
Bunlardan əlavə, xəstəxananın maddi-texniki bazasının region üçün çox yüksək səviyyəli olması – hibrid əməliyyatxanadan tutmuş, ən müasir reanimasiya imkanları yaradan mərkəz olması deməyə əsas verir ki, müdaxilə edə bilməyəcəyimiz xəstəlik yoxdur. Bu gün ürək-damar xəstəlikləri ölümün və əlilliyin səbəbləri içərisində birinci yerdədir. Bu, ölkəmiz üçün də keçərlidir. Bu səbəbdən mərkəz açıldıqdan sonra İtaliyadan və bir çox Avropa ölkələrindən yüksək ixtisaslı həkimlər gətirmişik. Onlarla bu xidmətin bütün sahələrini əhatə etməyə çalışırıq.
Elə bu həftə içərisində 2 aylıqdan tutmuş, 90 yaşına qədər fərqli yaş qruplarında fərqli xəstəliklərdən əziyyət çəkən xəstələrdə əməliyyatlar aparıldı. Azərbaycanda işlədiyim 12 il ərzində 8500-dən artıq əməliyyat aparmışam. Eləcə də ölkəmizin 10-a yaxın rayonunda açıq ürək əməliyyatlarının aparıla biləcəyini göstərmişik. Bölgələrdə 1000-ə yaxın əməliyyatlar həyata keçirilib. Təkcə Naxçıvanda 1200-ü keçən açıq ürək əməliyyatları aparılıb. Qazax, Lənkəran, Cəlilabad, Qəbələ, Şamaxı, Füzulinin Böyükbəhmənli kəndində belə 3-4 saat davam edən ən mürəkkəb anadangəlmə ürək qüsurları əməliyyatları keçirilib. Bu da səhiyyəmizin ən ucqar nöqtədə belə yüksək səviyyədə həyata keçirdiyinin göstəricisidir.
- Tibb sahəsi üzrə həmin illərdə çox az adam göndərilirdi. Hər qrup içərisində maksimum 5-6 nəfər olurdu. Mənim üçün sevindirici haldır ki, uzun illərdən bəri çiyin-çiyinə fəaliyyət göstərdiyim Abasəli Abasəliyev də eyni dövrdə Türkiyəyə gedən tələbələrdən olub. Bu gün Bakı Ürək Mərkəzində birlikdə - mən ürək cərrahiyyəsində, o isə kardiologiya şöbəsində - işləyirik. Abasəliyevin başqa bir qürurverici tərəfi də var. Biz sovet sisteminin təhsilindən çıxmış tələbələr idik və Türkiyə türkçəsi indiki qədər doğma deyildi. Həmin illərdə biz çətinliklə başladıq, lakin bütün çətinliklərə baxmayaraq, 6 illik təhsili bitirdikdən sonra Abasəli doktor universitetin birincisi seçilmişdi. O zaman üçün yerli tələbələrin bunu alma imkanı daha çox idi, nəinki sovetlərdən gəlmiş birinin. Bütün yerli tələbələr içərisində azərbaycanlı tələbənin birinci seçilməsi bizim qürurumuz idi.
- Sizin nəsil doktorların arasında ürək cərrahiyyəsi üzrə ən çox məşhurlaşanı siz oldunuz. Nəylə əlaqəlidir sizcə?
- "Səndən hərəkət, məndən bərəkət” deyilən bir deyim var. Mənim inandığım bir şey var: bu dünyada bir şeyin nisbi mənada qalıcı ola bilməsi üçün məsləyin nədirsə onu sevə bilməyin və ona hakim olmağın lazımdır. Bunun üçün də uzun illər davamlı şəkildə üzərində işləməyin lazım gəlir. Düşünürəm ki, 90-cı illərin ən böyük şansı postsovet ölkələri içərisində problemlərin yaşandığı zamanda Türkiyədə tibb təhsilini almaq oldu. Ən böyük şansım düşdüyüm universitet idi. Müəllimlərim mənə həqiqətən həddindən artıq imkanlar yaratdı. Mənim də bu gün Azərbacanda 8-ə yaxın tələbəm var ki, aktiv şəkildə ürək cərrahiyyəsi ilə məşğuldurlar. Mənə görə həyatımdakı ən böyük uğur etdiyim əməliyyatlar deyil, o 8 tələbəmdir. Belə dəyər verdiyimi görən bəzi insanlar öyrətdiklərimin mənə problem olacağını düşünərək deyirlər ki, öyrətmə. Amma mən öz müəllimlərindən bunu görmüşdüm. Onlar mənə öyrətdikcə gözümdə daha da böyüdülər. Onlardan aldığım mirası özümdən sonrakılara vermək məcburiyyəti hiss elədim.
