Böyük Britaniya hökuməti koronavirusa qarşı maksimum məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə qərar verib.
Medicina.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu ölkənin Səhiyyə naziri Mətt Henkok mətbuat konfransında deyib.
Nazir bildirib ki, koronavirusun mutasiya etmiuş yeni növünün sürətlə yayılması səbəbindən dekabrın 26-dan etibarən krallığın əsasən cənub-şərqində maksimum məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək: “Milad dövrü və 2021-ci ilin başlanğıcı çətin olacaq. Koronavirusun yeni variantı daha sürətlə yayılır və bu da COVID-19 ilə mübarizəni daha da çətinləşdirir. Bununla birlikdə, təslim olmamalıyıq, bu virusa nəzarət edə bilərik”.
Sərtləşdirilmiş məhdudiyyətlər 24 milyon insanı – ölkə əhalisinin 43 faizini əhatə edəcək.
Son bir həftədə ölkədə aşkarlanan yoluxma sayı əvvəlki yeddi günə nisbətən, təxminən 60 faiz artıb.
Qeyd edək ki, Fövqəladə Hallar üzrə Elmi Məsləhət Qrupunun son hesabatında virusun yayılma sürəti açıqlanıb. Bildirilib ki, yeni növ virusa yoluxan 10 nəfər daha 11-13 nəfəri yoluxdurmağı bacarır.
Məlumat üçün bildirək ki, Britaniya Avropada İtaliyadan sonra ikinci ən çox ölüm hadisəsinin (68.3 min) qeydə alındığı ölkədir. Yoluxma sayı isə 2.11 milyonu keçib.