..."Uşağı pis vəziyyətdə xəstəxanaya çatdırdıq. İranda, Türkiyədə müalicə etdirmişdik, dərdinə əlac tapılmamışdı. Ötən həftənin 4-cü günü əməliyyat etdilər, indi evə aparırıq, vəziyyəti yaxşıdır”.
Medicina.az xəbər verir ki, bunu Bakı şəhər sakini Səkinə Süleymanova deyir.
Süleymanovanın yeganə övladı yol qəzasında dünyasını dəyişib. Bundan sonra 3 yaşlı nəvəsini himayəsinə götürüb. Sentyabrda uşaq xəstələnib, özəl klinikaların birində çalışan tanınmış pediatra göstəriblər. Həkim deyib ki, uşaq soyuqlayıb, qalın geyindirmək lazımdır, tez-tez tərləsin. Bir neçə dərman yazıb. Təxminən 10 günlük müalicənin xeyri olmayib. "Körpə nəfəs ala bilmirdi. Tanışların məsləhəti ilə İrana apardıq, Ərdəbildə ciyərlərin ikitərəfli pnevmoniyası diaqnozu qoydular, antibiotik yazdılar”, - Süleymanova başına gələnləri danışır.
Budəfəki müalicənin də nəticəsi olmayıb, qohum-tanış pul toplayıb, uşağı Türkiyənin Manisa şəhərindəki xəstəxanaya müayinəyə aparıblar.
Amma Süleymanovanın ağlına da gəlməzdi ki, nəvəsinin dərdinə Türkiyədə deyil, Bakıda - Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına əlac tapacaqlar. O da ağlına gəlməzdi ki, bakılı həkimlərin uğurlarından Türkiyədə, bu ölkənin qəzetlərindən xəbər tutacaq, çəkdiyi əziyyətlərə, borc edib xərclədiyi pullara təəssüflənəcək. "Həkim Özgür Ataf soruşdu ki, Bakıda hansı xəstəxanada müayinə ediblər. Sonra Türkiyə qəzetində azərbaycanlı həkimlərlə bağlı yazını göstərdi. Doğrusu, bir az da maddi imkansızlıqdan Bakıya qayıtdım, xəstəliyin əsl səbəbini burda tapdılar”.
MRT müayinəsi zamanı uşağın ağciyərində yad cisim aşkarlanıb. Məlum olub ki, uşaq anasının boyunbağısını oynadarkən qırıb, balaca mirvari muncuqlardan birini udub, muncuq ağciyərinə düşüb. Və aylardır davam edən halsızlıq, təngnəfəslik, qızdırma da məhz buna görə imiş. 40 dəqiqəlik əməliyyatla yad cismi heç bir fəsad olmadan ağciyərdən çıxarıblar.
...Əbülfəz Qarayev adına 2 saylı uşaq xəstəxanası çoxprofilli olduğundan, respublikanın bütün bölgələrindən meningit, astma, burun-boğaz, yaxud mədə-bağırsaq infeksiyaları ilə ağır xəstələr məhz bura gətirilir, il ərzində müraciətlərin sayı 10 mini ötür. Gün ərzində müxtəlif xəstəliklərdən əziyyət çəkən onlarla azyaşlıya tibbi xidmət göstərən xəstəxananın fəaliyyəti ilə bağlı baş həkim Azər Xudiyev haqqin.az-a məlumat verib.
Sətəlcəm, xüsusi təhlükəli xəstə, yaxud...
Xəstəxana iki korpusdan ibarətdir, ayrıca ultrasəs, rentgen müayinə kabinetləri, laboratoriya şöbəsi var. Bütün müayinə otaqlarında rəqəmsal texnologiya əsaslı avadanlıqlar quraşdırılıb.