Soruşsanız ki, geriyə baxanda nə ilə qürur keçirirsən, deyərəm ki, bu sahədə hansısa ixtisasçının hazırlanmasında göstərmiş olduğum səy və yaxud ona az da olsa nail ola bilməyimlə. Mənim müəllimlərimə qarşı olan düşüncəm odur ki, onlardan dəyərlisi yoxdur. Hamı deyə bilər ki, mənim müəllimim dəyərlidir. Amma onlar mənə qarşılıqsız şəkildə bu işin ən incə detallarını da öyrətdilər. Bilmirəm, hərdən deyirlər ki, bəlkə də Türkiyədəki müəllimlər azərbaycanlı tələbənin özlərinə rəqib olmayacağını, gedib öz ölkəsində işləyəcəyini bildikləri üçün sənə bu qədər öyrətməkdə maraqlı olublar. İstəyiblər ki, sən də gəlib Azərbaycanda məşhur olasan, böyüyəsən və bu da o müəllimlərin öz adına işləsin. Bəlkə rəqabət hissi olmadığına görə bir türk tələbəyə öyrətdiklərindən daha çox mənə öyrətməkdə maraqlı olublar. Bu həqiqət idi. Çünki məni keçirdikləri bütün əməliyyatlara salırdılar. Tələbələrin 5-ci ilində girməli olduqları əməliyyatlara mən 1-ci ilimdə girmişəm. Ən mürəkkəb hissələrdə 1-ci asistent olaraq işləmək hər kəsə nəsib olan şey deyil. Bununla birlikdə geri döndükdən sonra mənim böyük bir şansım oldu. Azərbaycanda tibb, səhiyyə sahəsində reformların başladığı bir vaxta təsadüf etdim. Bu reformların içərisində dövlətin gördüyü işləri fərq edərək Neftçilər Xəstəxanası içərisində rəhmətlik Fəxrəddin Cavadovun özünün bu işə könül verməsi bu qığılcımları üst-üstə gətirdi. Arxasınca səhiyyə naziri Oqtay müəllimin buna qarşılıq proqramlara qatılmaq üçün verdiyi dəstək... Bu kimi hadisələr hamısı yan-yana gələndə məşhurlaşmaq mənə asan oldu. Çünki ölkədə ciddi səhiyyə islahatlarına ehtiyac var idi. 2006-cı ildə ilk dəfə Lənkəranda müalicəvi diaqnostika mərkəzi açıldı – Azərbaycan üçün çox böyük bir hadisə idi. O açılanda mən söz verdim ki, gedib orada açıq ürək əməliyyatı edəcəyəm. Hamı şok olmuşdu ki, necə yəni, Bakıda belə açıq ürək əməliyyatları hələ təzə başlayır, Lənkəranda bu necə olacaq? 1 həftə sonra komandamızla getdik, göstərdik ki, Azərbaycanda rayonda belə bunu həyata keçirmək olar. Bu ənənə sonra 10 bölgəyə daşındı. Beləcə yeni nəsildə inam yarandı ki, gəldikləri zaman ölkədə işlər görə biləcəkləri yerlər var.
Bir az da yəqin ki, Allahın vermiş olduğu şans rol oynadı. İnandığım bir məsələ var: hansı sahədə olmağından asılı olmayaraq əgər bir işi bilirsənsə və öz sənətini sevirsənsə, sənətindən asılı olaraq xitab etdiyin obyekti – tibbdə bu faktor insandır – sevirsənsə sevilirsən. Yəqin ki, o sevgini ötürə bilmişik ki, onun qarşılığını da az-çox almışıq. Bir gün də mənfi bir şeylər deyiləndə mən əminəm ki, bir zaman mənfi enerjilər ötürmüşük ki, onun qarşılığını görürük. Özünüz gələndə gördünüz, bəzən o qədər yoruluruq ki... Amma çox şərəfli bir işdir. Özümü bu sənətdən başqa bir sənətdə hiss edə bilmirəm. Səbəb odur ki, nə qədər çətin olsa da, nə qədər ağır olsa da, sonunda çarəsiz olan bir insanın üzündəki gülüşü görürsən. Ola bilər ki, biz çörəyimizi bundan qazanırıq. Sosial durumumuz buna görə dəyişir, amma heç bir şeyin dəyəri çarəsiz bir ananın, yaxud çarəsiz övladın öz anasına, öz sevdiyinə, əzizinə görə sənə gözləriylə etdiyi minnətdarlıq hissi ilə ölçülə bilməz. O, bütün yorğunluqların bədəli ola bilir. Ötən həftə 1 həftəlik, 1 aylıq, 3 aylıq, 5 aylıq körpələr əməliyyat olunublar. Əməliyyatdan əvvəl onların hər birinin ailəsinin hisslərini yaşayırıq. Nə qədər ağır və qəddar bir işlə məşğul olduğumuz kimi görünsə də, xəstə yaxınları ilə birlikdə biz də o hissləri yaşayırıq. Onu yaşamasam, həkimlik dəyərlərim, təbib kimi faydalılıq əmsalım azalacaq deyə hiss edirəm. Çünki işin sirri xəstələr və onların yaxınları ilə empatiya əlaqəsini itirməmək, hiss etmək, onlarla yaşamaqdır. Məncə, bunların da uğurun içərisində payı var. Bu hissləri yaşamasan həkimlik, türklər demiş, çəkilməz...
