150-ə yaxın pasient ödənişsiz parodontoloji müayinələrdən keçdi (FOTO,VİDEO)
150-ə yaxın pasient ödənişsiz parodontoloji müayinələrdən keçdi (FOTO,VİDEO)
2019.05.14 11:06
5488 Baxış
Ölkəmizdə 12 may 2019-ci il tarixində Azərbaycan Parodontologiya Cəmiyyətinin təşkilatçılığı və Səhiyyə Nazirliyinin dəstəyi ilə "Sağlam diş əti ilə gözəl təbəssüm” şüarı altında Diş Əti Sağlamlığı Günü qeyd olunub.
Medicina.az-a Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən verilən məlumatına görə
Bu beynəlxalq sosial marifləndirmə günü Avropa Parodontologiya Federasiyasının təşəbbüsü ilə Federasiyaya üzv olan 37 ölkənin Parodontologiya Cəmiyyətləri tərəfindən birgə keçirilib.
Ölkəmizdə 3 ildir qeyd olunan bu günün məqsədi insanlarda dişlər və implantlar ətrafında diş əti xəstəliklərinin ciddiyyəti haqqında ictimai məlumatlılığı artırmaq, diş əti sağlamlığının qorunub saxlanmasının və erkən diaqnostikasının vacibliyini bildirməklə yanaşı hamiləlik, şəkərli diabet və ürək-damar xəstəlikləri arasındakı əlaqələrinin əhəmiyyətini ön plana çıxararaq gündəmə gətirməkdir.
Azərbaycan Tibb Universitetinin stomatologiya ixtisası üzrə təhsil alan tələbələri və rezidentləri üçün Azərbaycan Estetik Stomatologiya Assosiasiyasının sədri, terapevtik stomatologiya kafedrasinın dosenti, tibb elmləri doktoru Ramiz Əhmədbəyli və Azərbaycan Parodontologıya Cəmiyyətinin vitse-prezidenti, ortopedik stomatologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Aslan Məmmədov tərəfindən "Parodont xəstəliklərinin müalicəsində müasir yanaşmalar” mövzusunda seminarlar təşkil edilib.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və Üz-Çənə Cərrahiyyəsi kafedrasında ixtisasartırma kursuna cəlb olunan həkim-stomatoloqlar Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli və Azərbaycan Parodontologıya Cəmiyyətinin vitse-prezidenti, tibb üzrə fəlsəfə doktoru Rəhim Qarayev tərəfindən "Diş əti xəstəliklərinin erkən diaqnostikası və müasir müalicə-profilaktika protokolları” mövzusunda məruzələr oxunub.
Ölkəmizin müxtəlif şəhərlərində yerləşən stomatololoji klinikalarda həkimlər tərəfindən 150-ə yaxın pasientlərdə ödənişsiz parodontoloji müayinələr aparılıb, diş əti xəstəliklərinin əhəmiyyəti və tövsiyyə olunan müalicə-profilaktika tədbirləri haqqında ətraflı məlumatlar verilib.
Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyəti üzvləri tərəfindən, GlaxoSmithKline şirkətinin təşkilatı dəstəyi ilə Bilgəhdə yerləşən qocalar evi (Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi) ziyarət olundu. 250-dən çox təqaüdçüdə ağız boşluğu müayinəsi aparıldı, onlara diş və diş əti sağlamlığının maarifləndirməsi ilə yanaşı şəkərli diabet və ürək-damar xəstəlikləri arasındakı əlaqələr, həmçinin çıxarılan protezdən istifadə edərkən doğru təmizləmə və qulluq haqqında ətraflı məlumatlar verildi.