12 ölkədə yüksək patogen quş qripinin (YPQQ) aşkarlanması nəzərə alınaraq, bu ölkələrin xəstəlik baş verən ərazilərindən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub.
Bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, quş və quşçuluq məhsulları yüksək riskli məhsullar qrupuna aid edildiyindən ölkəyə idxal edilən məhsulun hər bir partiyası laboratoriya müayinəsinə cəlb olunur:
"Ukraynanın xəstəlik qeydə alındığı Vinnitsa vilayətindən başqa digər vilayətlərdən də daxil olan məhsullar müayinə edilərkən quş qripi xəstəliyinin törədicisinin - H9 serotipi aşkarlandığı üçün ölkənin bütün ərazisinə müvəqqəti məhdudiyyət tətbiq olunub. Hazırda coğrafi baxımından xəstəlik dünyada çox geniş arealda yayılıb. Belə ki, Polşanın Şetsin və Lyubuske vilayətləri ilə sərhəddə yerləşən Almaniyanın Bradenbur vilayətində vəhşi quşlarda, Fransanın Strasburq vilayəti ilə sərhəddə yerləşən Almaniyanın Baden-Vurtemberq vilayətində isə ev təsərrüfatında YPQQ qeydə alınıb. Bununla yanaşı, Ərəbistan yarımadasında baş vermiş xəstəliyin köçəri quşlar vasitəsilə ölkəmizə gətirilməsinə yüksək epizootoloji risk mövcuddur. AQTA və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu risklə bağlı əhaliyə birgə müraciət edərək vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa çağırıb. Eyni zamanda Agentlik sahibkarları dünyanın müxtəlif ölkələrində müəyyən olunmuş heyvan xəstəlikləri ilə bağlı məsələlərə daha diqqətli və məsuliyyətlə yanaşmağa, quşçuluq məhsulları idxal edərkən mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırıb. Bununla yanaşı, yüksək patogen quş qripi və Nyukasl xəstəliklərinin qeydə alındığı bölgələrdən respublikamıza diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub".
Q.Təhməzli onu da diqqətə çatdırıb ki, yanvarın 13-dən 17-dək ölkə ərazisində keçirilən epizootoloji monitorinqlər zamanı götürülən nümunələrin müayinəsi nəticəsində quş qripi xəstəliyinin törədicisi aşkar edilməyib:
“Xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədinə də rast gəlinməyib. Fevralın 10-dan 14-dək AQTA aidiyyəti qurumlarla birgə ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə növbəti epizootoloji monitorinqlər keçirir.
Həmçinin son vaxtlar Çin Xalq Respublikasında yaranan və dünyanın bir sıra ölkələrinə yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub. Vəhşi heyvanlar vasitəsilə yayılma riski ölkəmiz üçün də mövcud olduğu üçün AQTA və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ictimai iaşə obyektləri, istirahət mərkəzləri və digər ictimai yerlərdə vəhşi heyvanların qanunsuz olaraq saxlanılmasının qətiyyətlə yolverilməz olması barədə birgə məlumat yayıb. Agentlik respublikanın xarici ölkələrdən keçə biləcək heyvan xəstəliklərindən mühafizə olunması ilə bağlı vətəndaşların və sahibkarlıq subyektlərinin maarifləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bununla bağlı vətəndaşlara və sahibkarlara çoxsaylı müraciətlər olunub. Xüsusilə idxalçı sahibkarlara bəyan edilib ki, heyvanlar və heyvan mənşəli məhsulların mənşə ölkəsində nəqliyyat vasitəsinə yüklənməsi yalnız AQTA-nın müvafiq icazəsindən sonra həyata keçirilməlidir".