Ramazan ayında dini şəriət hökmünə görə, 12 yaşından yuxarı yeniyetmələr artıq oruc tuta bilər və tutmalıdır. Azərbaycanda oruc saxlayanlar içərisində də uşaqlar az deyil.
Uzun yaz günlərində, isti havalarda uşaq orqanizminin aclıq və susuzluq qarşısında nə dərəcədə dözümlü olması, acqalmanın həssas uşaq orqanizminə təsiri, baş verə biləcək fəsadlar həkimlərlə yanaşı, valideynləri də narahat edir.
Həkim pediatr Vaqif Qarayevin orucluğun uşaq orqanizmində yarada biləcəyi problemlər, hansı uşaqlara ümumiyyətlə, ac-susuz qalmağın qadağan olması barədə medicina.az-a açıqlamasını təqdim edirik.
"Uşaqların oruc tutması kimi həssas, bir tərəfdən dinə bağlı mövzuda öz təcrübəmə, tibbə və elmə əsaslanaraq aydınlıq gətirmək istəyirəm.
Bu gün ölkədə elə bir valideyn yoxdur ki, həkimə uşaqlarda mədə-bağırsaq pozulmaları, iştahsızlıq, çəkidə azalma şikayətləri ilə müraciət etnəsin.
Bu problemin altında ciddi səbəblər ola bilər.
Müayinələrdən sonra ciddi problemlər istisna edildikdə, bu şikayətlərə 2 başlıca səbəb qalır: keyfiyyətli və düzgün qidalanmamaq. Qidalanmaq uşağın marketlərdə satılan müxtəlif qida vasitələrini, şirniyyatları, hazır yeməkləri, şirəli içkiləri içməsi nəzərdə tutulmur.
Əgər Azərbaycan uşaqlarının çoxu düzgün keyfiyyətli qidalanmırsa, böyüyən orqanizmi 1 ay süni surətdə ac qoya bilmərik.
Uşaq orqanizmi gündəlik olaraq zülal, yağ, mineral və vitaminləri normasında almalıdır.
Bir misal çəkib, bu yaxında pasiyent gəlmişdi. Bir neçə müddət oruc tutub. Beyin vaxtlı-vaxtında şəkər qəbul etmədiyindən ciddi fəsadlar baş vermişdi. Beyin şəkərdən, qidalanmadan məhrum olduqda fəaliyyəti pozulur, ürək-damar sistemi düzgün çalışmır.
Valideyndən soruşursan niyə oruc tutub, deyir özü istəyib. Mən bununla razılaşa bilmirəm. Uşağın özü çox şey istəyə bilər. Axı valideynlər bəzən elə səbəblərdən uşağa qadağalar qoyurlar, amma məsələ səhhətinə gələndə uşaq nə istəyir o olur?
Valideynlər diqqətli olmalıdır, uşaq 1-2-3 gün oruc tutdu, baxmalıdır ki, nə dəyişikliklıər olur, özünü necə hiss etdi. Çoxu fikiləşir ki, heç nə olmaz. Amma elə geridönməz hallar yarana bilər ki, valideyn illərlə o uşağı müalicə edə bilməz”.
Həkim məktəbyaşlı uşaqların dərs yükü, kurslar, ali məktəbə hazırlıq kimi ağır zehni yükünün nəzərə alınmadığını da vurğuladı. Belə rejimdə olan uşaqların süni aclıq və susuzluq kimi ağır yük altında qoyulması, onların zehnini, intelektual səviyyəsinə təsir edir.
"Acqalma böyük insan orqanizmi üçün faydalı ola biər. Mən bir müsəlman olaraq, bunun əleyhinə deyiləm. Amma söhbət uşaq sağlamlığından gedirsə, ona kənardan istənilən müdaxilə həyatında problem yaratmamalıdır. İstəyir özü istəyib oruc tutsun, istəyir valideyn məcbur etsin, uşağın səhhətində problem yaranmamalıdır. Amma təcrübə göstərir ki, problem mütləq yaranır.
Xüsusən 10-15 saat susuz qalmaq çox dəhşətli fəsadlar verir. Susuz maddələr mübadiləsi olmur.
Davamlı olaraq susuzluq ürək, böyrək, beyində geridönməz proseslərin əsasını qoyacaq.
Yenə də burda məsuliyyət valideynin üzərindədir. Əgər sən övladının çəkisi, iştahı, qidası, sağlamlığından narazısansa, ona ac və susuz qalmağa icazə verməməlisən”.