Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

1000 qramdan az 332 uşaq dünyaya gəlib - Statistika

  • 2018.05.14 22:50
  • 9426 Baxış
1000 qramdan az 332 uşaq dünyaya gəlib -  Statistika
2017-ci ildə Azərbaycanda ekstremal çəkili (500-1000 qram) 332 uşaq dünyaya gəlib.

 

Medicina.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov deyib.


Onun sözlərinə görə, 1000 q-dan da az çəki ilə vaxtından əvvəl doğulan uşaqlar il ərzində yenidoğulan bütün körpələrin təxminən 1 faizini təşkil edir.


Baş neonatoloq əlavə edib ki, hazırda dünyada neonatologiya sahəsində ən əsas problemlərdən biri çox az çəki (1000-1500 qram) və ekstremal az çəkili uşaqlarla bağlıdır.


R.Hüseynov qeyd edib ki, son dövrlərdə Azərbaycanda hər il yenidoğulanların 8-10 faizini vaxtından əvvəl doğulan körpələr təşkil edir.


Baş mütəxəssis bu rəqəmin dünya üzrə orta göstərici olduğunu söyləyib:


"Dünyada yenidoğulanların arasında vaxtından əvvəl doğulmuşların faizi təxminən 5-14, bəzi hallarda 16 faiz olur. Bu problem inkişaf etmiş dövlətlərdə də mövcuddur. Çünki bəzi ölkələrdə mamalıq-ginekologiya sahəsinin inkişaf etməsindən asılı olmayaraq, hamilə qadınlarda vaxtından əvvəl doğuşların baş vermə səbəbi həyat tərzi, ekoloji mühitin və müxtəlif xəstəliklərin təsirinin nəticəsi olur”.


R.Hüseynov əlavə edib ki, Azərbaycanda vaxtından əvvəl, 1000 q-dan da az çəki ilə doğulanların 30-35 faizi sağ qalır.


Bunu qənaətbəxş göstərici sayan baş neonatoloqun sözlərinə görə, 10 il əvvəl vaxtından əvvəl, 1000 q-dan da az çəki ilə doğulanların 5-10 faizi sağ qalırdı:


Son 10 ildə biz nisbətən yüksək göstəriciyə nail olmuşuq. Əminik ki, ekstremal az çəki ilə doğulan körpələrdən sağ qalanların sayı artacaq”.


R.Hüseynov qeyd edib ki, 2015-ci ilin 1 yanvarından Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə dünya standartlarına uyğun yeni diridoğulma meyarlarının tətbiqi ilə əlaqədar artıq 500 qramdan çox çəki və hamiləliyin 22 həftəsindən yuxarı doğulan uşaqlar diridoğulan uşaqlar hesab edilir.