Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

1 manata satılan ucuz plastmas qablar - Bəs sağlamlıq?/FOTO

  • 2018.01.05 10:41
  • 59192 Baxış
1 manata satılan ucuz plastmas qablar -  Bəs sağlamlıq?/FOTO
Eyyub Hüseynov: "Bunlar vaxtı keçmiş, keyfiyyətsiz mallardır və insan həyatı üçün təhlükəlidir”


Çoxlarımız məişətdə plastmas mətbəx qabları, çörək qabı, stəkan, nəlbəki, təmizləyici vasitələr, kosmetika, ətir, sap və s. istifadə edirik. Bu tip malları mağazalarda nə qədər istəsəniz tapa bilərsiniz. Hamısının qiyməti isə standart - bir manatdır.

 

Bəs bir manatlıq plastik məhsulun keyfiyyətinə nə dərəcədə əmin olmaq olar?

 

Bu qablar, kosmetik vasitələr, yuyucu tozlar nədən hazırlanır, maya dəyəri nə qədərdir ki, onlar bir manata satılır?


Medicina.az xəbər verir ki, musavat.com saytının əməkdaşı suallara cavab tapmaq üçün «Həzi Aslanov» metro stansiyası yaxınlığında yerləşən mağazalardan birinə baş çəkib. Elə mağazanın şüarı da "Nə alırsan al, bir manat” idi. Bu sərlövhə isə yoldan ötən insanların diqqətini cəlb etməyə bilməzdi. Mağazaya daxil olduqda alıcı əlindən tərpənmək olmurdu.. Kimisi qab-qacaq alır, kimisi kosmetik vasitələr alırdı. Kosmetik vasitələrin və qabların demək olar ki, hamısı Çin istehsallıdır. Bəzilərində isə nə istehsal yeri yazılmışdı, nə də ki yararlılıq müddəti... Adət etdiyimiz gözəl qoxulu kosmetik vasitələrə burada rast gəlmək mümkün deyil. Onları açıb iylədikdə, sanki rezin iyini xatırladan qəribə bir qoxu gəlirdi. Elə bu qoxudan da məhsulun nə dərəcədə keyfiyyətli olduğunu anlamaq mümkündür.


Qeyd edək ki, bu cür mağaza «Nərimanov» metro stansiyası yaxınlığında da var. İlk baxışda alıcılar "necə də ucuzluqdur” deyib heyrətlənsələr də, əslində burada da aldadıcı məqamlar var. Məsələn, bir çörək qabı da 1 manatdır, diş çöpü, şam, zibil torbası da. Halbuki diş çöpünü digər mağazalardan 50 qəpiyə, şamı 30 qəpiyə də almaq olar.


Satıcıdan hər şeyi  bir manata satmaqla əslində zərərə işləyib-işləmədiyini soruşduqda, o, bunun əksi olduğunu dedi. Satıcının sözlərinə görə, məhsullar Çindən gəlir və hər həftə yenilənir: "Alıcılarımız çoxdur. Malı gətiririk, 3-4 günə mağaza artıq boşalır. Buna görə də bizə demək olar ki, iki gündən bir yeni mallar gəlir. Burada satılanlar hər evə lazımlı, mətbəxdə işlədilən qablardır. Elə daha çox alınan da qab-qacaq olur”.


Məhsulların keyfiyyət məsələsinə və ya sertifikatının olub-olmamasına gəlincə, satıcı sertifikat göstərmədi, ancaq alıcıların da keyfiyyətdən narazı olmadığını dedi: "Keyfiyyətsiz mallar olsaydı bu qədər alıcı olmazdı. Biz alıcılardan hansısa şikayət almamışıq”.


Qeyd edək ki, əslində Türkiyə və Rusiya istehsalı olan yuyucu vasitələr, şampunlar, duş gellərinin də saxta olduğunu elə qablaşmasına baxdıqda anlamaq mümkündür. Əksər mağazalarda 3 manat 80 qəpiyə satılan bir şampun necə ola bilər ki, burada 1 manata satılsın?! Etiketlərində Avropa ölkələrində istehsal edildiyi göstərilən kosmetik məhsulların çoxunun üzərindəki göstəricilər kimi, tərkibi də saxtadır.  Bu məhsullar əsasən Çində istehsal edilir və Azərbaycanda etiketləşdirilir. Buna görə də bu məmulatların üzərində istehsal tarixi və yararlılıq müddəti göstərilmir...


Ekspertlər saxta çini qabların da təhlükə mənbəyi olduğunu bildirirlər. Ucuz Çin qabları özündə zəhərli maddələri cəmləyib. Qabların üzərinə qeyri-sabit, səliqəsiz vurulmuş şəkil təhlükədən xəbər verə bilər. Çünki şəkil çəkiləndən sonra boşqablar digər istehsal prosesindən keçmir. Bunu qabların üzərindəki şəkillərin silinməsi də təsdiqləyir.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov alıcıları bu cür mallardan uzaq durmağa çağırdı: "Bu cür satılan qida məhsulları, parfümeriya varsa, bunlar birmənalı şəkildə vaxtı keçmiş, keyfiyyətsiz mallardır və insan həyatı üçün təhlükəlidir.  Digər qab-qacaq malları ilə bağlı bizə məlumatlar gəlmir. Yəni sənaye mallarına təhlükə o qədər də olmur. Lakin əksər hallarda sənaye malları arasında da paltarlar və sairə varsa, onlar neft tullantılarından hazırlanmış mallardır. Ağ nəm tənzifi həmin paltara sürtəndə rəngi çıxırsa, bu, artıq təhlükəlidir. Rəngin tərkibində qurğuşun var. Qurğuşun da zərərli maddədir. İnsanlar belə malları almaqdan imtina etsinlər. Lakin biznes qurumlarının öz daxili iqtisadi siyasəti ola bilər və hər cür malları bir manata sata bilər. Bütün hallarda istehlakçılar diqqətli olsunlar. Lazım gəldikdə malın sertifikatının olub-olmadığını soruşsunlar. Satıcı onu alıcıya göstərməyə borcludur. Əgər bir manata satılan mətbəx qablarının da rəngi çıxırsa, qoxusu gəlirsə, belə mallardan uzaq olsunlar”.

 

1 manata satılan ucuz plastmas qablar -  Bəs sağlamlıq?/FOTO
1 manata satılan ucuz plastmas qablar -  Bəs sağlamlıq?/FOTO