"3-5 adam tərəfindən tanınırsansa, ad halına gəlirsənsə bunun arxasında itirdiklərin də olur”
- Doktor, 1 həftəlik körpə əməliyyatına girdiyinizi dediniz. Bir ay ərzində 2-3 belə çətin əməliyyat görən insanda ürək qalmaz deyə düşünürəm. Özünüzün ürəyinizlə bağlı probleminiz yaranmayıb ki?
- Hələ ki, yoxdur. İndidən nəsə demək də olmur əslində. Ürəyin adamı qəfildən necə yaxalayacağını heç kim əvvəlcədən deyə bilməz. Əlbəttə ki, emosiyalar, stress bizə də öz təsirlərini göstərir. Gözəlliklərindən danışdıq, çətinliklərindən də danışmalıyıq. Bu da bizim işin tikanıdır. Əgər 3-5 adam tərəfindən tanınırsansa, ad halına gəlirsənsə bunun arxasında itirdiklərin də olur. Bunun fərqindəyik. Sadəcə balansı qorumaq lazımdır. Çünki Allahın bizə vermiş olduğu ən önəmli miras candır, sağlamlıqdır.
"24 saatlıq əməliyyatdan sonra xəstəni itirdik”
- 8500 əməliyyata girmisiniz. İçərisində uğursuz olanları varmı? Əlinizin altında canını tapşırmış pasientiniz olubmu?
- Təbiblik elə bir sənətdir ki, burada ölüm vazkeçilməz bir həqiqətdir. Söz açılmışkən sizə bir hadisəni danışım: Türkiyədə 1999-cu ildə müəllimimlə bir əməliyyata girmişdik. Səhər başlayan əməliyyat 24 saat davam elədi və xəstəni xilas edə bilmədik. Mən onda Türkiyədə tanınmış bir professorun köməkçisi idim. Bu hadisədən sonra aramızda bir dialoq oldu. Həkim döndü mənə dedi ki, deyəsən, əhvalın yoxdur. Mən də öz-özümə dedim ki, əlbəttə ki, yoxdur, 24 saatlıq əməliyyatdan sonra uğursuzluq insana başqa cür təsir edir. Müəllimimin də xəstələrinə qarşı həddən çox həssas olduğunu bildiyim üçün bu növ sualına təəccübləndim. Mənim bu günə kimi gördüyüm ən həssas adam professor Suat Buketdir. Özünə heç bir şeyin olmadığını dedim. Cavab verdi ki, bəlkə gecə həyatını itirən xəstəyə görə pis olmusan? Yenə birtəhər oldum. O adam məndən bu cür sorular soruşmamalıydı. Dedim, yəqin yorğunluqdandır, amma yeni əməliyyata girməliyiksə, mən hazıram. Dedi yox, cavab ver. Dedim ki, bəli, bir az. Dedi ki, istəyərsənmi, həyatın boyu heç bir xəstən ölməsin? Duruxdum, demək istədim ki, əgər eləydisə, niyə özünüz tətbiq etmədiniz ki, xəstə ölməsin? Amma müəllimimdir deyə artıq söz işlədə bilmirdim. "Buyurun” deyə cavab verdim. Dedi diplomunu alırsan, aparıb asırsan otağından, qapından yazırsan ki, professor filankəsov filankəs. Xəstələr gəlir, saatlarla danışırsan, sonra əməliyyatın vaxtını soruşanda deyirsən ki, mən ürək cərrahıyam, amma əməliyyata girmirəm. Əməliyyat etmədiyin zaman avtomatik olaraq ölüm halı da olmayacaq.
Deməyim odur ki, bir insan həkimlik sənətindədirsə və mənim heç bir pasientim ölməyib deyirsə, ondan şübhələn. Şübhələnin ki, ya bu insan yer üzərindəki təbabətin imkanlarından daha artıq bir iş görür, ya da sağlam adamlarla məşğuldur, ağır və real xəstələri özündən uzaqlaşdırır. Məqam olur ki, gələn xəstənin yaşama şansı 1 faiz olur və sən buna getmək məcburiyyətindəsən. Sən özünü yox, o adamı fikirləşməlisən. 1 faizlik şans o deməkdir ki, 100 nəfər insandan 10-unu yaşada bilərsən və bu, qəhrəmanlıqdır. Bu isə arxasında 90 nəfər itki deməkdir. Aorto damarının cırılmasında təcili əməliyyata girməlisən və belə xəstələrdən 10-unu yaşadanda dünyada ən böyük publikasiyaları edirsən. Deyirsən ki, mən 100 öləcək adamdan 10-unu yaşatmışam. 100 faiz öləcəkdi, amma 10-unu yaşatdım. 10 nəfər səni qəhrəman edir, 90 nəfərin ölümü isə sənin ayağına yazılmır. Çünki tibbdə bilinir ki, bunun çarəsi yox idi, bu, aortoseskiyadır, adi cərrahiyyə deyil.