Birinci korpusdakı qəbul şöbəsi onlayn rejimdə işləyir, xəstə daxil olan kimi müayinə edilir, diaqnozu müəyyənləşdirilir, kompüterdə qeydə alınır. Sonra müraciətlər təyinatı üzrə şöbələrə, eyni zamanda Səhiyyə Nazirliyinin statistika şöbəsinə ötürülür. "Əvvəllər sənədləşdirmə işləri vaxt aparırdı, indi xəstə şöbəyə getmədən artıq həkim diaqnozu, müayinələrin nəticəsini bilir”, - A.Xudiyev məlumat verir.
Qəbul şöbəsinin müdiri Şəhla Quliyeva isə deyir ki, nazirlik xəstəxananı dərmanla tam təchiz edir. Bəzən xəstəyə ilk yardım göstərməyə məcbur olurlar, dərman problemi yaşanmır.
Qəbul şöbəsinin yaxınlığında daha bir otaq var, qapısı birbaşa küçəyə açılır. Şöbə müdiri deyir ki, xüsusi təhlükəli infeksiya və ya yoluxucu xəstəliklər şübhəsi olan uşaqlar qəbul şöbəsində deyil, bu otaqda müayinə olunurlar. Otaqda havalandırma sistemi işləyir, belə xəstələrlə təmasda olan tibb heyəti xüsusi təhlükəsizlik qaydalarına riayət edirlər. "Xəstə tam müayinə edilir, diaqnoz qoyulandan sonra qərar verilir. Məsələn, yoluxucu xəstədirsə, təyinatı üzrə şöbəyə, yaxud digər xəstəxanaya köçürülür, yoluxucu xəstə olmadıqda palataya yerləşdirilir. Otaq gündə bir neçə dəfə dezinfeksiya edilir”, - Quliyeva deyir.
İldə 10 mindən çox xəstə
Ötən il xəstəxanada müayinə və müalicə edilən azyaşlıların sayı 10 min 269 nəfər olub. Bu ilin 11 ayında isə 9 minə yaxın uşaq müayinədən keçib, müraciətlərin 30 faizi regionlardan gətirilən xəstələrin payına düşür. Baş həkim deyir ki, meningit xəstəliyini müalicə edən şöbə respublikada yalnız bu xəstəxanadadır. Həmçinin mürəkkəb burun-boğaz əməliyyatları da burda icra edilir.
Xəstəxana eyni zamanda Tibb Universitetinin tədris bazasıdır, universitetin 3 kafedrasının filialı bu xəstəxanada yerləşir. Azər Xudiyev əlavə edir ki, ağır əməliyyatlarda müəllimlərin də tövsiyələri öyrənilir.
Mövsümi xəstəliklər, qripin ağırlaşması
Müraciətlərin əksəriyyəti mövsümi xəstəliklərdən sonra ağırlaşmalarla bağlıdır. Xudiyev bildirir ki, fəsil dəyişkənliyi ilə əlaqədar virus infeksiyaları yayılır. Ağırlaşmalar isə daha çox valideyn səhlənkarlığından baş verir: "Uşaq tam sağalmadan bağçaya, məktəbə göndərilir. Nəticədə, həm başqalarını yoluxdurur, həm də öz vəziyyəti ağırlaşır”.
Qəbul şöbəsində müayinə olunan 8 yaşlı uşağın vəziyyəti ilə maraqlanır. Bəlli olur ki, uşaq qrip olub, həkimə göstərmək əvəzinə isti geyindirib, dərsə göndəriblər. Uşaq palataya yerləşdirilir.
Xudiyev əlavə edir ki, qışda pnevmoniya, yayda isə mədə-bağırsaq infeksiyaları ilə müraciətlər çoxalır. Çünki yayda qida gigiyenasına əməl edilmir, valideyn məsuliyyətsizliyinin zərərini uşaqlar çəkirlər.
Ağciyərdə, qida borusunda yad cisim...
