Hindistanın Maharaştra əyalətinin Buldhana bölgəsində 11 kənddə 155 nəfərin saçları qəfil tökülüb.
Medicina.az NTV-yə istinadla bildirir ki, hadisədən sonra Akola və Buldhana tibb kolleclərinin mütəxəssis həkimləri infeksiya mənbəyini, ötürülməsini araşdırmaq və qarşısının alınması üçün təyin edilib.
Səlahiyyətlilər ərazidə yaşayan 65 nəfərdən qan nümunələri götürərək analizlərə başlayıblar. Bundan əlavə, kəndlərdəki marketlərdən sabun, saç yağı, şampun kimi məhsullar, yeraltı su sistemindən nümunələr toplanaraq laboratoriyaya göndərilib.
Bondqaon kənd muxtarı Rameshvaram Dharkar, problemlə mübarizə çərçivəsində sağlamlıq düşərgələrinin qurulduğunu, təmizlik kampaniyalarının təşkil edildiyini və profilaktik tədbirlər haqqında ictimaiyyəti məlumatlandırdıqlarını deyib.
Regional səhiyyə işçisi Dr. Amol Gite, "Cümə günü daha 15 nəfərin saçı tökülüb. Bütün xəstələrə göbələk əleyhinə dərmanlar və vitaminlər veririk. Biopsiya nəticələrini dörd-beş gün ərzində alacağımızı gözləyirik", deyə bildirib..
Aygün
Medicina.az