“Sədəf” (Psoriaz) immunitet sisteminin həddindən artıq aktivləşməsinə səbəb olan xroniki dəri xəstəliyidir. Bu zaman dəri hüceyrələri çox tez çoxalır.
Medicina.az xəbər verir ki, xəstəlik əsasən ətraf mühit faktorlarının təsiri ilə yaranır. Bununla yanaşı stres, düzgün olmayan qidalanma və artıq çəki də xəstəliyin müşahidə olunma riskini artırır. Xəstəlik genetik də ola bilər. Mütəxəssislər nəzərə çatıdırırlar ki, “sədəf” yoluxucu deyil.
Xəstəlik zamanı ən çox baş dərisində, dirsəklərdə və ya dizlərdə ləkələr üzə çıxır. Bədənin digər hissələrində də ləkələr görünə bilər.
“Sədəf” əhalinin təxminən 3 faizində müşahidə olunan xəstəlikdir. Xəstələrin üçdə birində simptomlar uşaqlıq dövründə üzə çıxır. Hər 100 uşaqdan biri bu xəstəlikdən əziyyət çəkir. Bəzi uşaqlar xəstəlik səbəbilə sosial həyatdan uzaqlaşır. Uşaqlıq dövründə xəstəliyin yaranmasına təsir edən ən başlıca amillər travmalar, stress, anormal qidalanma, istifadə edilən dərmanların təsiri, keçirilən infeksiyalardır.
Xəstəliyin müalicəsi tərkibində D vitamini olan kremlərdən istifadə edilməklə aparılır. Həkimlər müalicə zamanı yalnız xəstənin zahiri görünüşünü yaxşılaşdırmaq üçün yox, həm də onu müşayiət edən sistemik problemlərdən qorumaq üçün çalışırlar.
Aysel