Valideyn məsuliyyətsizliyini qeyd etmişkən, xüsusilə azyaşlıların burun, udlaq, tənəffüs orqanlarında, yaxud yemək borusunda yad cisimlərlə bağlı müraciətlərdən də məlumat verək. Baş həkimin sözlərinə görə, ayda ən azı 10 uşaq bu kimi səbəblərdən əməliyyat edilir. Məsələn, 2 gün əvvəl Naxçıvandan ağır vəziyyətdə gətirilmiş 4 yaşlı uşağın ağciyərindən iri qoz ləpəsi çıxarılıb. Ötən həftə daha bir uşağın tənəffüs orqanlarından qəpik, digərindən açıq halda udulmuş sancaq, başqa birindən gözmuncuğu çıxarılıb: "Uşaq qələmin başını damağı ilə əzib, təxminən 3 santmetrlik hissəni qıraraq udmuşdu. Bəzən balacanın boynuna bəzək əşyası taxırlar, necə dəfə tənəffüs orqanlarından kulon çıxarmışıq, yaxud sancaqda gözmuncuğu asırlar, uşaq sancağı udur. Amma daha çox qəpik udurlar. Valideyn deyir ki, sakitləşməsi üçün qəpik verdim, baxdım ki, udub”.
Digər xəstəxanalardan fərqli olaraq yad cisim udan uşaqları məhz bu xəstəxanaya gətirirlər. Çünki yad cisimlərin çıxarılması xüsusi peşəkarlıq tələb edir. Onu da qeyd edək ki, uşaqların udduğu cisimlərin çıxarılması mürəkkəb əməliyyatdır. Səs yarığınadan keçirməklə, bronxun, ağciyərin içərisindəki qalıqları götürülür. Yad cisimlərin çıxarılması balaca, kiçik endoskopik aparatların köməyi ilə həyata keçirilir.
Bakıda bir neçə həkim bu əməliyyatı yerinə yetirə bilir. Onlardan biri də Azər Xudiyevdir.
Atılmış uşaqlar...
Küçədə tapılan, yaxud valideynləri tərəfindən imtina edilən uşaqlar uşaq evinə yerləşdirilmədən əvvəl xəstəxanaya göndərilir. Xəstəxanada hərtərəfli müayinə edilirlər, hepatit virusları, sifilis yoxlanılır, ehtiyac olduqda müalicə edilir, sonra uşaq evinə yerləşdirilirlər. Baş həkim reanimasiyada yerləşdirilmiş daun sindromlu 10 aylıq körpəni göstərir. "Uşaq daun sindromu ilə doğulduğundan valideynləri imtina edib. Artıq ikinci dəfədir bizim xəstəxanada müalicə alır, pnevmoniyadır. Ümumilikdə, il ərzində 55-60 atılmış uşağı müayinə, müalicə edirik”, - Xudiyev deyir.
Xaricə getməyə ehtiyac qalmayıb
Baş həkim onu da əlavə edir ki, rəhbərlik etdiyi xəstəxanada profil üzrə bütün əməliyyatlar icra olunur. Məsələn, il ərzində təxminən 3 minə yaxın badamcıqların xaric edilməsi əməliyyatı həyata keçirilir. "Burun, boğaz əməliyyatları üçün İran, Türkiyə və ya digər ölkələrə getməyə ehtiyac yoxdur. Amma xarici ölkələrə əməliyyat üçün gedənlər adi bir cərrahiyyə əməliyyatının da fəsadının ola biləcəyini bilməlidirlər. Məsələn, el arasında "qlanda” kimi tanınan badamcıqların götürülməsi əməliyyatından sonra qanaxma baş verə bilər. Bu xəstəxananın nəzdində isə ayrıca LOR şöbəsi var. Bütün xəstələr əməliyyatdan sonra həkim nəzarətində qalırlar, evə yazılandan sonra belə günün istənilən saatında müraciət edib, məsləhətləşirlər”, - baş həkim deyir.
Bu xəstəxana uşaqlar üçün təcili və təxirəsalınmaz yardım da göstərir. Belə ki, mərkəzi rayon xəstəxanalarının stasionarları gündüz 3-dən sonra işləmirlər. Bu xəstəxanada isə növbətçi həkimlər üçün ayrıca ştat var. Gün ərzində burun qanaxmaları, kəllədaxili xəstəliklər, travmalar, qəzalar zamanı xəsarət alan onlarla uşağa yardım edilir...