Novruz bayramından sonra təcili tibbi yardıma nəinki yaşlı, hətta gənc yaşlılarda da qəfil halın dəyişməsi, hipertonik krizlər, ürəkdə ağrılar, ürək tutmaları, panik tutmalar üzrə çağırışlar artmaqdadır.
Eyni hallar hətta KİV nümayəndələri arasında da yaşanıb.
Əməkdaşımızın yüksək təzyiq səbəbindən çağırış etdiyi təcili tibbi yardım briqadası martın ortasından bu tip çağırışların artdığını etiraf edib.
“Medicina” yazda ürək, qan-damar sistemində kəskin dəyişikliklərin baş vermə səbəblərini araşdırıb.
Burda 3 faktor təsir edir.
1. Qışdan çıxan susuz, vitaminsiz və yorğun orqanizm, zəif immun sistemi həm fiziki, həm psixi fəsadlara yol açır, dəyişən hava və atmosfer təzyiqinə tab gətirə bilmir və tükənən orqanizm siqnallar verməyə başlayır. Havanın kəskin dəyişməsi damar spazmına səbəb olur. Yazda aktivləşən maqnit tufanları, Günəşdə partlayışlar meteohəssas insanların özünü pis hiss etməsinə səbəb olur.
2. Bayram ayında insanlar daha kalorili qidalar, şirniyyat, karbohidratlar qəbul edir, daha çox ağır yeməklər yeyir, içkilər içir, nəticədə həzm sistemindən tutmuş ürəyə kimi yüklənmə gedir.
Xüsusən Ramazanda susuz və şəkərsiz qalan bədən, beyin miqren, baş ağrısı, halsızlıq, susuzluq vəziyyətinə səbəb olur, xəstələr vaxtında dərmanlarını qəbul etmir, şəkər qanda qeyri-stabil olur və iftardan sonra kəskin artır. Bununla paralel olaraq, təzyiq də yüksəlir.
Yaz ayları əvvəldən təzyiqi olan insanlarda kəskin tutmalar infakrt, insult riskini, anevrizmalar, qansızmalar artırır.
Yeniyetmə və gənc qadınlarda isə miqren, təzyiqin düşməsi, qanazlığı, yuxululuq, halsızlıq müşahidə olunur.
Amma bir çox həkimlər yaz əhval dəyişməsinin mif olduğunu bildirir.
İnsanın təzyiqi gün ərzində dəfələrlə yüzlərlə səbəbdən dəyişə bilər.
Hətta sağlam insanın da təzyiqi norma həddini keçə bilər.
Vəziyyəti kəskinləşənlər əvvəldən təzyiq,
ürək-damar problemləri olanlar və ya təzyiq xəstəliyindən xəbərsiz olanlardır.
Təzyiq fiziki və emosional yüklənmədən çox asılıdır.
3-cü əsas səbəb - hazırda damar tıxanması, yüksək xolesterol və damar daralması problemləri qidalanma səbəbindən artıq gənc yaşlardan başlayır.
Stress damarları daha da daraldır, ürək və beynin qan təchizatını pozur.
Qışdan çıxan zəif orqanizm yazın qaynar rejiminə uyğunlaşdığı dövrdə ürək ən çox təzyiq altında olur.
Mart həm də az depressiyanın başlandığı aydır. Psixiatrlar məhz yazda depressiv və panik atak hallarının artmasının dəqiq səbəbini bilməsə də bu da orqanizmin enerji resursunun azlığı ilə izah edilir.
Yazda hormonal proseslər və pozulmalar da çox qabarır.
Bir sözlə, bir çox xroniki və gizli proseslər yazda özünü göstərə bilər.
Ona görə bütün qışı təcili yardıma yolu düşməyən insanlar həkimə gedir və halının pisləşməsindən şikayət edir.
Xüsusən gənc insanlar, ilk dəfə təzyiqi artan, ürəyi tutanlar daha ehtiyatlı olmalıdır. Çünki onların damar sistemi təzyiq eniş-qalxmalarına hazır və davamlı deyil.
Yaz çalxalanmasından necə qorunmalı?
- 30 yaşdan yuxarı hər kəs artıq qışdan şəkərini, təzyiqini yoxlatmalı, damarların vəziyyətini müayinə etdirməlidir
- Əgər təzyiq daimi 130-a çatırsa, 140-150 həmin şəxs üçün ölümcül belə ola bilər.
- Yaza qədər artıq təzyiqi nəzarətə götürmək lazımdır.
- Təzyiqi, şəkəri olanlar uyğun dərmanı hər gün özünü necə hiss etməsindən asılı olmayaraq, içməlidir.
- Yazda D vitamini, maqniy, kalsium, sink və s. ehtiyatını artırmaq, mövsümi qidalanmaya keçmək, bol su içmək lazımdır.
- Yaz aylarında ağır xəmir yeməkləri, duzlu, yağlı yeməklər yeyib, çox çay, qəhvə və spirtli içmək olmaz.
- 1 dəfə təzyiqi qalxıb düşənlər “keçdi getdi” deyə düşünməməli və yoxlanmalıdır.
- İstənilən qəfil dəyişiklik, halsızlıq zamanı təcili tibbi yardıma müraciət edilməlidir.
Yüksələn təzyiq stress, hərəkətsizlik, gərgin iş, zərərli qidalanma, zərərli vərdişlər, artıq çəki və genetik səbəblərin nəticəsidir.
Əgər artıq təzyiq xəstəsinizsə, bu sahədə təcrübəli olub, təcili vəziyyətlərdə nə etmək və hansı dərmanı içməli olduğunuzu bilməli, təcili tibbi yardıma qədər özünüz ilkin tibbi yardımı bacarmalısız.
Mart ayında Bakı Şəhər Təcili və Təxirə salınmaz Yardım stansiyasına son 20 gündə yüksək təzyiqlə bağlı çağırışlarla bağlı sorğumuza bildirdilər ki, bütün sualları TƏBİB-ə ünvanlayın.
Aygün Musayeva