Natiq Cəfərli: "Maaşlarla qeyri-rəsmi ödənişlər arasında ciddi fərq olması tibbi sığortaya keçid üçün problem yaradır”
"2018-ci ildə Azərbaycanda icbari tibbi sığortanın tətbiq olunacağı rayonların siyahısı genişlənəcək”. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə, icbari tibbi sığortanın yalnız 2019-cu ildə bütün ölkədə tətbiqindən danışmaq olar: "Pilot layihələr uğurla icra olunur. Pilot layihənin davam etdirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Maliyyə naziri qeyd etdi ki, əlavə olaraq bir neçə rayonda da icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulub. Hansı rayonlar bu siyahıya əlavə olunacaq onu deyə bilmərəm. Bu ilin əvvəlində məlum olacaq”.
Millət vəkili qeyd edib ki, icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqi üçün mexanizmlər hazırlanır: "Eyni zamanda qanunvericilikdə dəyişikliklərin edilməsi gözlənilir. Yaxın vaxtlarda ”İcbari tibbi sığorta haqqında" Qanuna əlavə və dəyişikliklər olunacaq ki, bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə tam hazır olaq".
Qeyd edək ki, icbari tibbi sığorta pilot layihə olaraq Mingəçevir və Yevlaxda tətbiq olunur.
Bəs görəsən, icbari tibbi sığortanın əhali üçün hansı üstünlükləri olacaq?
"Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, icbari tibbi sığorta sosial müdafiənin bir formasıdır: "Bu hansı formada tətbiq olunmasından asılı olmayaraq, vətəndaşları xeyli maddi yükdən azad edir. Ona görə də onun vaxtında tətbiqi çox mühümdür. Bu prosesin mərhələli həllinə gəlincə, imkanlar artdıqca tibbi xərclərin tam şəkildə dövlət tərəfindən ödənilməsi zaman məsələsidir. Türkiyənin özündə də belədir ki, xərclərin bir hissəsi vətəndaş, digər hissəsi dövlət tərəfindən ödənilir. Tədricən bu məsələlər öz həllini tapır. Bizdə də ümumi vəziyyəti nəzərə alaraq, bunu mərhələli şəkildə tətbiq etmək lazımdır. Bunun tətbiqində mən bir maneçilik görmürəm. Əhali tibbi xərclərdən ya tam şəkildə, ya da ən azından müəyyən hissəsindən azad olacaq. Bu da çox ciddi bir məsələdir”.
İqtisadçı ekspert Natiq Cəfərli isə icbari tibbi sığortanın tətbiqinin sosial-iqtisadi tərəflərindən danışdı. Ekspert bildirdi ki, icbari tibbi sığortanın 2019-cu ildə də tətbiqinə inanmır: "Biz artıq dəfələrlə bu tipli bəyanatlar eşitmişik. Hər il bəyan olunur ki, icbari tibbi sığorta gələn il mütləq tətbiq olunacaq. Artıq bir neçə ildir ki, bu ertələnir. Hətta pilot bölgələr təsbit olundu, Mingəçevir və Yevlaxda belə bu məsələ sona kimi öz həllini tapmadı. Hələ insanların hamısının icbari tibbi sığortası yoxdur. Səbəblər isə müxtəlifdir: işsizlik səviyyəsinin yüksək olması, insanların rəsmi gəlirlərinin aşağı olması və icbari sığortaya keçid üçün ödənişlərin mənbəyində problem olması və sair... Bütün bu səbəblər məsələnin həllini illərdir uzadır. İcbari tibbi sığorta ilə bağlı ilk qərar 17 il öncə verilmişdi. Ancaq hələ də bu sistemə keçid baş tutmayıb”.
N.Cəfərli onu da diqqətə çatdırdı ki, maliyyə mənbələrinin olmaması da prosesi ləngidən əsas səbəblərdən biridir: "İcbari tibbi sığortaya keçmək üçün əmək müqavilələri qaydasında olmalıdır. Çox təəssüf ki, Azərbaycanda bir çox sahələrdə rəsmi maaşlarla qeyri-rəsmi ödənişlər arasında ciddi fərq var. Bu da icbari tibbi sığortaya keçid üçün problem yaradır. İkinci məsələ maaşların, ümumiyyətlə, az olmasıdır. Vətəndaşların çox az hissəsi başa düşür ki, icbari tibbi sığorta nə deməkdir, bunun üstünlükləri nədən ibarətdir. Bunlar vətəndaşa izah edilməyib. Bu çox vacib məsələdir. Vətəndaşın marağı olmasa bu sistemin oturuşması üçün imkanlar məhdud olacaq. Orta əmək haqqı səviyyəsini götürsək, deyə bilərik ki, Azərbaycanda yüz minlərlə insan ayda 250-300 manat əmək haqqı alır. Bu maaşdan hər ay tibbi sığortaya ödəniş etmək üçün məbləğin az olması da bu işi tormozlaya bilər. Bəzi ölkələrdə belə bir praktika mövcuddur ki, vətəndaşın ödədiyi qədər məbləği dövlət də ödəyir. Məsələn, vətəndaş hər ay icbari tibbi sığortaya 10 manat ödəniş edirsə, dövlət də 10 manat ödəyir və sığorta şirkətləri də müqavilələrin bağlanmasında maraqlı olur ki, daha çox ödənişlər olunsun” .
İqtisadçı onu da vurğuladı ki, bu istiqamətdə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var: "Bəzi ölkələrdə işəgötürənlərlə bağlı da stimullaşdırıcı addım var ki, işəgötürən əmək müqaviləsinə uyğun olaraq tibbi sığortanın bir hissəsini vətəndaşın əvəzində ödəyir, bunun yerinə vergi güzəştləri və ya ödənişlərdə müəyyən üstünlüklər qazanır. Azərbaycanda bu stimullaşdırıcı mexanizmlər işlənib hazırlanmayıb. İkinci problem odur ki, idarəetməyə hansı modelə keçiriləcəyi ilə bağlı yekdil fikir yoxdur. İcra strukturlarında hələ də səhiyyə idarələri qalmaqdadır. Bu da paralelliyə yol açır, həm icra strukturlarında qalır, həm Səhiyyə Nazirliyinin nəzarət mexanizmi olur. Bu paralelliyin aradan qaldırılması üçün birdəfəlik addımın atılmaması icbari tibbi sığortada maraqların toqquşmasına səbəb olur. Bu kimi iqtisadi və idarəetmə problemləri aradan qalxmasa, icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqi və effektiv işləməsi çox çətin olacaq”.