Bakı Ürək Mərkəzində bu günlərdə 100-cü əməliyyatımızı etdik, şükürlər olsun ki, heç bir xəstəmizdə problem olmayıb. Bunun içərisində 2 aylıq körpədən, 88 yaşlı insana kimi var. Amma bu o demək deyil ki, belə olmalıdır. Dünyada göstərilib ki, ürək cərrahiyyəsinin bütün sahələri ilə məşğul olan normal mərkəzdə ən yüksək göstərici ortalama olaraq 2 faizlik əlillik və ölümlə nəticələnənlərdir. Bu o deməkdir ki, 100 xəstədən 98-ini yaşadırsan. 2-si həyatını itirir. Göstərici 4-5 faizə kimi olan mərkəzlər belə normal qəbul olunur. Yaxşı mərkəzlər 2 faiz ətrafında dolaşır. Ölkəmizdə bu rəqəmlərə yaxınlaşan mərkəzlərin sayı gündən-günə artır. Neftçilər Xəstəxanasında bu göstərici 2,5 civarında idi. Hədəfimiz bunu daha da aşağı endirərək dünyadakı rekordlara imza ata bilmə gücünə gəlib çatmaqdır. Mərkəzimizdə məqsədimiz həm də yenilikləri tətbiq etmək deyil, yenilikləri yaratmaqdır. Normalda 10 000 əməliyyat üzərindən 100 nəfərdə əgər 2 nəfərin ölümü normal qəbul olunursa, 1000 nəfərdə 25, 10 000 nəfərdə 250 nəfərə kömək edə bilməmə, qarşılığında isə hər 100 çarəsiz adamdan 97-98-inə kömək eləmək, Allahın verdiyi imkanla onları yaşatma şansıdır. 98 faizlik yaşam olmasa, digər 2 faiz insanın səhəri günü sənətini atmasına səbəb ola bilər. Amma buna yanaşma fərqli olmalıdır. Xəstəni yaşatmağa heç bir şansın olmasa belə bir şeyi düşünməlisən: mənim əzizim olsaydı, əlimdən gələn hər şeyi etməzdimmi? Tibbdə eləyə biləcəyim başqa bir üsul var idimi? Bu sualların cavabını verə bilirsənsə, sən heç bir psixoloji basqı altında qalmadan, böyük zərbə almadan digər proseduralarına davam edə bilərsən. Həkimliyin, hələ beyin, ürək kimi böyük cərrahiyyələrin ən böyük xüsusiyyəti budur. Ona dayanma, onu həzm eləmə gücün olmalıdır. Gördüyün işdən qorxduğun zaman 100 nəfərdən 98-inə kömək edə bilməzsən. Bu qorxu səbəbindən 100 nəfərin 100-ünün də həyatını itirməsinə səbəb ola bilərsən.
Amma ölüm halını azalda da bilərsən. Xəstə seçiminə getsən, əlbəttə ki, bu baş verə bilər. Amma mənə görə, təbibliyin ən ülvi hissəsi, ən vacib olan məqamı çarəsi özündə ən çətin olan xəstəylə məşğul ola bilmə gücü tapmaqdır. Həkimlər arasında dəyərləndirməni biz belə aparırıq. Kim nə qədər ağır işi görə bilir və ağırlar içindən neçə nəfəri yaşada bilir. İtirilənlər deyil, yaşadılanlardır vacib olan.
"Məni qaralamağa çalışandan Azərbaycandan xaricə xəstə transferi ilə məşğul olanlardır”
- Çətin müdaxilədən danışmışkən, təxminən 1 il əvvəl mətbuatda haqqınızda ciddi ittihamlar yer almışdı. Əməliyyata götürməli olduğunuz uşaqdan imtina etmişdiniz. Yaşama şansının olmadığını bildirmişdiniz. Sonra xəbər yayıldı ki, o uşağı Türkiyədə əməliyyat ediblər. Bəs niyə onu yaşatmaqdan vaz keçdiniz?
-Bəzi məqamlar var ki, orada müzakirələrə girmək etik dəyərlərə zidd olur. O ittihamların forması yəqin ki, yadınızdadır: "Türkiyədə həkimlər güldü keçdi...”. Bizim cəmiyyət olaraq müsbət tərəflərimiz olduğu kimi, natamamlıq kimi xüsusiyyətimiz də var. Orada bir Azərbaycan həkimini aşağıya düşürmək üçün olan, illərdən bəri qalmış bir düşüncə tərzi var idi. Halbuki həmin Türkiyə məktəbi mənə bir söz desə, bu Türkiyənin öz ayıbıdır, çünki mən orada təhsil almışam. Normal təhsil sistemindən keçmiş adamlar öz kolleqaları haqqında xəbərsiz şəkildə xoşagəlməz fikirlər deməzlər.
