1-7 oktyabr "Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) pediatr və mütəxəssislərin iştirakı ilə KİV nümayəndələri üçün brifinq təşkil edilib.
Medicina.az xəbər verir ki, tədbirdə çııxış edən İSİM-in direktoru Qəhrəman Haqverdiyev, dünya ölkələrində, o cümlədən respublikamızda Səhiyyə Nazirliyi ilə YUNİSEF-in (UNİCEF) birgə təşkilatçılığı ilə hər ilin avqust və oktyabr aylarının ilk həftələrində ana südünün üstünlüklərinə həsr edilən "Ana südü həftəsi”nin keçirildiyini bildirdi.
Tədbirdə iştirak edən UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin körpələrin inkişafında ana südü ilə qidalanmanın əvəzsiz rolundan danışdı.
İştirakçılar süni qidalardan uzaq olmağa çağırıblar.
Ana südü uşaqların sağlamlığını ən yüksək səviyyədə təmin edir və xarici mühitin xoşagəlməz təsirlərinə qarşı orqanizmin davamlığını artırır. Eyni zamanda, körpələri ana südü ilə qidalandırmağın ən mühüm üstünlüklərindən biri də ana ilə uşaq arasında emosional və fiziki əlaqəni təmin etməkdir.
Görüşdə həmçinin körpəsini ana südü ilə qidalandırmaq qadının sağlamlığına da müsbət təsir göstərilməsi vurğulanıb. Bu, doğuşdan sonrakı qanaxmaların, anemiyanın yaranma ehtimalını azaldır, süd vəzilərini və yumurtalıqları müxtəlif şişlərdən qoruyur, osteoporozun qarşısını alır.
Sonda iştirakçılara ana südü ilə qidalanmanın faydalarına dair maarifləndirici materiallar paylanılıb.