Xoşxassəli beyin şişi iflic edə bilər - Diaqnozu çətin qoyulan xəstəlik

  • 2017.10.13 12:25
  • 55848 Baxış
Xoşxassəli beyin şişi iflic edə bilər -  Diaqnozu çətin qoyulan xəstəlik
Xoşxassəli beyin şişləri yavaş böyüyən, qonşu beyin toxumasına nüfuz etməyən, başqa orqanlara yayılmayan və beyin toxumasından asan fərqlənən şişlərdir. Sadalanan xüsusiyyətlərə görədir ki, bu növ beyin şişlərinin əksəriyyəti əməliyyatla sağalır və adətən təkrar əmələ gəlmir. Bu şişlər demək olar ki, metastaz da vermirlər. 


Medicina.az-ın məlumatına görə, yaranma səbəbləri dəqiq bilinməsə də, tədqiqatlar, genetik amillər, ətraf mühitin zərərli təsirlərinin (radiasiya, kimyəvi çirklənmə və s.) risk faktorları arasında olduğunu göstərir.


Şişlərin əlamətləri qeyri-spesifik olub, aşağıdakılardan biri və ya bir neçəsi eyni anda görülə bilər:

 

-baş ağrısı


-bulantı-qusma


 

-görmənin zəifləməsi və ya iki görmə

 

-eşitmə problemləri

 

-müvazinətin pozulması

 

-davranışın dəyişilməsi

 

-qıcolmalar 

 

-üzdə, əl və ya ayaqda iflic

 

- əl və ayaqlarda uyuşma və s.


Mövzu ilə bağlı Medicina.az-a açıqlama verən beyin və sinir cərrahı Ruslan Yunusov xoş xassəli beyin şişlərinin əksəriyyətinin beyinin özündən və ya beyin ətrafı toxumalardan (beyin qişalar, sinirlər, damar və s.) əmələ gəldiyini deyib.


"Astrositoma (beyin toxumasından əmələ gəlir), meningioma (beyin zarından əmələ gəlir), şvannoma (beyindən çıxan sinirlərdə əmələ gəlir), hipofiz adenoması (hipofiz vəzində əmələ gəlir), kraniofaringioma, papilloma, kolloid kista və s. xoşxassəli şiş növləridir”, - deyə cərrah bildirib.


Həkimin sözlərinə görə, vaxtında diaqnoz qoyulduğunda və düzgün müalicə aparıldığında xoşxassəli şişlərin müalicəsi mümkündür. Buna görə də bu xəstələrin düzgün və erkən diaqnostikası çox vacibdir: "Nəzərə alsaq ki, bu şişlər yavaş böyüyür və əlamətləri də gec üzə çıxır, diaqnoz əksər hallarda gec qoyulmuş olur. Xəstəlik müalicə olunmadıqda fəsadları çox ola bilər. Onların sırasında görmə və eşitmənin tamamilə itirilməsi, əldə və ayaqda qalıcı ifliclər, üz iflici və s. durur”.


R.Yunusov xoşxassəli şişlərdə müalicənin digər üsulları çox fayda etmədiyi üçün əsas müalicə üsulunun əməliyyat olduğunu deyib: "Əməliyyatda hər zaman məqsədimiz şişi tamam çıxartmaqdır. Tam çıxarılmasa da bu şişlər yavaş böyüdüklərinə görə əməliyyatdan sonra uzun müddət nəzarətdə saxlamaq mümkündür”. 


Bir digər məsələnin də, xəstələrin vaxtında müraciət etməsi olduğunu bildirən həkim, çox zaman xəstələrin gec müraciət etdiyini qeyd edib: "Bu zaman da şiş kifayət qədər böyümüş və xəstələrin simptomları daha ciddi olur ki, bu da əməliyyatın gedişinə və əməliyyatdan sonrakı bərpa müddətinə təsir edir. Buna görə də bu mövzuda maariflənmə çox önəmlidir. Əgər yuxarıda sadalalan şikayətlərdən biri və ya bir neçəsi səbəbsiz yerə əmələ gəlir və davam edirsə, o zaman mütləq mütəxəssisə müayinə olunmaq lazımdır”.


Qeyd edək ki, əməliyyatdan sonra fiziki qüsurların yaranması - ağız əyilməsi, göz çəpliyi və s. mümkündür. Qüsurların düzəlməsinin hər xəstədə fərqli olduğunu deyən həkim, bunun fiziyoterapiya usulları ilə daha tezləşəcəyini nəzərə çatdırıb.


Əlavə edib ki, bəzən isə prosedurlara baxmayaraq pasiyentdə az da olsa qüsur qalmağı mümkündür.

 

Şəhanə Quliyeva