Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

16 oktyabr Ümumdünya anestezioloqlar günüdür - Səhiyyə nazirliyinin baş anestezioloqundan açıqlama

  • 2018.10.16 16:03
  • 11478 Baxış
16 oktyabr  Ümumdünya anestezioloqlar günüdür -  Səhiyyə nazirliyinin baş anestezioloqundan açıqlama
Tarixən təbabətin ən mürəkkəb və çətin məsələlərindən biri cərrahi əməliyyatlar zamanı ağrıya qarşı mübarizə olub. Keçmişdə aparılan cərrahi əməliyyatlar zamanı bir çox hallarda ya əməliyyat lazımi səviyyədə icra edilmirdi, ya da xəstələr əməliyyat zamanı əməliyyat stolunda ağrı şokundan dünyalarını dəyişirdilər.

 

Belə olan halda əməliyyatların ağrısız icrası üçün bir çox primitiv yollara, bəzi hallarda isə tətbiqi dəhşətli yaxud gülünc görünən vasitələrə əl atmalı olurdular. Bu üsullar bu günə kimi müxtəlif tarixi vəsaitlərdə qorunub saxlanılır.

 

Medicina.az xəbər verir ki, bu günün tarixinə dair məlumat verən Səhiyyə Nazirliyinin Baş anestezioloq-reanimatoloqu, tibb üzrə fəlsəfə doktoru, Aydın Qədirovun sözlərinə görə, o zamanlarda aparılan uzun illərin axtarışlarından sonra 1846-cı ilin oktyabr ayının 16-da diş həkimi Uilyam Tomas Morton Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatının Boston şəhərinin mərkəzi xəstəxanasında tibb tarixində ilk dəfə olaraq boyun şişinin cərrahi əməliyyatının ağrısız icrası üçün efir narkozunu tətbiq edərək, anesteziologiyanın əsasını qoyur.

 


 Məhz həmin gün Ümumdünya anesteziya günü (World Anaesthesia Day) kimi qeyd edilir. 16 oktyabr günü bütün dünyada cərrahiyyənin inkişaf tarixinin başlanğıcı günü kimi qeyd olunur.


 Bundan sonra anesteziyanın aparılması üçün müxtəlif dərman preparatları – anestetiklər, neyrotrop, psixotrop, trankvilizatorlar, narkotiklər, relaksantlar və sair dərmanlar kəşf edilməyə , müxtəlif aparat və cihazlar, digər texniki avadanlıqlar və vasitələr yaradılmağa başlayır.


Bu gün insan orqanizminin bütün nahiyyələrində, orqanın bütün hissəsində istənilən kiçik və iri həcmli hətda ən incə orqanda belə əməliyyatları təhlükəsiz həyata keçirmək mümkündür.


Hal-hazırda Respublikamızda ən mürəkkəb əməliyyatların həyata keçirilməsi məqsədi ilə anesteziya dünya standartları səviyyəsində təşkil olunur. Bu gün Respublikamızın böyük şəhərləri ilə yanaşı regionlarda da, habelə ən ucqar ərazilərdə də yüksək səviyyədə maddi-texniki bazaya malik xəstəxanalar tikilərək, lazımi aparat və cihazlarla, dərman preparatları ilə təchiz edilib. Xəstəxanaların hər birində bir yaxud bir necə əməliyyat otaqları quraşdırılıb. Hətda rayon xəstəxanalarında ən ciddi əməliyyatların aparılması üçün müxtəlif üsulla anesteziyaların tətbiqinə şərait yaradılıb.


Müasir dövrdə əsas məsələlərdən biri də kadr potensialının yaradılması və onların peşəkarlıq səviyyəsinin daim yüksəldilməsidir. Hazırda bu sahədə öz vəzifəsinin icrasında yüksək peşəkarlıq nümayiş etdirən böyük anestezioloq-reanimatoloq ordusu formalaşıb.


Dövlətimiz və Səhiyyə Nazirliyi tərəfindən bu istiqamətdə ciddi işlər görülüb və bu işlər bu gün də davam etməkdədir. Həkim anestezioloq-reanimatoloqların peşəkarlıq səviyyələrinin artırılmasında Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Institutunun anesteziologiya və reanimatologiya kafedrasinin, böyük tibb müəssisələrinin müvafiq şöbələrinin danılmaz rolu var.


Bunun nəticəsidir ki, Respublikamızda icra edilən ən ciddi və iri həcmli əməliyyatların anestezioloji-reanimatoloji təminatını məhz yerli anestezioloq-reanimatoloqlar həyata keçirir və xaricdən bu sahəyə aid olan hər hansı mütəxəssislərin dəvətinə ehtiyac duyulmur

 

Respublikamızın anesteziologiya-reanimatologiya sahəsi istər maddi-texniki vəziyyəti, aparatlar və cihazlarla təchizatı, dərman vasitələri ilə təminatı, istərsə də kadr potensialının səviyyəsi Dünya standartlarına müvafiqdir və dünyanin inkişaf etmiş ölkələrinin səviyyəsindən geri qalmır.
16 oktyabr  Ümumdünya anestezioloqlar günüdür -  Səhiyyə nazirliyinin baş anestezioloqundan açıqlama