Artrit bir və ya bir neçə oynağın ciddi iltihabi xəstəliyidir, onun müalicə edilməməsi nəinki ağrı və hərəkətin məhdudlaşmasına, həm də əlillik və iş qabiliyyətinin itirilməsinə səbəb olur. Oynaqların tez-tez təkrarlanan ağır və yüngül travmaları, fiziki gərginlik və ya genetik irsiyyət xəstəliyin yaranma səbəbləri sırasına aid edilir. Bundan başqa artritin inkişafı virus və bakterial infeksiyaları, həddindən artıq soyuqlama, fiziki və psixi yüklənmə, hətta siqaretə aludəçilik də xəstəliyə səbəb ola bilər. Lakin xəstəliyin yaranma səbəbləri və inkişaf mexanizmləri heç də tam öyrənilməyib.
1996-cı ildən aprelin 12-si Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə bir çox ölkələrdə Ümumdünya Artritlə Mübarizə Günü qeyd edilir.
Medicina.az azertac-a istinadən xəbər verir ki, günün qeyd edilməsinin əsas məqsədi geniş ictimaiyyətin diqqətini revmatoloji xəstəliklər, artritin formalarına haqqında məlumatlandırmağa, xəstəliyin erkən diaqnostikasına, tibbi və sosial bərpasına, profilaktika məsələlərinə, eləcə də həkim, xəstə və ictimaiyyətin səylərinin birləşdirilməsidir.
Son onillikdə dünyada sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklərinin artma tendensiyası müşahidə edilir. Sümük-əzələ xəstəlikləri geniş yayılmağına görə, qan dövranı və tənəffüs sistemi xəstəliklərindən sonra üçüncü yerdə durur. Artritin ömrü 3-7 il qısaltdığı sübut olunub.
Həkimlər xəstəlikdən yaxa qurtarmaq üçün sağlam həyat tərzinə əməl etməyi, fiziki hərəkətlər etməyi, düzgün qidalanmağı, həmçinin öz psixoemosional vəziyyətini dəqiq qiymətləndirməyi məsləhət görürlər. Müntəzəm fiziki hərəkətlər əzələləri möhkəmlənməsinə və qamətin yaxşılaşmasına kömək edir. Artrit xəstələrinin qidasında turşuluq dərəcəsi aşağı olmalıdır. Menyuya meyvə və tərəvəzlərdən hazırlanan salatlar daxil edilməlidir. Alma, gavalı, turşəng, qaragilə meyvələri, çaytikanı, qara qarağat, həmçinin D vitamini ilə zəngim qidalar rasionda çoxluq təşkil etməlidir.