Bundan başqa, araşdırma olmadan bir insanın ittiham olunması, xoş olmayan hadisədir. Çünki nəticə etibarilə bir nəfəri dünyanın ən pis obrazına çevirdiyin zaman, unutmaq olmaz ki, qarşında 2500 uşağı əməliyyat edib həyata qaytarmış bir adam var. 2500 nəfərin ailəsi gəlib ittihamçıdan hesab sora bilər. İkincisi isə mütləq bir şey yoxdur. Kiməsə deyirəmsə ki, bunun çarəsi yoxdur, cümləmin sonuna "Allahdan arzu edirəm ki, bir gün yanıma gəlib, yanıldığımı deyəsiniz” sözlərini artırıram. 12 ilə baxanda, görürəm ki, belə yazılar daha çox mən millət vəkili seçiləndən sonra başladı. Bu məsələlərdə bəlkə də siyasi arenaya girməyimin də rolu oldu.
Biz o uşağın sənədlərini çıxartırdıq, Türkiyədəki professorla əlaqə saxladıq. Yazılarda diaqnozun səhv olduğu deyilirdi.
Mən diaqnoz qoyan deyiləm, cərraham. Cərrahlar qoyulmuş diaqnozlara görə qərar verib, müdaxilə edir. Bilən adamlar baxsa, görər ki, qoyulan diaqnozlarda bir qram da o yan-bu yan yoxdur. Cümlə fərqi ola bilər, amma kardioloq baxdığı zaman bilir ki, eyni şeydir.
Biz uşağı əməliyyata almaq üçün xəstəxanaya yerləşdirmişdik. Ailəyə də əməliyyatın çox təhlükəli olduğunu, tam düzəltmənin mümkün olmadığını bildirmişdik. Son dəqiqədə ailəyə girəcəyimiz əməliyyatın mərhələli olacağını dedim. 2 və ya 3 əməliyyat da ola bilərdi. Əməliyyatdan çıxsa belə, bu uşaqların çox zaman gələcəyi olmur. İzah elədiyim vaxtda belə ailənin yanaşma tərzi və düşücələrinə baxanda, öz həkimliyimdən çəkindim. Mənim xəstə seçmə haqqım da var yeri gələndə. Halbuki eləməməyə çalışıram. O deyirlər e, şər insanlar var, mən ailənin özünə də baxanda, düşündüm ki, bu şər üstümdən uzaqlaşsın.
İttihamlarda istifadə olunan kəlmələrə şərh verməyə utanıram, ayıbdır.
Bu işin arxasında Azərbaycandan xaricə xəstə transferi ilə məşğul olub, onun üzərindən külli miqdarda qazanc əldə edən, buna görə də getdikləri mərkəzlərlə birləşib böyük bir şəkildə Azərbaycana qarşı hərəkət edən, qurunun yanında yaşı da yandıran güclər var. Xarici ölkələrdə dövlət xəstəxanaları deyil, özəl klinikalar bir ölkədə hansısa sahəyə yaranmış inamı qırmaq və özlərinin azalmış xəstələrinin- müştərilərinin sayını artırmaq məqsədilə onların işinə ən böyük əngəl yaradan şəxsləri hədəf seçirlər. O həkimləri öz ölkələrində qaralamaqla yenidən xəstə potensiallarını artırmağa çalışırlar. Azərbaycanda 4000, 5000, 8000 minə başa gələn əməliyyatların xaricdə 35-40 min avroya edilməsi yollarını açmaq üçün fürsət axtarırlar. Təəssüf ki, bəzi adamlar istəmədən bu kimi əməllərin alətinə çevrilirlər. Bəlkə də bunları söyləməyim etik deyil. Amma həmin o məsələnin altındakı reallıq bu idi. Həmin hadisəni sensasion şəkildə televiziya ekranına tökdülər, lakin sonradan sözügedən xəstəxana məndən buna görə üzr istədi. Bildirdilər ki, oyunun bu şəkildə olduğunu bilmirmişlər. Xəstəxanadakı professor dedi ki, illərdir, tanıyıram sizi, belə bir şey ola bilməz. Sadəcə yəqin ki, xəstəxana xidmətləri, xəstəxanaların reklam agentləri ilə vasitəçilər arasında olan bir hadisə idi. Bir fiqur tapandan sonra da sensasiyaya çevirməyə çalışdılar. Mən sosial şəbəkələrdə yoxam, amma mənə verilən məlumatlardan bilirəm ki, mənimlə bağlı hadisədə səhiyyəyə qarşı nə qədər neqativ var idisə, insanlar hamısını çölə tökmüşdülər. Onlar bəlkə də heç məni tanımırdılar.
