Bakı Ürək Mərkəzində ürək-damar cərrahı, t.ü.e.d. Dr. Rəşad Mahmudovun rəhbərliyi altında ürək-damar cərrahı Natiq Mirzəyev tərəfindən çəkisi 2,5 kq olan körpədə uğurlu əməliyyat icra olunub.
Xəstə 7 aylıq doğulub və 2 ay ərzində təkrarlanan pnevmoniyaya görə xəstəxanada müalicə alıb. Bakı Ürək Mərkəzinə müalicə ilə keçməyən ciddi təngnəfəslik, ürək çatışmazlığı ilə müraciət edilib. Təcili əməliyyata götürülüb. Hazırda xəstənin ümumi vəziyyəti stabildir.
Qeyd edək ki, son iki həftə ərzində Bakı Ürək Mərkəzində çəkisi 4 kq-dan az olan yenidoğulmuş azçəkili üç körpə üzərində uğurlu ürək əməliyyatları tətbiq olunub.
Ürək qüsurlu yenidoğulmuşların sağlamlığının qorunması istiqamətində dövlətimiz tərəfindən əsaslı tədbirlərin həyata keçirildiyini vurğulayan millət vəkili Rəşad Mahmudov artıq azçəkili körpələr üzərində də belə mürəkkəb ürək əməliyyatlarının aparılmasını ölkə səhiyyəsinin uğuru hesab etdiyini bildirib.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı