Medicina.az APA TV-ə istinadən xəbər verir ki, o anadangəlmə serebral iflicdən əziyyət çəkir.
Atası Zeynal Zeynalov deyir ki, Fatimə 7 aylıq dünyaya gəldiyi üçün 2 ay küveyzdə saxlanıb. Təxminən 1 yaşı olanda valideynləri uşağın sağlamlığı ilə bağlı problem olduğunu hiss ediblər: "Dirəşməsi zəif idi. Demək olar ki, 1 yaşından müalicələrə başlamışıq. 9 yaşına qədər müalicə alıb. Maddi durum çətinləşdikdən sonra müalicə dayandı. Elə ondan sonra sol ayağında əyilmə oldu. Beyinlə əlaqəli olduğu üçün daha çox bir tərəfinə (sol tərəfinə) təsir edir. Yeriməsi zəifdir”.
Həkim məsləhəti ilə zaman-zaman fizioterapiya üsulu ilə müalicə aparılsa da, o qədər də faydası olmayıb. Yaş artdıqca, inkişaf getdikcə, Fatimənin narahatlığı daha da artıb. 4-cü sinfə qədər məktəbə getsə də, daha sonra ev şəraitində təhsil almalı olub. Atası Fatimənin sağalması üçün əlindən gələni edir: "Türkiyəyə də aparmışıq. Orada ancaq fizioterapiya oldu. Dizləri əyri qalırdı, ona bir qədər xeyir oldu. Amma ayağının əyriliyini düzəltmək mümkün olmadı. Orada məndən 25 min dollar istədilər, imkan olmadı. 2 ay 10 gün qaldıq və qayıtdıq”.
Fatimə 5 yaşında bir dəfə əməliyyat olunub. Bir ay öncə yenidən nevropatoloq müayinəsi zamanı məlum olub ki, növbəti əməliyyat mütləqdir. Ailənin maddi durumu isə buna imkan vermir. Əvvəllər bankda sürücü işləyən Zeynal bəy 3 ildir ki, işsizdir. Elə müalicənin dayandırılmasının səbəbi də budur.
Ailə kirayədə yaşayır, Zeynal Zeynalov isə taksi fəaliyyəti ilə məşğuldur. Qazanc həm ailəni dolandırmağa, həm də Fatiməni müalicə etməyə yetmir. Təsəvvür edin ki, təkcə bir cüt ortopedik ayaqqabının qiyməti ən azı 120 AZN-dir. Odur ki, övladının tez zamanda sağlamlığına qovuşması üçün ata APA TV vasitəsilə kömək umur.
Fatimə üçün bank hesabı da açılıb. Ümid edirik ki, imkanlı şəxslər bu çağırışa biganə qalmayacaqlar.