Eyni yazı - 2016-cı ilin 31 martında çıxan yazı, 2017-ci ilin eyni tarixində yenə sosial şəbəkələrə töküldü. Özü də təzə hadisə kimi. Bu sifariş deyilsə, bəs nədir? Bu niyə idi? Çünki birinci hücumda xaricə gedən xəstələrin qarşısının indi bir miqdar azaldığını gördülər. İkinci hücum da Bakı Ürək Mərkəzinin açılışına təsadüf elədi. Əllərində başqa material yox idi deyə, köhnə yazıdan istifadə elədilər. Mərkəzin açılışı Azərbaycandan xaricə valyuta axınının qarşısını alacaq, səhiyyəyə yaranmış inamı daha da artıracaq. Yanılmış ola bilərəm, amma hadisənin içində olaraq hər şeyin fərqindəyəm. Həmin anda isə bunları dilə gətirməyi uyğun görmədim. Sən həkimsən və hamını xilas edə bilməzsən. Amma öz vicdanın qarşısında rahat olmalısan.
- Millət vəkilliyi məsələsindən söz düşmüşkən, onsuz da işləriniz kifayət qədər çoxdur, tanınırsınız, nüfuzlu həkimsiz. Niyə seçkilərə getdiniz? Deputatlıq nəyinizə lazım idi? Bu qədər işlə necə çatdırırsız?
-Adı üstündədir – millətin vəkili olursan. Bu sözün həm hüquqi, həm mənəvi dəyərlərini hiss edən insan üçün deyəcək bir söz olmamalıdır. Belə bir yüksək statusa layiq görülmək, insanlar tərəfindən seçilmək, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyinin irəli sürülməsi, seçki günü insanların reaksiyasını görmək qürurverici bir hadisədir. Biz şikayət edən deyil, həm də problemləri görüb, həlli istiqamətində hansısa addımları atan adamlar olmalıyıq. Çünki fransızın səhiyyəsini ingilis düzəltməyib. İngilisinkini də fransız. Sistemlər təkmilləşərək inkişaf edir. Hər şey də ali qanunverici orqandan başlayır. Səhiyyəyə tarix boyunca olan baxış, insanların sağlamlığı haqqında yazılan qanunlarda olan müddəalar, dünya praktikası ilə ölkəmiz arasındakı bənzərliklər, uzaqlaşmalar, sovetdən qalma düşüncələrin real tibbə tətbiqindəki əngəllər hardadır, bunu praktik həkimlərdən yaxşı heç kim bilə bilməz. Mən də bunu özümdə borc bildim ki, bu işlə məşğul olum. Uzaqdan baxıb bir şeydən şikayət etmək rahatdır, amma düşüb stadionda oynamaq lazımdır. Çətin, amma şərəfli qərar idi. YAP-ın başında cənab prezidentimiz durur, belə bir komandanın tərkibində olmaq, bunun da xalq tərəfindən dəstəklənməsi mənə həyəcanverici gəldi. İndi də görürəm ki, həyatımdakı ən doğru addımlardan birini atmışam. Önəmli olan gecə-gündüz hardasa çıxıb danışmaq deyil, önəmli olan hansısa tarixdə olacaq dəyişikliklərdə rol oynamaqdır. Bəzən praktik tibbdən uzaq olan zaman qanunvericilikdə verdiyin qərar reallıqla üst-üstə düşmür, tətbiq oluna bilmir. Son 15 il içərisində səhiyyə sahəsində olan qanun dəyişikliklərinin ən çoxu son 2 ildə olub.
- Milli Məclis iclaslarında niyə sizin çıxışlarınızı görmürük?
- Milli Məclis fərqli bir ortamdır. Adaptasiya müddəti var. Düşünürəm ki, stenoqramlara baxsaq bəs qədər çıxışlarım olub. Əsasən birmənalı olaraq Səhiyyə komitəsinin iclaslarında. Hətta tam tərsinə - məni bir az çox danışan üzv kimi qələmə verirlər. Amma mediayla bağlı bir incə məqamı tutmuşam – iclasların yarım saatını çəkib gedirlər. Mənim çıxışlarım da adətən sona qalır. Mənə görə çox danışmaqla çox şey həll olmur. Doğru zamanda doğru düşüncələrlə lazım olan addımları atmaq kifayətdir. Az-çox tibb sahəsində də təcrübəsi olan həkim kimi Milli Məclisdə də işlər görmə şansım olsa nə mutlu mənə ki, belə bir dönəmdən keçmiş olacağam. İradlarınızı nəzərə alaraq bundan sonra daha aktiv olmağa çalışacağam.
- Səhiyyə sistemində ciddi işlər görülməsi üçün layihə təklifləriniz olubmu?
