Xərçəngə yol açan “sakit epidemiya” – Hər kəs bu muayinədən keçməlidir

  • 2018.10.09 18:11
  • 10346 Baxış
Xərçəngə yol açan “sakit epidemiya” –  Hər kəs bu muayinədən keçməlidir

Son zamanlar əhali arasında onurğa xəstəlikləri ilə bağlı şikayətlər hədsiz çoxalıb. Belə şikayətləri istənilən yaş kateqoriyalarından eşitmək mümkündür. Skolioz, protruziya, yırtıq,  osteoparoz kimi xəstəliklər əvvəllər niyə bu qədər çox deyildi? Valideyn və mütəxəssislərin çoxu məktəb yaşlı uşaqlarda bu problemin yaranmasını daha çox  məktəb çantalarının ağırlığı  ilə əlaqələndirirlər. Faktorlar arasında çantaların çəkisi də var, bu, inkaredilməzdir, amma əsas səbəblərdən biri bu deyil. 

 

Medicina.az xəbər verir ki, bu mövzuya jurnalist Kəmalə Quliyeva facebook səhifəsində toxunub. 


Qidaların tərkibinə vurulan qatqılar D vitaminini parçalayır


Bəzi mütəxəssislər onu "sakit epidemiya” adlandırırlar. Sakitcə, heç kimə xəbər eləmədən bədəndə öz "işi”ni görür. Və biz hədsiz yorğunluqdan, halsızlıqdan, əzələ, oynaq və sümük ağrılarından, onurğa ilə bağlı müxtəlif şikayətlərdən, minimal travma nəticəsində baş verən sınıqlardan əziyyət çəkirik. 

Söhbət orqanizmdə D vitamini defisitindən gedir.

 

Nevropatoloq Heydər Əsədzadə qeyd edir ki, əvvəllər əhali arasında 100 adamdan bəlkə 3-4-də D defisiti olardı. Son zamanlar isə müayinəyə göndərilən xəstələrin çoxunda D vitamininin defisiti aşkarlanır.  Həkim bunu yediyimiz qidaların tərkibi ilə əlaqələndirir: "Yediyimiz qidaların tərkibinə vurulan maddələr bədəndə D vitaminini parçalayır. Buna görə də sümüklərdə zəiflik əmələ gəlir”. 


D vitamini çatışmazlığı yalnız sümük-əzələ  sisteminə deyil, həmçinin yaşlı əhalidə iltihabi xəstəliklərin, şəkərli diabetin, ürək-damar xəstəliklərinin, depressiya hallarının daha ağır keçməsinə səbəb olur.


D vitamininin defisiti həm də xərçəng, ürək-damar, immun xəstəlikləri, infeksiyalar, ruhi xəstəliklərə "yaşıl işıq” yandırmaq deməkdir. Bəzi məlumatlarda D vitamininin xərçəngin 16 növündən qoruduğu deyilir. 


Bütün bunlar onu göstərir ki, D vitamini ilə bağlı əhali arasında pulsuz icbari müayinələr keçirilməli, ən azı bu müayinələrin qiyməti dövlət və özəl xəstəxanalarda bütün əhali kateqoriyasından olan xəstələr üçün əlçatan olmalıdır. Xüsusən məktəblilər bu müayinələrə cəlb olunmalıdır. 


Əhalinin sağlamlığı da milli təhlükəsizliyin əsas tərkib hissələrindən biridir.