Kliniki İmmunoloqlar Assosiasiyasının araşdırmalarına görə, dünyanın bütün ölkələrində əhalinin 7-15 faizə qədəri immunitetin zəifliyindən əziyyət çəkir.
Hər il martın 1-də Ümumdünya İmmunitet Gününün qeyd edilməsi – bu problemə insanların diqqətini cəlb etmək məqsədilə təsis edilib.
İnsanı qoruyan hüceyrələrin təxminən 80 faizi mədə-bağırsaqda yerləşir. Həyatda hər gün saysız-hesabsız bakteriyalarla üzləşirik, lakin immun sisteminin sayəsində onlardan qorunaraq xəstəliklərə yoluxmuruq. Bu mənada, immun sistemi orqanizm üçün etibarlı sipər rolu oynayır.
Düzgün qidalanma immunitetin möhkəm olmasının əsas şərtlərindən sayılır. Buna nail olmaq üçün qida rasionunda meyvə, tərəvəz, müxtəlif sıyıqlar və ağartı məhsulları üstünlük təşkil etməlidir.
Çay içmək də immuniteti artıran vasitələrdən hesab olunur. Yaxşı qidalanma, sağlam yuxu, fiziki aktivlik, tütündən və alkoqoldan imtina, özünün və ətrafdakıların psixikasına qayğıkeş münasibət və əlbəttə ki, gigiyena qaydalarına riayət olunması orqanizmin immunitetini möhkəmləndirir.