BölmələrRU
Xidmətlər
 

Uşağın bədəni harasa toxunanda tez bir zamanda göyərirsə, qanın müayinəsi vacibdir- HEMATOLOQ

 Son illərdə daha çox yayılan qan xəstəlikləri hansılardır? İrsi qan xəstəliklərinin qarşısını almaq mümkündürmü? Azərbaycanda talassemiyanın daha çox yayılması nə ilə bağlıdır? Talassemiya daşıyıcıları üçün hansı risklər var?
Medicina. az xəbər verir ki, APA TV-nin "Öncə sağlıq" layihəsinin növbəti buraxılışında qonaq olan Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun hematologiya şöbəsinin müdiri, hematoloq Gülbəniz Quliyeva bu və başqa suallara aydınlıq gətirib.

 G. Quliyevanın sözlərinə görə, bütün dünyada həm qazanılmış, həm də irsi qan xəstəliklərinə geniş rast gəlinir.

 Qazanılmış qan xəstəliklərindən birinin də dəmir defisitli anemiyalar olduğunu deyən hematoloq bildirib ki, bu problem bütün dünyada böyük faiz təşkil edir.

 İrsi qan azlığı xəstəliklərinə də çox rast gəlindiyini açıqlayan mütəxəssis deyib ki, bu xəstəliklər arasında Azərbaycanda ən geniş yayılanı talassemiyadır. Hematoloqun sözlərinə "Betta talassemiya" Azərbaycanda endemik ocaq sayılır: "Qazanılmış talassemiya gen defektidir. Bu defekt uşağa bir və ya hər iki valideyndən keçə bilər. İki valideyndən keçən xəstəlik böyük və orta talassemiyadır. Bu, uşaqlarda bir yaşdan sonra özünü büruzə verir. Əsasən qan azlığı, dalağın, qaraciyərin böyüməsi, sümüklərin konfiqurasiyasının dəyişməsi, dərinin saralması, xroniki parçalanma kimi simptomlar əmələ gətirir".

 
G.Quliyeva həmçinin Azərbaycan əhalisi arasında talassemiya xəstəliyinin 8-9% təşkil etdiyini bildirib.

 
Hematoloq deyib ki, bu baxımdan evlənən cütlüklərin nikahdan öncə talassemiya ilə bağlı müayinəsi məqsədəuyğun hesab edilir. O, talassemiya daşıyıcılığının qorxulu hal olmadığını açıqlayıb: "Talassemiya geninin daşıyıcılığı qorxulu xəstəlik deyil, sadəcə, gen defektidir. Gələcəkdə bir formanın başqa bir formaya keçməsi qətiyyən mümkün deyil. Övlad valideyndən hansı geni götürübsə, həyatının sonuna qədər həmin geni daşıyır. Yeganə risk var, bu da iki talassemiya daşıyıcısının nikaha daxil olmasıdır. Yalnız nikahdan öncə bilməlidirlər ki, gələcək nəslin sağlam olması üçün kiminlə evlənmək olar". 
 
G. Quliyeva qan xərçənginin yayılması, yaranma səbəblərindən danışıb. Hematoloq deyib ki, son illərdə qan xərçənginin müalicəsi yönündə hədəf terapiya aparılır və müsbət effekt verir.

 Qan xəstəliklərinə səbəb olan qohum evliliklərindən bəhs edərkən mütəxəssis birinci sırada qohum nikahların daha riskli sayıldığını açıqlayıb: "Əmioğlu-əmiqızı, xalaoğlu-xalaqızının nikaha daxil olması zamanı irsi qan xəstəliklərinin yaranması ehtimalı daha çoxdur".

 
Onun sözlərinə görə, orqanizmə artıq dəmir qəbulu qanın parçalanmasının, qan azlığının səbəblərindən biri sayılır. Mütəxəssis bu baxımdan yanlış qidalanma və bəzi hallarda aparılan yanlış müalicələrin hansı fəsadlara yol açdığını da vurğulayıb.

 
İrsi qan xəstəliyi olan hemofiliyalar barədə sualları cavablandıran həkim deyib ki, uşağın bədəni harasa toxunanda və yaxud yıxılanda tez bir zamanda göyərirsə, bu halda hematoloqa müraciət edib, qanın müayinəsini aparmaq vacibdir: "Bu, artıq hemofiliyaya, uşağın sağlam olmadığına işarədir".

 
Hematoloq deyib ki, qan analizlərinin düzgün aparılması diaqnostikanın ən önəmli tərəfidir.