Uşaqlar arasında yeni virus infeksiyası yayılıb: boğaz ağrısı, qızdırma...

  • 2018.04.04 10:37
  • 25968 Baxış
Uşaqlar arasında yeni virus infeksiyası yayılıb:  boğaz ağrısı, qızdırma...
Hazırda həm uşaqlar, həm də böyüklər arasında boğaz ağrısı, qızdırma, halsızlıq əlamətləri ilə müşayiət olunan xəstəlik əsasən kəskin respirator virus infeksiyasıdır.


Medicina.az-ın məlumatına görə, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.


Onun sözlərinə görə, kəskin respirator virus infeksiyaları həm böyüklər, həm də kiçiklər arasında müşahidə olunsa da, bu, daha çox kiçik yaşlılar arasında müşahidə edilir.


A.Əliyev əlavə edib ki, kəskin respirator virus infeksiyası ilə yanaşı, havaların qeyri-sabit keçməsi ilə əlaqədar hazırda insanlar arasında soyuqdəymə hallarına da rast gəlinir: "Valideynlərin uşaqlarını hava şəraitinə uyğun geyindirməməsi, həkimə vaxtında müraciət edilməməsi, düzgün müalicə olunmaması belə hallara səbəb olur”.


A.Əliyeva bildirib ki, ötən il ölkədə kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi 2016-cı illə müqayisədə 11 faizə yaxın azalıb: "Bu ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər azalma müşahidə olunur. Bizə həftəlik daxil olan məlumatlar da onu göstərir ki, son həftələr, xüsusilə Novruz bayramından sonrakı həftələr ərzində kəskin respirator virus infeksiyalarına yoluxmanın azalması halları 2 dəfəyədək azalıb. Amma buna baxmayaraq, əks-epidemik tədbirlər davam etdirilir”.