Uşaqlarda qurd analizlərini nə zaman verməli? - VAXT VƏ PUL İTKİSİ...

  • 2018.03.30 14:32
  • 24270 Baxış
Uşaqlarda qurd analizlərini nə zaman verməli? -  VAXT VƏ PUL İTKİSİ...
Uşaqlarda iştahsızlıq, ishal və bu kimi problemlər olduqda valideynlərin ağlına gələn ilk şey qurd olur. Onlar dərhal qurd əleyhinə preparatlar istifadə etməyə, türkəçarə üsullarına baş vurmağa başlayırlar. 


Bəs hansı göstəricilər qurdun əlamətidir?

 

Valideynlər nə zaman hərəkətə keçməlidirlər?


Mövzu ilə bağlı Medicina.az-a açıqlama verən pediatr Xəyalə Quliyeva qurd analizlərindən danışıb. Onun sözlərinə görə, qurd invaziyalarına görə qanda etdirilən analizlər vaxt və pul itkisindən başqa bir şey deyil:


"Övladlarınızda iştahsızlıq, çəki, boy artımının zəif olması, gecələr ağızdan suyun gəlməsi, diş qıcanmaları, arxa nahiyədə qaşınma, qəbizlik, ishal, qida qəbulu zamanı qarında əsasən də göbək nahiyəsində ağrılar, səhərlər ürək bulanma, öyümə, qusma əlamətləri varsa, mütləq nəcisdə qurd analizi etdirin. Əlamətlər varsa, nəcis ümumi analizində göstərmirsə, analizi ən azı 3-5 dəfə etdirin”.


Pediatr qurd aşkar edildiyi təqdirdə bitki mənşəli dərmanlarla müalicə etdirməyin düzgün olmadığını qeyd edib.


"Kimyəvi dərmansız bunlar məhv olmayacaq. Bitki mənşəli dərmanlar yalnız əlavə yardımçı ola bilərlər. Həkim təyini olmadan özbaşına dərman qəbulu çox yanlışdır. Çünki çox və düzgün istifadə edilmədiyi təqdirdə qaraciyərə zərər vura bilərsiniz”, - deyə həkim vurğulayıb.

 

Şəhanə Quliyeva