- Əlbəttə. Ən böyük layihələrdən biri insan orqanlarının transplantasiyaları ilə bağlı idi. İlk olaraq gözün buynuz qişasının idxalına qərar verildi. Xüsusən anadangəlmə ürək qüsurlarında istifadə olunan ürək qapaqları damarlarının Azərbaycana gəlməsiylə əlaqədar qanunvericilik bazasında işlər gedir. Bundan əlavə, icbari tibbi sığortanın Azərbaycan modelinin yaradılması və bu model üzərində alternativ yolların seçilməsiylə bağlı düşüncələrim var. Davamlı şəkildə fikirlərimi bildirirəm. Komissiyalar qurmuşuq, işlər də davam edir. Bundan əlavə, Azərbaycanda "Stand for life” deyilən proqramın həyata keçirilməsiylə bağlı təkliflərimi vermişəm. Ürək-damar xəstəlikləri ilə mübarizə adı altında çox geniş bir proqramımız var. Hazırlıqlar gedir, dövlətin icbari tibbi sığortasına uyğunlaşdırma üzərində işçi qrupumuz işləyir. Azərbaycanda böyrək və qara ciyər transplantasiyasından əziyyət çəkən insanlarla bağlı da böyük layihəmiz var. Əvvəllər bunun ölkəmizdə həyata keçirilə bilməyəcəyini, xaricə gedilməli olduğunu deyirdiksə, mütəxəssis kimi tam məsuliyyətimlə deyirəm ki, Azərbaycanda böyrək və qara ciyər transpantasiyası Avropanın inkişaf eləmiş ölkələrinə yaxın bir səviyyədə həyata keçirilir. Sadəcə bu gün ən böyük problemlərdən biri bu əməliyyatların maddi tərəfidir. Bahalı əməliyyat olduğundan insanlar tərəfindən ödənilməsində çətinlik olur.
Hansısa vacib dövlət proqramlarıyla məşğul olan zaman mən də 1 saatlıq da olsa öz cərrahlıq işimdən ayrılıram, başım başqa şeylərə qarışır. Bu baxımdan millət vəkilliyi bəlkə də öz sağlamlığım üçün də müsbət təsir göstərir. Başqa işlə məşğul olma insana əvvəlcə stress kimi görünə bilər, amma görürsən ki, əslində istirahət edirsən. Mən deputat kimi fəaliyyət göstərəndə dincəlirəm. Davamlı gördüyün işdən fərqli iş görürsən və o işdə də faydalı olduğunu, görə biləcəyin işlərin effektliliyinin nə olacağını düşünüb, dövlətin səhiyyə siyasətinə xırda da olsa faydan olduğunu hiss etdiyin zaman deyirsən ki, nə gözəl ki, bu dünyadayam, nə gözəl ki, Azərbaycanda doğulmuşam.
- Bəs seçicilərinizlə nə vaxt görüşürsünüz?
- 2 aydan bir 2-3 günlük görüşlər təşkil edirik. Seçicilərim məndən çox razıdır. Ən azından 16 yaşına kimi yaşadığım torpağa gedib, onlarla görüşmək mənim üçün keçmişimə dönmək deməkdir. Mən bundan zövq alaraq edirəm. Bir uşaq palçıqlı yolla məktəbdən evə qayıdırsa, o, çəkdiyi hissləri ifadə etməmişdən əvvəl mən onun nələr keçirdiyini bilirəm. 2 aydan bir geniş tərkibli görüşlərim olur. 2-3 günümü seçicilərimlə görüşümə həsr edirəm. Özüm də olmayanda əlbəttə ki, nümayəndələrim var orada. Davamlı şəkildə rayonla maraqlanırlar. Mən seçilmədən əvvəl də demişdim ki, kiminsə şəxsi problemlərini həll etmək üçün millət vəkili olmuram. Əgər buna görədirsə, mənə heç səs verməyin. Mən şəxsi problemlərin həllinə söz verə bilmərəm. Qlobal olan hadisələrə dəstək verə bilərəm, hansısa imkanlar daxilində şəxsən kiməsə kömək etmək ayrı məsələdir. Ola bilər, amma köməklik olunmazsa, buna görə kimsə də məni günahlandıracaqsa, o zaman səs verməmələrini xahiş etmişəm. Problemi olan insanların ilk növbədə hüquqi köməyə ehtiyac var və bu köməklə də onları təmin etməyə çalışırıq.
Səhiyyə səfiri kimi seçildiyim rayondan deyil, bütün ölkədən müraciətlər olur. Bilirlər ki, səhiyyə sahəsində olan problemlərə əlimizdə olan imkanlar daxilində maksimum şəkildə yardım edirik. Sərhəd bölgələrində qonşu ölkələrə axınlar çox idi, amma bu gün axınların qarşısını almaq imkanımız oldu. Onlar Azərbaycanın dəyərli həkimlərinin olduğunu gördülər.
