Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Aztibb.az xəbər verir ki, bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.
Bu ildən etibarən işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın tibb xidməti və müalicə müəssisələri fəaliyyətə başlayır.
Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq Əmrinə əsasən, 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə yeni yaradılmış xəstəxanalarda peşə fəaliyyəti zamanı xüsusi fərqlənən, eyni zamanda Türkiyədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərmək məqsədilə qardaş ölkəyə ezam olunmuş bir qrup tibb işçisi qüsursuz və səmərəli fəaliyyətlərinə görə Fəxri fərmanla təltif olunub.