BölmələrRU
Xidmətlər
 

Yaddaş zəifliyinin qarşısını almaq olar? - NEVROLOQ MƏSLƏHƏTİ

"Yaddaş zəifliyi həqiqi və yalançı formada özünü büruzə verir. Həqiqi yaddaş zəifliyi ciddi xəstəliklərlə bağlı ortaya çıxır”.

Medicina.az xəbər verir ki, bunu APA TV-ə nevroloq, Mərkəzi Klinik Xəstəxananın həkimi Mərziyyə Muxtarova deyib.

Onun sözlərinə görə, bir sıra beyin, endokrin sistemi, damar xəstəlikləri, dərmanların təsiri, vitamin çatışmazlığı yaddaş pozğunluğuna səbəb olur.

Mütəxəssis deyib ki, kiçik damarların tutulması, pıxtalaşması neyronların ölməsinə və tədricən yaddaş itkisinə səbəb olur.

Nevroloq, həqiqi yaddaş zəifliyinin ilkin əlamətləri kimi praktiki vərdişlərin, gündəlik görüləcək işlərin unudulmasını göstərib.

Həqiqi yaddaş zəifliyinə səbəb olan demans, alzhemier problemi haqqında danışan həkim bu hallara 60 yaşdan sonra daha çox rast gəlindiyini açıqlayıb. Onun sözlərinə görə, 80 yaşdan sonra hər iki adamdan birində bu problemə rast gəlinir. Bu zaman ilkin olaraq praktik vərdişlər itir, həmin insanlar yaxınlarının adlarını unudurlar.

Nevroloq bildirib ki, bu problemin yaranmasında irsi amilin də rolu var.

M. Muxtarova qeyd edib ki, əhali arasında daha çox yayılan yalançı yaddaş zəifliyi əsasən hər hansı xəstəliklə bağlı deyil. Bu, sosial faktorlar, informasiya çoxluğu nəticəsində baş verir: "İnformasiya çoxluğundan lazımi informasiya beyində depolaşa bilmir. Gündəlik işlər çox olduğundan informasiyanı yadda saxlamağa vaxt ayıra bilmirik. Müəyyən bir müddət olmalıdır ki, informasiya beyində kodlaşsın. 40 yaşına kimi insanlar informasiyanı daha yaxşı yadda saxlaya bilir. Bu yaşdan sonra beynin informasiyanı yadda saxlamaq qabiliyyəti zəifləyir. Bu dövrdən başlayaraq beyin hüceyrələri məhv olmağa doğru getdiyi üçün yaxında baş verən hadisələr yadda saxlanmır”.

Mütəxəssis deyib ki, yaddaş pozğunluğuna son 10-15 illə müqayisədə daha çox rast gəlinir. O, yaddaşı möhkəmlətmək məqsədilə çoxlu kitab oxumağı və hər səhifəni bitirəndən sonra oxunanları təkrarlamağı tövsiyə edib.

Həkim onu da deyib ki, gecə yuxusundan əvvəl oxunanlar yaddaşa daha yaxşı həkk olunur.

M. Muxtarova B 12 vitamini çatışmazlığının yaddaşsızlığa səbəb olması haqda danışarkən bildirib ki, mədəsində problem olan xəstələrin əksəriyyətində B12 defisiti olur, bu isə ciddi yaddaş pozğunluğu yaradır. 

Əməliyyat zamanı verilən narkozun yaddaş pozğunluğuna səbəb olması barədə suala cavab olaraq M.Muxtarova bu iddiaların əsaslı olmadığını qeyd edib.

Həkim ciddi yaddaş zəifliyi hiss edən şəxslərin vaxtında həkimə müraciət etmələrinin vacib olduğunu vurğulayaraq ilkin olaraq diqqətli nevroloji müayinələrin, yaddaş testlərinin edilməsinin, lazım gələrsə, MRT müayinəsi və qan testləri aparılmasının vacib olduğunu bildirib. Mütəxəssis, həmçinin yaddaş zəifliyinin müalicəsi haqda danışıb, sualları cavablandırıb.