Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə təhsil müəssisələrində yeniyetmə və gənclərin sağlam həyat tərzi, reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması, təhlükəsiz cinsi davranış vərdişlərinin formalaşdırılması istiqamətində maarifləndirmə tədbirləri davam edir.
Oktyabrın 26-də İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda növbəti tədbir təşkil olunub.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi, həkim Zümrüd Kazımova təqdimatla çıxış edərək, erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi və erkən nikahların fəsadları barədə ətraflı məlumat verib. O, erkən nikah hallarının ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olmasından söz açıb. Z.Kazımova erkən yaşda qurulan nikahların 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərdiyini və bu səbəbdən gələcəkdə ailədaxili zorakılıq hallarının artması ilə nəticələndiyini qeyd edib.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva çıxış edərək, erkən nikahların ailə quran şəxslərə, onların uşaqlarına ümumilikdə isə ailə quruluşuna və bütövlükdə cəmiyyətə mənfi təsir göstərməsi barədə danışıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici materiallar təqdim olunub.