Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, BMT-nin Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər il bu tarix ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur.
"Medicina" xəbər verir ki, ana südü ilə bəslənən körpələrdə infeksion xəstəliklərin rastgəlmə tezliyi daha azdır. Eyni zamanda, ana südü ilə qidalanan uşaqlarda beynin inkişafı daha yaxşı gedir, allergik xəstəliklər, ishal və tənəffüs yolu xəstəlikləri, hətta irəli yaşlarda ateroskleroz, xərçəng və dağınıq skleroz kimi problemlər daha az müşahidə olunur. Südverən analarda isə süd vəzi xərçəngi, yumurtalıq xərçəngi, osteoporoz və anemiya kimi xəstəliklərə daha az rast gəlinir.
Ana südü körpənin hər dövrü üçün olduqca əhəmiyyətlidir. Asan həzm olunan və infeksiyalardan qoruyucu xüsusiyyətlər ilə seçilən zülallarla zəngindir. Ana südündə olan zülal və mineralların miqdarının inək südü ilə müqayisədə daha az olması, həzm və ifrazat sistemində yaranacaq yüklənmənin qarşısını alır.
Ana südündə olan dəmir, sink kimi mineralların miqdarı, inək südü ilə müqayisədə daha çoxdur. Digər südlərə nisbətən ana südünün tərkibindəki dəmir beş dəfə çoxdur. Ana südündə həzmi asan olan doymamış yağ turşularının səviyyəsi yüksəkdir. Beyin və sinir sistemi üçün vacib olan esensiyal yağ turşularının səviyyəsi ana südündə inək südü ilə müqayisədə 8 dəfə çoxdur.