"International Data Corporation" (IDC) şirkəti tədqiqat apararaq dünya smartfonlar bazarında pandemiya və qeyri-sabit iqtisadi vəziyyət səbəbindən transformasiya baş verməsini açıqlayıb.
Medicina.az xəbər verir ki, tədqiqatlara görə, istehlakçılar nadir hallarda bahalı mobil qurğular almağa başlayıblar. İlin dördüncü rübündə 100-400 dollar qiymətində smartfonların ümumi satış həcmində payı 60 faizə bərabər olub. İlin sonunadək bu göstəricinin 63 faizədək artacağı gözlənilir.
Bundan başqa, 400-600 dollar qiymətində qurğular seqmentində tələbatın artması müşahidə edilir: belə qurğuların ümumi satış həcmində payı 11,6 faizə çataraq il ərzində 4 faiz artıb. Bu seqmentdə "Samsung", "Huawei", "Xiaomi", "OPPO" və "Vivo" smartfonları üstünlük təşkil edir.
Şirkətin proqnozuna görə, bu il bütün dünyada satılan smartfonların ümumi dəyəri 422,4 milyard dollar səviyyəsində olacaq. Müqayisə üçün qeyd edək ki, bir il əvvəl 458,5 milyard dollar məbləğində qurğu tədarük edilib. Beləliklə, bazarda pul ifadəsində 7,9 faizlik azalma gözlənilir.
Analitiklərin fikrincə, yaxın vaxtlarda 100-400 dollarlıq smartfonlar daha populyar olacaq. Lakin uzunmüddətli perspektivdə ən böyük artım beşinci nəsil mobil rabitə şəbəkəsi seqmentinin inkişafı sayəsində 400-600 dollarlıq qiymət kateqoriyasında proqnozlaşdırılır.