12 il sonsuzluq sonrası hamiləliyin 32-ci həftəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda dünyaya gələn əkizlər 1 aylıq müalicədən sonra ailəsi ilə birlikdə sağlam şəkildə evə yola salınıblar.
"Medicina" xəbər verir ki, hamiləliyin təxminən 28-29-cu həftələrində vaxtından əvvəl doğuş təhlükəsi, istmiko-servikal çatışmazlıq diaqnozları ilə instituta gələn qadına dərhal Hamiləliyin patologiyası şöbəsində həkim mama-ginekoloq Mehriban Həsənovanın nəzarətində stasionar müalicə planı təyin olunub.
Dölyanı mayenin vaxtından əvvəl axması diaqnozu ilə 32-ci həftədə təcili olaraq M.Həsənova tərəfindən qeysəriyyə əməliyyatı icra edilib. Cinsi qız olan əkizlərdən birinin dünyaya gələrkən çəkisi 1620 qram, boyu 40 sm, digərinin isə çəkisi 1730 qram, boyu 41 sm idi. Vəziyyətləri ilə əlaqədar olaraq hər iki körpə təcili olaraq Yenidoğulmuşların reanimasiya və intensiv terapiyası şöbəsinə köçürülüb.
İnstitutda qaldıqları 1 aylıq müddətdə həkim-neonatoloq Kövsər Azadəliyevanın nəzarətində olan yenidoğulmuşlar şöbədə süni tənəffüs aparatına qoşulublar, mədə qanaxması kimi ağır patologiyalar yaranıb. Aparılan düzgün müalicə taktikası ilə problemlər aradan qaldırılıb və əkizlər sağlam şəkildə evə yola salınıblar.
Aygün Musayeva