- Dəyərli həkimlərdən danışdınız, amma hamı yaxşı bilir ki, bu sahəni alverə çevirən, məqamından sui-istifadə edən xəstəxanalar və həkimlərin də sayı kifayət qədərdir. Arabada təcili xəstə gətirilir, amma xəstəxananın foyesində xəstə yiyəsi ilə pul davası aparılır. Bunun hər birimiz şahidi olmuşuq. Belə xəstəxana və həkimlərlə bağlı ciddi tədbirlər görülməlidirmi?
- Biz işin görünən tərəfindən danışırıq. Amma gəlin baxaq: belə situasiya varsa, niyə var? Azərbaycan qanunlarında xüsusən də dövlət xəstəxanalarında təcili olan hər bir xəstəyə sorğusuz-sualsız müdaxilə edilməlidir. Bunun fərqində olmayan insanlar bundan uzaqlaşa bilərlər. Bu, çünki təkcə həkim məsələsi deyil, xəstəxananın özünün yanaşma şəklidir. Sovetlər birliyi qurulanda ilk səhiyyə naziri Semaşko olub. Onun ilk böyük dövlət tədbirində dediyi kəlmə var: "Deyirlər ki, həkimlər savadından, işindən asılı olmayaraq hamısı 120 rubl maaş alsın? Deyir ki, pis həkimə 120 rubl da çoxdur, yaxşı həkimi isə xalq dolandırır, onun dövlətin maaşına ehtiyacı yoxdur”. Bu cümlə sovet tibbinin ən böyük bəlası olub. Çünki tibb həkimə verilən maaş deyil. Səhiyyə dediyin xidmətdir. Səhiyyə həkim tərəfindən fikirləşilməməlidir. Səhiyyə sisteminin inkişafı təkcə həkimin maaşı deyil. Ləvazimatların alınması, texnologiya gətirildikdən sonra onun tətbiqi, tədqiqatların aparılması və s. Bir dərmanın tədqiqatının aparılması 10-20 min pul xərclənir. O rəqəmlərin olduğu ölkələrdə tibbə verilən qiymət kimi, onu tətbiq edən insanlara da verilən dəyər yüksək olur. Son 20 il içərisində Azərbaycan postsovetlər içərisinsə səhiyyəsi ən sürətlə inkişaf edən ölkədir. İcbari tibbi sığortanın tətbiqindən sonra bunun ən yüksək səviyyəyə çatacağına inanıram.
Əfsuslar olsun ki, hələ də uyğun olmayan hadisələrin şahidi oluruq. Bu işlərə doğru yanaşmaqla düzəldə bilərik. Bunları sadəcə həkimin üzərinə yıxmaqla düzəldə bilmərik. Həkimin ən böyük uğuru özünü xəstənin yerinə qoya bilməsidir. Amma yeri gələndə xəstə də özünü həkimin yerinə qoymağı bacarmalıdır. Onların öz sənətini xəstəyə çatdıra bilməsi üçün var olan əngəlləri yıxmaq, dəstəyi isə saxlamaq lazımdır.
- Səhiyyənin inkişafı və ən əsası bu kimi halların olmaması üçün ilk növbədə həkimin maaşı qalxmalıdır?..
- Maaşın artırılması vasitələrdən biridir. Səhiyyənin inkişafı üçün səhiyyə xidmətini verən bütün insanların təhsil sistemini bacardıqca mükəmmələ doğru dəyişdirmək lazımdır. Yetəri qədər bilgiyə sahib olmayan bir insana daha çox pul versən nə ala bilərsən ki? Həm də maaşı qaldırmaq lazımdır, həm də lazım olan texniki bazasını və gündəlik sərf etdiyi dərmanlar. Bunları qlobal olaraq düşünüb addım atmaq lazımdır.
Sadəcə xəstə xoşbəxt olsa, həkim olmasa nəticə almaq mümkün deyil. Sonuncu iclasda da dedim: Azərbaycanda xəstə haqları ilə bağlı çox söhbət gedir. Amma həkim haqlarının olmadığı yerdə xəstə haqlarından danışmaq olmaz. Bunu eyni anda düşünmək lazımdır. Sən uzaq başı həkimi öz sənətini atmağa məcbur edəcəksən, bununla nə qazanacaqsan? Haqq dediyin qarşılıqlı olur. Haqq dediyin sərhədlərdir, səninkiylə mənimki eyni olmalıdır. Bundan o tərəfə keçmək olmaz. Bu səbəbdən xəstə haqlarıyla bağlı qanunlardakı dəyişikliklərin həkim haqları ilə paralel aparılması məsələsini qabartmışıq. Yoxsa qanun olar, nəticə verməz. Dəyərli, potensiallı səhiyyəçilərin bu sənətdən uzaqlaşıb başqa işlərlə məşğul olmasını gözə ala bilmərik. Həkimlik sənəti ilə məşğul olan insanlar nə qədər ön plana çıxarsa, bizim övladlarımız da bundan örnək götürüb, o sənətə getmək istəyər.