Bakıda gənc qızın xəstəxanada vəfat etməsi ilə bağlı cinayət işi açılıb.
Medicina.az xəbər verir ki, Bakı şəhər prokurorluğundan lent.az-a bildirilib ki, noyabrın 30-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən "Grand Hospital” tibb mərkəzində 1997-ci il təvəllüdlü Mirzəyeva Ayşən Müşviq qızı üzərində keçirilmiş əməliyyatdan sonra səhhəti ağırlaşaraq koma vəziyyətinə düşüb və dekabrın 5-də vəfat edib.
Bununla bağlı daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. A.Mirzəyevanın ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertiza təyin edilib. Hazırda iş üzrə Səhiyyə Nazirliyinin yüksək ixtisaslı mütəxəssislərinin iştirakı ilə müvafiq araşdırmalar davam etdirilir.