Uşaqlarda anadangəlmə qüsurlar necə aşkarlanmalıdır? - VİDEO

  • 2018.04.14 13:55
  • 33986 Baxış
Uşaqlarda anadangəlmə qüsurlar necə aşkarlanmalıdır? -  VİDEO
Yeni doğulanlarda hansı anadangəlmə inkişaf qüsurları və xəstəliklər təhlükəli sayılır? İnkişaf qüsurları və xəstəlikləri törədən faktorlara qarşı necə mübarizə aparmaq olar?  Hansı qüsurları tamamilə aradan qaldırmaq mümkündür? 


Medicina.az xəbər verir ki, uşaq cərrahı, Klinik Tibbi Mərkəzin əməkdaşı Allahverdi Musayev və Respublika Diaqnostika Mərkəzinin pediatr-neanotoloqu Yalçın Mirzəyev bu və başqa sualları Apatv-ə cavablandırıblar.

 


A.Musayev anadangəlmə inkişaf qüsurlarının artması barədə fikirlərə münasibət bildirərkən deyib ki, əslində say artmayıb, bu, tibbin, müayinə metodlarının inkişafı, müasir diaqnostika metodları ilə problemlərin vaxtında aşkarlanması ilə bağlıdır.


Onun sözlərinə görə, artıq bəzi anadangəlmə qüsurları hətta uşaq ana bətnində olanda,  hamiləliyin 4-5-ci ayında müəyyən etmək mümkündür: "Anadangəlmə ürək, böyrək, qida borusu problemləri, mədə-bağırsaq yollarında olan patologiyaları asanlıqla aşkar etmək mümkündür".


Həkim bildirib ki, ürək qüsurları, onurğa beyni yırtıqlarını hamiləliyin 5-6-cı ayında aşkarlamaq mümkündür. Mütəxəssisin sözlərinə görə, inkişaf qüsurlarının yaranmasında, ətraf mühit, genetik, qidalanma və s. faktorların rolu var.


Cərrah inkişaf qüsurlarından böyrək problemlərinə daha çox rast gəlindiyini deyib: "Böyrək və sidik axarlarının genişlənməsi ilə bağlı daha çox patologiya görürük. Bundan başqa mədə-bağırsaq, qida borusu ilə bağlı patologiyalara da rast gəlinir".


O, yarıq damar problemlərinə də son vaxtlar çox rast gəlindiyini vurğulayıb.


A.Musayev uşaqlarda rast gəlinən bir sıra ürək və damar qüsurlarının daha təhlükəli olduğunu da açıqlayıb.

 

Pediatr-neanotoloq Yalçın Mirzəyev deyib ki, hamiləlik dövründə ana və döl mütləq izlənməlidir. Erkən olaraq qüsurlar aşkarlanarsa, dəqiq diaqnoz qoyulmalıdır. Lazım gələrsə, mümkün olarsa elə uşaq bətnindəykən problemi aradan qaldırmaq lazımdır:


"Əvvəllər qüsuru olan uşaqlar çox yaşamırdı və onların nədən öldüyü çox zaman bəlli olmurdu. Amma  bu gün həm erkən diaqnostika, həm də zamanında problemi aradan qaldırmaq imkanları çox genişdir”.


Pediatr deyib ki, genetik mutasiyalar, o cümlədən ananın keçirdiyi infeksiyalar inkişaf qüsurlarının yaranmasına səbəb ola bilər. O, qohum evliliklərinin inkişaf qüsurlarının yaranması baxımından risk faktoru olduğunu da açıqlayıb.


Həkim deyib ki, bu gün yeni doğulan uşaqlarla bağlı ən böyük problemlərdən biri hiperdiaqnostika halı ilə bağlıdır: "Normal qəbul edilə biləcək əlamətlərin şişirdilmiş  diaqnostika-gərəksiz testlər, müayinələrlə xəstəlik kimi qəbul edilməsi, uşaqlara xəstə uşaq kimi yanaşılmasına səbəb olur.


Valideynlər daha çox yeni doğulanlarda ağlama, ağlayarkən çənədə əsmə şikayətləri ilə müraciət edir, beyində anadangəlmə problemlərin olduğunu deyir, uşağa kəllədaxili təzyiq diaqnozunun qoyulduğunu bildirirlər. Halbuki kəllədaxili təzyiq çox ağır beyin problemlərinə bağlı olan, bunlar isə nadir hallarda yaranan bir problemdir. Əksər uşaqlarda belə bir halın olması mümkün deyil. Yaxud da ailələr daha çox körpələrə qoyulan timus diaqnozu ilə müraciət edirlər. Adətən uşaqlarda timusun böyük olduğu, bunun əlaməti kimi uşaqda nəfəs almada xırıltı yarandığını deyirlər. Əslində isə yeni doğulanlarda timus vəzinin böyük olması normal haldır. Bəzən rentgen müayinəsində timus vəzi ürəkdən də böyük görünə bilər. Bu, fizioloji bir haldır. Uşaqda xırıltı yaranmasının tumus vəzi ilə bağlılığı yoxdur, bu, sırf nəfəs yollarında yaranan problem, tıxanma ilə də bağlı ola bilər. Yeni doğulmuşlarda hansı əlamətin normal, hansının anormal olduğunu dəqiq müəyyənləşdirmək lazımdır ki, sağlam uşaqlar xəstə kimi qəbul olunmasın”.


Y.Mirzəyev hesab edir ki, məhz səhv diaqnozlar nəticəsində əsl xəstəlik diaqnozu olan uşaqlar müalicədən kənarda qalır.