Uşağınız gec dil açırsa... – Həkimdən xəbərdarlıq

  • 2017.09.29 17:04
  • 20546 Baxış
Uşağınız gec dil açırsa... –  Həkimdən xəbərdarlıq
Əksər valideyn uşağının tez böyüməyini istəyir. Buna görə də adi bir hərəkəti körpə gec öyrəndikdə narahat olurlar. Təşvişə düşən valideynlər isə çarəni həkimdə görürlər. Bəzən həkimin yanlış müdaxiləsi nəticəsində də istənilməyən nəticələr yaranır. Anaları əsas düşündürən məsələlərdən biri də uşağının tez dil açmamağıdır.

 

Uşaq gec danışırsa, buna səbəb hansı problem ola bilər?


Medicina.az-a açıqlama verən pediatr Xəyalə Quliyeva risk faktorlarının sırasında jestlərdən məhdud istifadənin olduğunu deyib: "Jestlər uşağın nitqdən öncəki mərhələdə, nitqin inkişaf mərhələsində, 1,5-2 yaşlı körpələrin birinci, qeyri-verbal ünsiyyət vasitəsidir. Nitq açılana qədər uşaqlar başa düşür ki, jestlərlə istədiklərini bildirməlidirlər. Məsələn, nəyisə istədikdə əllərini açaraq "mənə ver" jestindən istifadə edirlər. Həmçinin, uşaqlar əl çalmaq, salamlaşmaq, vermək, göstərmək, şəkil çəkmək kimi jestlərdən istifadə edirlər”.


Pediatrın sözlərinə görə, normal inkişaf edən uşaqlarda imitasiya (hərəkətləri təkrarlama) bacarığı olmalıdır. 


"İmitasiya uşaqların böyüklərin hərəkətlərini təkrarlamasıdır. Məsələn, oyun əsnasında, ata və ya baba uşaqla oynadığı zaman ata iməkləsə, uşaq da onu təkrarlayacaq, yaxud baba əl çalır və uşağa əl çal dedikdə o da əl çalmalıdır. Uşaq oyun zamanı partnyorunu təkrar etməlidir. Adətən nitqin inkişafı normal olan balacalar əvvəl jestlərdən istifadə edirlər və böyükləri təkrar edirlər. Bu təkrarları nitqdə də istifadə edirlər. Balacalar valideynlərin dediyi hecaları həmin anda təkrar etməyə başlayırlar. Əgər uşağınız jestlərdən istifadə etmirsə, nitq fəaliyyəti və fiziki hərəkətlər baxımından sizi təkrar etmirsə, bu zaman nitqdə problemin ləngimənin olmasından şübhələnə bilirik”-deyə X.Quliyeva vurğulayıb.


Araşdırmalar göstərir ki, uşaqlarda jest və imitasiyasının olmasını, düzgün şəkildə istifadəsini 18-36 ay müddətində onun nitq bacarıqları kimi proqnozlaşdırmaq olar.


Normal nitq inkişafı gedən uşaqlarda jestlərdən istifadə 9-10 aydan başlamalı və hər ay 2 yeni jest əlavə etməlidirlər. Ekspertlərin fikrinə görə, əgər uşaq 1 yaşında ən az 2 jest istifadə etmirsə, bu, uşağın nitqiylə bağlı narahat olmağımız üçün qırmızı bayraqdır.


Əgər uşaq jestlərdən istifadə etmirsə, sizi təkrarlamırsa, autizm riskli kateqoriya ilə bağlı diaqnostik testindən keçmələri mütləqdir.


Həkim, balacalara jestlərin necə aşılanmasının üsullarından da bəhs edərək məsləhətlər verib: "Birinci model jestlər özünüzsünüz. Bunun üçün ən asan yol yenə imitasiya, yəni əl və ya başla istifadə edəcəyiniz hərəkətlərlə uşağa danışmağı öyrətməkdir. "Hə", "yox" demək üçün başı silkələmək, əllə öpüş yollamaq, beş vurmaq və ya uşaq mahnılarıyla imitasiya etməkdir.


Əgər 1,5-3 yaşlı uşağınız jestlərdən istifadə etmirsə, sizi təkrar etmirsə, ilk olaraq uşaq psixiatrı, nevropatoloq, pediatr kimi səhiyyə işçilərinə müraciət etməlisiniz. Diaqnostik nəticə olaraq səhiyyə mütəxəssisiniz tərəfindən ehtiyac olduğu halda loqoped və psixoloqa yönlədiriləcəksiniz”.

 

Şəhanə Quliyeva