BölmələrRU
Xidmətlər
 

Xalqın “sədəf” adı verdiyi xəstəlik nədir? - Səbəblər, əlamətlər və müalicəsi

Psoriaz  - çəhrayı- qırmızı şişikinlik üzərində ağ, qalın, quru kəpəyəbənzər yığıntı ilə müşaidə olunan dəri xəstəliyidir. Xalq arasında "sədəf” xəstəliyi adını alıb. 

Medicina.az xəbər verir ki, dünya əhalisinin təqdibən 2%-də rast gəlinir. Hər yaşda olan insanlarda müşahidə edilən bu xəstəlik gözlənilmədən ortaya çıxdığı kimi gözlənilmədən də yox ola bilər. Psoriaz xəstəliyi xəstələrdə bir neçə ay, bir neçə il, bəzən isə ömür boyu fasilələrlə davam edə bilər. Keçici xəstəlik deyil. 

Psoriasis vulgaris xəstəliyin ən çox rast gəlinən formasıdır. Ləkələr əsasən diz, dirsək, saç dibi dərisi kimi bölgələrdə müşahidə edilir. 

Psoriazın səbəbləri nələrdir? 

Xəstəliyin səbəbləri hələ də tam olaraq bilinmir. Sağlam bir insanda dəri hüceyrələri 28-30 gün ərzində yetişir. Sədəf xəstələrində isə bu müddət 3-4 günə qədər enir. Sürətlə çoxalan hüceyrələr dəri üzərində yığılaraq kəpəklənmənin əmələ gəlməsinə səbəd olur. 

Psoriaz üçün göstərilən ən əsas risk faktoru genetik amillərdir. Nəsil şəcərəsində sədəf xəstəliyi olan insanların bu xəstəliyə daha çox yoluxma ehtimalının olduğu bildirilir. Sədəfə meyilli olan şəxslərdə xəstəliyi üzə çıxaran bəzi hallar aşağıdakı şəkildə sıralanır: 

Boğaz ya da dəri infeksiyaları 
Stress
Siqaret çəkmək
Hədsiz alkoqol istifadəsi
D vitamini çatışmazlığı 

Psoriazın əsas əlamətləri nələrdir? 

Xəstəliyin əsas əlaməti dəri üzərində olan, üzəri kəpəklə örtülü şişkinliklərdir. Bu şişkinliklər müxtəlif ölçüdə və şəkillərdə ola bilər. Saç dibi dərisində kəpəkli sahələr gözlə görünməyə bilər. Psoriazın formalarına görə əlamətləri də dəyişir: 

Laylı psoriaz: xəstəliyin ən yayılmış formasıdır. Laylar bədənin istənilən yerində əmələ gələ bilər. Qaşıntılı ya da ağrılı olan bu hissələr müxtəlif miqdarda və ölçüdə olur. 

İnvers psoriaz: bu tip sədəflər qoltuqda, qasıqda, süd vəzinin altı kimi yerlərdə kiçik ölçülərdə olur. Bu bölgələr nəmli olduğu üçün sədəfli sahələrdə kəpəklənmə müşahidə edilməyə bilər. Göbələk infeksiyası psoriazın bu tipinin üzə çıxmasını sürətləndirir. 
 
Dırnaq psoriazı: Xəstəliyin bu növü yalnız dırnaqlarda müşahidə edilir. Bu zaman dırnaqlarda qalınlaşma, rəng dəyişikliyi, çuxurlar meydana çıxır. 
Eritrodermik psoriaz: psoriazın ən az rastlanan bu formasında qaşınan və yanğı hissi verən qızartılar bütün bədəni bürüyür. 

Psoriatik artrit: Xəstələrin bəzilərində oynaq tutulmaları müşahidə edilir. Əsasən də yuxarı və aşağı ətraf tutulması ilə müşahidə olunan psoriazın bu növü zamanı nadir də olsa böyük oynaqlar zədələnə bilər. Egər psoriatik artrit zamanı dəri üzərində şişkinliklər yaranarsa, bu zaman xəstəliyin diaqnozunu qoymaq asan olur. Yalnız oynaq tutulmaları ilə müşahidə edilən zaman isə xəstəliyin təyin edilməsi çətinləşir.  

