Üzərək arıqlamaq mümkündürmü? - MÜTƏXƏSSİSLƏRDƏN ZİDDİYYƏTLİ FİKİRLƏR

  • 2018.03.28 14:12
  • 21901 Baxış
Üzərək arıqlamaq mümkündürmü? -  MÜTƏXƏSSİSLƏRDƏN ZİDDİYYƏTLİ FİKİRLƏR
Dəniz mövsümü yaxınlaşır. Yay fəslinin yaxınlaşması isə arıqlamaq istəyən qadınların da sayını artırıb. Bəzi qadınlar pəhriz saxlamaqla, bir qismi isə üzgüçülüklə məşğul olaraq arıqlamağa üstünlük verir.


Bəs üzgüçülüklə məşğul olaraq arıqlamaq mümkündürmü?


Mütəxəssislər bu barədə birmənalı düşünmürlər.


Mövzu ilə bağlı Medicina.az-a açıqlama verən üzgüçülük müəllimi Tatyana Zorkina bildirib ki, arıqlamaq üçün üzgüçülüyə müraciət edən qadınların sayı çoxdur. Onun sözlərinə görə, arıqlamaq üçün üzmək yaxşı və effektli vasitədir:


"Biz arıqlamaq istəyən qadınlara öz seçimlərinə uyğun olaraq həftədə 2-3 dəfə 45 dəqiqəlik üzgüçülük dərsləri təklif edirik. 

Ancaq arıqlamaq üçün yalnız üzmək kifayət etməz. Bununla yanaşı pəhriz də saxlamalıdırlar”.


Diyetoloqlar isə əks fikirdədirlər.


Medicina.az-a açıqlama verən diyetoloq Şəhriyyə Əhmədova arıqlamaq istəyənlərə üzgüçülüyü məsləhət görmədiyini vurğulayıb:


"Pasiyentlərimə bunu tövsiyə etmirəm. Çünki əzələlər  yığılır. Çəkinin atılması isə ləng gedir. Ola bilsin bədən bir neçə sm kiçilsin. Ancaq arıqlamaq düzgün formada getmir. Bu zaman həmçinin yağların azalması, əriməsi prosesi ləngiyir”.


Mütəxəssis bəzi insanların ümumiyyətlə üzgüçülüklə məşğul olmalarının yanlış olduğunu qeyd edib:


"Bunun üçün pasiyentlər ilk olaraq müayinə edilir. Analizlər verir. Qandakı dəyərlərə baxılır. Həmçinin  kardioloji problemin olub-olmadığı aydınlaşdırılır. Ondan sonra həkim pasiyentə üzməyin onun üçün uyğun olub-olmadığı dəqiq söyləyir”.

 

Şəhanə Quliyeva