BölmələrRU
Xidmətlər
 

Uşaqlıq boynunda, cinsi orqanda yaranan İNSAN PAPİLLOMA VİRUSU İNFEKSİYASI - Qarşısını necə almalı?

İnsan papilloma virusları (IPV) nədir?

İPV (HPV - Human papillomavirus) geniş yayılmış və cinsi yolla yoluxan infeksiyanı (CYYİ) törədən virusdur. İPV-nin  çox sayda müxtəlif tipləri/növləri vardır. Müəyyən növləri genital (cinsi) nahiyədə ziyillərin və xərçəngin əmələ gəlməsi daxil olmaqla, bir sıra sağlamlıq problemləri yarada bilər. Əksər hallarda klinik əlamətlər olmur və ya olduqda da sağalma 1-2 il müddətində özbaşına baş verir.  Bəzi hallarda problemlərin qarşısının alınması məqsədi ilə peyvəndlərdən istifadə edilir.  

İPV-yə necə yoluxurlar?

Virus daşıyıcısı ilə cinsi əlaqədə (əsasən vaginal və ya anal) olduqda yoluxma  baş verə bilər. Hətta virus daşıyan şəxsdə heç bir əlamət və ya simptom olmadıqda infeksiya ötürülə bilər. Bir cinsi partnyoru olduğu halda belə hər bir fəal cinsi həyatı olan insanın virusa yoluxması mümkündür. Xəstəliyin  simptomları bir neçə ildən sonra inkişaf edə bilər və bu səbəbdən insanın yoluxma vaxtını təyin etmək çətindir.

İPV sağlamlıq problemlərinə səbəb ola bilər?

Əksər hallarda İPV özbaşına keçir  və hər hansı bir sağlamlıq problemi yaratmır. Ancaq bəzi hallarda  genital şişuclu kondilomaların,ziyillərin və xərçəngin əmələ gəlməsinə səbəb ola bilər. Genital ziyillər  kiçik və ya böyük ölçüdə, tək və ya qrup, yastı və ya ucu biz, yaxud gül kələmi formalarında müşahidə olunur.  Tibb işçisi  genital nahiyəni müayinə etdikdə onları asanca təyin edə bilər.

İPV xərçəng törədir?

İPV uşaqlıq boynunda və digər xarici cinsiyyət orqanları  və ya anus nahiyələrində də xərçəngin yaranmasına səbəb ola bilər. Virusun müxtəlif tipləri fərqli sağlamlıq problemləri törədir; məsələn, İPV-nin müəyyən tipi  dil və boğaz  nahiyəsində xərçəngə  səbəb ola bilər. Bir çox hallarda insan yoluxduqdan sonra xərçəngin yaranmasına qədər  illər, hətta onilliklər keçə bilər. Virus daşıyıcısında xərçəng və ya hansısa digər  sağlamlıq problemi inkişaf edəcəyini əvvəlcədən təyin etmək mümkün deyil . İmmun sistemi zəif olan  insanlarda (HİV/AİDS) İPV-nin  öhdəsindən gəlmək ehtimalı daha azdır və xəstələnməyə meyillilik daha çoxdur.
 
İPV-nin və onun törətdiyi sağlamlıq problemlərinin qarşısını necə almaq olar?

1. Peyvənd olunmaq. İPV-yə  qarşı peyvənd təhlükəsiz və effektlidir. Peyvənd kişi və qadınları İPV törədən  xəstəliklərdən (xərçəng də daxil olmaqla) qoruya bilər.  Peyvənd altı ay ərzində üç dəfə inyeksiya şəklində vurulur; tam üç dozanı almaq çox vacibdir.

2. Uşaqlıq boynu xərçənginin skrininqi (yoxlanışı) aparılması məsləhətdir. 21-dən 65  yaşa qədər olan  bütün  qadınlar mütəmadi ginekoloji müayinədən keçdikdə uşaqlıq boynu xərçənginin qarşısını ala bilərlər.

3. Cinsi cəhətdən aktiv olduqda:

• Hər zaman lateksdən hazırlanmış prezervativlərdən düzgün istifadə edilməlidir. Lakin prezervativ əhatə etməyən  sahələri də İPV infeksiyalaşdıra bilər; beləliklə  prezervativ tam qorunmanı  təmin etmir.

• Monoqam əlaqə gözlənilməlidir  - yalnız başqa cinsi partnyoru olmayan bir nəfərlə  cinsi əlaqədə olmaq.   

Kimlər peyvənd olunmalıdır?

Bütün 11-12 yaşlı oğlan və qızların peyvənd olunmaları tövsiyə edilir. Əgər bu yaş dövründə peyvənd aparılmayıbsa, oğlanlara 21,  qızlara isə 26 yaşadək peyvəndin vurulması tövsiyə olunur.

İnsanın İPV-yə yoluxub-yoluxmamasını necə öyrənmək olar?

İnsanın "İPV statusunu"  təyin edən test hələlik mövcud deyil. Respublikadan xaricdə yalnız uşaqlıq boynunun xərçəngini   təyin edə  bilən İPV testləri/analiz mövcuddur. Bu testlər 30 və yuxarı yaşlı qadınlar üçün tövsiyə olunur. Kişilərə, yeniyetmələrə və ya 30 yaşa qədər qadınlara həmin testlər yaramır.

Əksər hallarda İPV-yə yoluxan insanlarda heç bir əlamət və ya problemlər yaranmır və buna görə də onlar yoluxduqları barədə bilmirlər. Bəzilərində isə İPV-yə yoluxma halları aşağıda sadalanan vəziyyətlərdə aşkar olunur:

• Cinsiyyət üzvləri nahiyəsində ziyillər  əmələ gəldikdə

• Qadınlarda uşaqlıq boynunun müayinəsi zamanı (Pap testin nəticələrində qeyri-adi hüceyrələrin tapılması)

• Xərçəng  kimi başqa ciddi sağlamlıq problemləri yarandıqda

İPV hamiləliyə necə təsir edə bilər?

İPV-yə yoluxmuş qadında  hamiləlik  zamanı da ziyillər və uşaqlıq boynunun hüceyrələrində qeyri-normal  dəyişikliklər inkişaf edə bilər. Bu səbəbdən hətta hamiləlik zamanı xərçəngə qarşı uşaqlıq boynunun adi skrininqi/müayinəsi  aparılmalıdır. İPV-yə yoluxmuş qadının uşağı da doğuş zamanı yoluxa bilər.

İPV və İPV-yə səbəb olan sağlamlıq problemləri müalicə edilə bilərmi?

İnsan papilloma virusunun ayrıca müalicəsi yoxdur. Ancaq virusun törətdiyi sağlamlıq problemlərinin müalicəsi mövcuddur:

1. Genital nahiyədə ziyillər həkim tərəfindən müalicə edilə bilər. Müalicə olunmadıqda onlar ya öz başına ötüb keçə, ya həmin vəziyyətdə qala bilər və ya onların ölçüləri, yaxud sayı arta bilər.

2. Uşaqlıq boynunun xərçəngönü vəziyyətləri müalicə oluna bilər. Qadın vaxtında müvafiq ginekoloji müayinələrdən keçdikdə və  problem aşkar olunduqda xərçəngin inkişafının qarşısını almaq mümkündür.

3. İPV-yə səbəb olan başqa orqanların xərçəngi də erkən aşkar edilib müalicə olunduqda tam sağalma mümkündür.