Psoriazın diaqnozu necə qoyulur? 

Çox halda bu xəstəliyin diaqnozunu qoymaq asan olur. 

Fiziki müayinə və xəstəlik tarixçəsi: Həkim pasiyentin xəstəlik tarixçəsini yoxlayaraq, dəri, baş dərisi və dırnaqları müayinə edərək psoriazı təyin edə bilər.

Dəri biopsiyası: Həkim psoriaz diaqnozunu qoyarkən nadir də olsa kiçik bir dəri nümunəsi (biopsi) almağa ehtiyac duya bilər. Alınan nümunə psoriazın tipini müəyyən etmək və digər xəstəlik şübhələrini ortadan qaldırmaq üçün mikroskop altında yoxlanılır. 

Psoriaz necə müalicə edilir? 

Psoriaz müvafiq müalicə ilə kontrol altına alınır. Kəpəklənmələrdə azalmalar və ya tamamilə yoxolma müşahidə edilsə də hər zaman xəstəliyin geri qayıtma ehtimalının olduğunu unutmaq olmaz. Psoriazın müalicəsi xəstəliyin şiddətinə görə dəyişir. Müalicə kursu əsasən 3 hissədən ibarətdir: 

1.Yerli müalicə: Bu müalicə üsulu krem, məlhəm və losyon formasında olan dərmanların birbaşa dəriyə tətbiqi ilə həyata keçirilir. Psoriazın yüngül formalarında bu müalicə forması ən uyğun hesab olunur. Steroidlər, qətranlı maddələr və D vitaminli kremlər dərini nəmləndirəcək, onun qurumasının və kəpəklənməsinin qarşısını alacaq. 

2. Fototerapiya: ultrabənövşəyi şüaların və bəzi xüsusi tabletlərin qəbul edilməsilə tətbiq olunan xüsusi müalicə metodudur. Psoriazlı hissələr çox yayıldıqda yerli müalicə metodu işə yaramırsa və ya xəstəlik bir müddətdən sonra yenidən qayıdırsa, o zaman fototerapiyadan istifadə edilir. Bu müalicə metodunun ən sadə və rahat yolu müəyyən miqdarda günəş işığı almaqdır. 

3. Sistemik müalicə: oral yoldan alınan dərmanlarla tətbiq olunan bir müalicə yöntəmidir. Müalicənin əlavə təsirlərinin çox olması səbəbindən xəstəliyin daha bəsit yollarla müalicəsi mümkün olduqda bu müalicəyə çox da üstünlük verlmir. Müalicəyə başlamazdan əvvəl həkim tərəfindən xəstəyə müalicənin riskləri haqda müəyyən məlumatlar verilir. Qadın xəstələr  sistemik müalicə aldıqda hamilə qalmamalı, həmçinin kişilər də övlad sahibi olmamalıdırlar. 

Psoriaz xəstələri nələrə diqqət etməlidirlər? 

Psoriaz xəstələri əvvəl stress, qüssə, qayğı kimi mənfi hallardan uzaq durmalıdırlar. Özlərini daha yüksək əhval-ruhiyyəyə kökləyən xəstələrdə müalicənin nəticəsi də müsbət olur. 

Dərini qaşımaq, ovmaq, qabıqları qopartmaq xəstəliyin daha da yayılmasına səbəb ola bilər. Buna görə də mexaniki təmasdan uzaq durmaq məsləhətdir. 

Günəşin və dənizin psoriaz xəstəliyi zamanı azaldıcı təsiri olur. Lakin günəşlənmə müddətinin ciddi şəkildə nəzarətdə saxlanması vacibdir. Dərinin günəşdən yanması psoriazı daha da artıra bilər.  

Qış aylarında dərinin nəmliyi azalır və daha da qurumasına səbəb olur. Quru dəri psoriaz xəstələrinda daha çox qaşıntıya səbəb olduğu üçün nəmləndirici krem və losyonların istifadəsi tələb olunur.  

Hər gün çimmək dərinin şişkinliklərinin yatışmasına və kəpəyin təmizlənməsinə kömək olacaq.  

MEDİCİNA.AZ