Üzərimdə sanki təcrübə aparırdılar, həkim isə sakitcə ölməyimi gözləyirdi – Bakıda yanlış müalicədən son anda qurtulan xərçəng xəstəsi

  • 2018.10.05 20:43
  • 13096 Baxış
Üzərimdə sanki təcrübə aparırdılar, həkim isə sakitcə ölməyimi gözləyirdi –  Bakıda yanlış müalicədən son anda qurtulan xərçəng xəstəsi
Tatyana Kolesnikova Bakıda yaşayır, 2 uşaq anasıdır. 2016-cı ildən ona xərçəng xəstəliyi diaqnozu qoyulub. 

Bakıda 1 il kimyaterapia kursu alan pasiyent vəziyyətinin getdikcə pisləşdiyini görüb, media və insanlardan kömək istəmişdi.


Medicina.az Media.az-a istinanədən pasiyentin müalicə hekayəsini təqdim edir.


" 2016-cı ildə süd vəzimdə bərkimə, kütlə hiss etdim. Poliklinikada ginekoloq süd axacaqlarının şişməsi, dolması diaqnozu qoyub, müalicə yazdı. Bir müddət öncə qızımı əmizdirmişdim, düşündüm ki, düz deyir. 2 kurs müalicədən sonra yaxşılaşma görmədim. Yalnız 6 aydan sonra ginekoloq məni USM- ə göndərdi. USM göstərdi ki, süd vəzidə nahamar konturlu törəmə var. Məni Onkoloji mərkəzə yolladılar, orda həyatımın dəhşətli sözünü eşitdim: II dərəcəli süd vəzi xərçəngi. Belə çıxırdı ki, mən yarım il səhv diaqnozla vaxt itirmişdim və şiş metastaz vermişdi. 


Mən diaqnoza inanmayıb, əmin  olmaq üçün Samaraya qohumlarımın yanına getdim. Təəssüf ki, orda diaqnozum təsdiqləndi və təcili əməliyyat tövsiyyə etdilər. Orda əməliyyat olub, Bakıya, Onko mərkəzə gəldim ki, kimyaterapiya alım. Burda onkoloq mənə herseptin adlı bahalı preparat təyin etdi, bu dərman mərkəzin balansında yox idi, özüm almalıydım. Mən imkansızlıqdan başqa dərmanla kimya terapiya, daha sonra şüa aldım. 


Artıq müalicəyə pulum yox idi, ona görə prezidentə və Mehriban xanıma məktublar yazdım. Mənə cavab gəldi ki, bu cavabla baş onkoloqa yaxınlaşın. Azad Kərimov mənim məktubumun kənarına 


" Hər şey pulsuzdur” qeydini yazıb yenidən həkimin yanına göndərdi. Ondan sonra analiz, KT, EKQ pulsuz olundu. Amma kimyaterapiya dərmanı üçün yenə də 100-200 manat ödəyirdim. 


2017-ci ilin dekabrında məndə güclü öskürək başladı. Məni MRT edib dedilər ki, süd vəzidən ağciyərlərə metastaz yayılıb. Onu isə kəsmək olmaz. Yenidən kimyaterapiya başlamalıydı. Həkim təcili Herseptin preparatı tapmağımı dedi. Preparatın biri 1000 manat idi. Mən məcbur olub xeyirxah insanların dəstəyi ilə internetdən və ətrafımdan pul toplamağa başladım. Dərmanın pulu hissə-hissə yığıldıqca, alırdım. 6 kimyaterapiyadan sonra şiş daha da böyüyürdü, öskürək güclənirdi, halım düzəlmirdi. 


Mən xahiş etdim ki, bu preparata həssaslıq testini edək. Testdən sonra məlum oldu ki, mənim genlərim bu dərmana reaksiya göstərmir. Herseptin heç bir təsir etmirmiş. Deməli, 6 kursa 6000 manat pul çölə atılmışdı. 


Həkimdən niyə əvvəldən test etmədik soruşanda, istəmədim ki, bahalı testə də pul xərcləyəsiz – cavabını aldım. Bu test 100 manat idi. Deməli, mən 100 manat xərcləməyim deyə, 6000 manat boşuna xərclədim? Boşuna kimya aldım? Bu sualın cavabı isə yoxdur. Bəs itirilən qiymətli vaxt?

Ondan sonra müalicə sxemini dəfələrlə dəyişdilər, sanki üzərimdə təcrübə aparırdılar, həkim isə sakitcə ölümümü izləyirdi. Şiş böyüyür, öskürək artır, hərarət düşmürdü. Həkim isə bunların normal olduğunu deyib antibiotik yazırdı. 


Dostlarım bu gedişlə öləcəyimi görüb, Türkiyədən həkim tapdılar. Bizim həmyerlimiz Vüqar Musayev analizlərə baxıb, türk həkimlərlə məsləhləşib dedi ki, şiş əməliyyat oluna bilər, tez gəlin. 


Yenidən pul yığımına başlanıldı, AZAL biletimi pulsuz etdi. İstambulda bizi Vüqar həkim qarşıladı və bütün müalicə boyu tək qoymadı. 

Türkiyədə həkimlər dedilər ki, niyə PET müayinə olunmayıb, axı necə biliblər ki, bu metastazdır, ya ayrıca müstəqil şiş? Nəyə görə kəsməyiblər? Bu şişi ağciyərdən kəsmək olardı. 


PET nəticəsi metastaz olmadığını göstərdi, ağciyərdə olan şiş bronxlara təzyiq edirdi, bu da güclü öskürək verirdi. 

7 saatlıq əməliyyatda cərrah ağciyərləri şişdən təmizlədi. O, santimetr-santimetr şişdən kəsib, patoloqa verir, dəqiqələr içində orda şiş hüceyrəsi olub-olmadığını öyrənirdilər. 


Türkiyəli həkimlərdə bir müsbət cəhət də pasiyentlə söhbətdən qaçmamaqdır. Çox səmimi, gülərüzlə xəstə ilə danışır, izah edir, dəstək olur, doğması kimi yanaşırdılar. 

 


Amma əməliyyatdan sağ çıxmaya da bilərdim, çünki Bakıda vaxt itirmişdim, şiş çox böyümüşdü. Mən hər şeyə hazır idim. 


Uğurlu əməliyyatdan sonra Bakıya qayıtdım. İnsanlığım xatirinə burdakı həkimin adını çəkmirəm. Bir aydan sonra Türkiyəyə kimta terapiya üçün gedəcəm.

 

 

Mənə bu ağır yolda dəstək olan bütün insanlara, həkimlərə, maddi yardım edən insanlara təşəkkürümü bildirirəm ki, 2 balamı anasız qoymadılar. 

İndi mənim sağalmağıma ümidim də var. Tanrı yaxşı həkimlərin ömrünü uzun etsin və heç kimi bu ağır xəstəliklə sınağa çəkməsin. 

 

 


Üzərimdə sanki təcrübə aparırdılar, həkim isə sakitcə ölməyimi gözləyirdi –  Bakıda yanlış müalicədən son anda qurtulan xərçəng xəstəsi
Üzərimdə sanki təcrübə aparırdılar, həkim isə sakitcə ölməyimi gözləyirdi –  Bakıda yanlış müalicədən son anda qurtulan xərçəng xəstəsi