: "Ana bətnində talassemiya xəstəliyinin aşkar edilməsi mümkündür"Vaqif Qarayev

  • 2018.06.06 10:15
  • 15626 Baxış
: "Ana bətnində talassemiya xəstəliyinin aşkar edilməsi mümkündür" Vaqif Qarayev
İki talassemiya daşıyıcısı evlənərsə, doğulacaq uşağın xəstə olma riski yüksəkdir.


Medicina.az oxu.az-a istinadən xəbər verir ki, bunu pediatr Vaqif Qarayev bildirib.


Onun sözlərinə görə, bu cütlüklərdən doğulacaq uşaqların 25 faizi xəstə ola bilər:


"Nikaha daxil olmaq istəyən vətəndaşlar tibbi müayinədən keçən zaman xəstəlik aşkarlandıqda, ailə qurduqda gələcəkdə üzləşəcəkləri çətinliklər barədə izahat verilir. 


Talassemiya daşıyıcılığı xəstəlik deyil, amma talassemiya ağır xəstəlikdir. Hazırda xəstəliyin sağalması üçün sümük iliyi köçürülür. 


Yaxşı olardı ki, talassemiya xəstəsi doğulmasın. İki daşıyıcı evlənərsə, hər dörd hamiləlikdən birində uşaq xəstə doğula bilər. 


Heç kim zəmanət vermir ki, xəstə uşaq birinci, yoxsa dördüncü hamiləlikdən doğulacaq. Ona görə də iki talassemiya daşıyıcısının evlənməsi risklidir”. 


Pediart bildirib ki, hazırda tibdə ana bətnində talassemiya xəstəliyi aşkar edilir:


"Hamiləliyin 12-19-cu həftəsində bu xəstəlik aşkar edilir. Uşağın abort olunması və ya saxlanılması barədə seçim valideynlərə verilir. İnsanlar yalnız nikaha daxil olan zaman müayinə olunmamalıdır. 


Valideynlər bir yaşlı uşağından ümumi qan analizi verib, onların sağlamlığı barədə məlumatlı ola bilərlər. Qan azlığının səbəblərindən biri də talassemiya daşıyıcısı ehtimalının olmasıdır. Uşaqda bu problem varsa, evlənmə vaxtı gələndə talassemiya daşıyıcısı ilə ailə qurmaqdan imtina edə bilər”.


Vaqif Qarayev qeyd edib ki, inzibati qaydalara görə, heç bir həkim talassemiya daşıyıcısı olan cütlüyə evlənməməsi barədə qadağa qoya bilməz:


"Amma bütün riskləri onlara izah edirlər. Fikrimcə, 8 cütlüyün nikahdan imtina etməsi doğru seçimdir. Vaxtında analiz verib, xəstəliyi aşkar etmək lazımdır. Bizdə elə olur ki, nişan qoyulub, toyun vaxtı danışılır və nikah üçün müraciət etdikdə talassemiya daşıyıcısı və s. xəstəliklər aşkarlanır”.


Qeyd edək ki, 2015-ci il iyun ayının 1-dən bu günə kimi 418 min 757 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib. 153 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb. Onlardan 8 cütlük evlilikdən imtina edib.