Vyetnamlılar azərbaycanlı professorun oğlunu ölümdən necə xilas etdilər? - Bu məktub hamını kövrəldir

  • 2018.01.22 16:27
  • 27982 Baxış
Vyetnamlılar azərbaycanlı professorun oğlunu ölümdən necə xilas etdilər? -  Bu məktub hamını kövrəldir
Azərbaycanlı professor Valeh Nəsibov xərçəng xəstəsi olan oğlunu xilas edib dəstək olduqlarına görə Vyetnam xalqına təşəkkür məktubu ünvanlayıb.  


Medicina.az xəbər verir ki, o, məktubunda oğlunun xəstəliyə tutulma və onunla mübarizə tarixçəsini yazıb. Professorun məktubu oxuyanları kövrəldib. 


Vyetnamın Şonla əyalətində ingilis dili müəllimi çalışarkən xərçəngə yoluxan Eldəniz Nəsibovun başına gələnləri atasının dilindən təqdim edirik:


"Oğlum Eldəniz 2017-ci ilin martından işləmək üçün Vyetnama gedir. Eldəniz işlədiyi Şonlada hamının rəğbətini qazanır. Ama iyun ayında ona kəskin leykoz diaqnozu qoyulur. Ailəmiz üçün bu böyük şok idi. Vyetnama çatanda məni Milli Hematologiya institutuna apardılar. Oğlum çox pis vəziyyətdə idi.

 

Gözlərindən qan gəlirdi, qolları gömgöy idi, çoxlu iynə-dərman qəbul edirdi. Bu ağır günlərdə mənə müalicə həkimi Vu Huanq Hunq çox dəstək oldu. Mənə oğlumla bir palatada qalmaq imkanı yaratdılar. Səhəri Kimyaterapiya şöbəsinin rəhbəri ilə görüşdüm. O, Moskvada da oxuduğundan rus dilində bilirdi. O mənə oğlumun xəstəliyindən və müalicəsindən danışdı. Müalicəni dayandırmaq olmazdı. Amma bunun üçün çox pul lazım idi. 


Bakıya qayıda bilməzdik, çünki oğlumun təyyarəyə minməsi təhlükəli idi. Ona görə birinci mərhələ müalicə Vyetnamda keçməli idi. 


Müalicə üçün o qədər pulum olmadığını deyəndə həkim mənə dedi ki, vyetnamlılar dostunu darda qoymaz. İnanın, bütün həkimlər, onların dostları, Eldənizin iş yoldaşları hər yerdə elan verdilər, özləri də kömək etdilər. 


Mən ömrümdə belə həkim və tibb personalı görməmişdim. Həkimlər özləri oğlumun üzünü qırxır, çimizdirirdilər. Həkimlər, tibb bacıları mənimlə birgə həyəcan keçirirdilər. Həkimlər özləri müalicə üçün pul yığırdılar. 


Oğlum kimyaterapiyanı ağır keçirirdi, gözləri tutulmuşdu. Həmin ərəfədə oğlumun şagirdləri onu görməyə gəldi. Uşaqlar müəllimlərini bu vəziyyətdə görəndə qorxdular, hətta bir neçəsi ağladı da. Amam Eldəniz onlara sağalıb, yenidən dərsə qayıdacağını dedi. 


Eldənizin Vyetnamda müalicəsi üçün lazım olan 10 000 dolları Vyetnam xalqı topladı. Hətta məbləğ o qədər yığılmışdı ki, Minsk və Bakıdakı müalicə üçün də istifadə olundu. 


Ən vacibi isə mənəvi dəstək idi. Onun dəyəri yoxdur. Bizi hava limanına onlarla maşın yola saldı. İndi də Eldənizin dostları, həkimləri zəng vurub, onun səhhəti ilə maraqlanırlar. 


Mən bu xeyirxahlıq qarşısında söz tapmıram.


Minnətdaram, vyetnamlılar. Siz çox gözəl, mərd insanlarsız!”


Aygün Musayeva

 

Vyetnamlılar azərbaycanlı professorun oğlunu ölümdən necə xilas etdilər? -  Bu məktub hamını kövrəldir