BölmələrRU
Xidmətlər
 

“Türkiyədə mənə “Xərçəng” diaqnozu qoydular” – Tanınmış şair

Medicina.az bu yaxınlarda 60 illik yubileyini qeyd edən tanınmış şair Rüstəm Behrudinin kulis.az-a müsahibəsini təqdim edir.  
 
- 60 yaş vermək olmur sizə. Bu, kompliment deyil, ciddi sözümdür.
 
- Son vaxtlar iki ağır əməliyyat keçirmişəm, yoxsa lap cavan qalmışdım.
 
- Nədir səhhətinizdəki problem?
 
- Bir kəlmə deyə bilərəm ki, ürəyimdə və boynumda əməliyyat oldu. Başqa heç nə. İnsan özünə aid olan şeyləri hamı ilə bölüşməsin gərək.
 
- Arada arzuolunmaz bir diaqnoz da qoyublar sizə, mən bilən...
 
- Hə, ağciyər xərçəngi. Sonra məlum oldu ki, yalandı.
 
- Türkiyədə yoxlandınız?
 
- Diaqnoz orda qoyulmuşdu, elə orda da məlum oldu ki, yanlış diaqnoz qoyulub.
 
- Qorxdunuz?
 
- Heç vecimə almadım. Adamın bir əbədiləşmək istəyi var. Şairlərin də xüsusilə. İstəyirlər bütün zamanlarda onlardan yazsınlar, onlar haqqında düşünsünlər. Ona görə, bəzi şair və yazıçılar yalandan danışırlar ki, mən ölümdən qorxmuram-filan. Ancaq mən bir neçə dəfə ölümü yaxından gördüyümdən buna öyrəşmişəm.
  
- Adətən belə xəbərləri xəstəyə demirlər...
 
- İstanbulda yoxlandım, dedilər, ciddi heç nə yoxdur. Yağışlı hava idi. Küçəyə çıxmadım. Otelə gəldim. Özümlə kitab götürməmişdim. Darıxdığımdan başladım müayinə kağızlarını oxumağa, birdən rastıma çıxdı: ağciyər xərçəngi! Gecəni yatmadım. Yuxum qaçdı. Təbii ki, ağır xəbərdir. O an Nazim Hikmətin bir şeiri yadıma düşdü:
 
Gecə gələn teleqraf dörd hecadan ibarətdi:
"Vəfat etdi”
Sən göz yaşlarını göstərmədən ağlayacaqsan
Gecə gələn teleqraf xəbərlərinə.  
 
Həkimimə zəng vurdum. Dedim, məni niyə aldatdınız? Dedi, şəhərdə deyiləm, sabah gələrsən yanıma. Həmin gecə bir tilov aldım, getdim balıq tutmağa. Səhərəcən balıq tutdum. Sabah səhər yalan çıxdı. Dedilər, ağciyərdə balaca bir ləkə var. O da yəqin çox siqaret çəkməkdəndi. Çox çəkirdim. Günə üç-dörd qutu. İndi demək olar, çəkmirəm.
 
- Mən içməyə gedərdim...
 
- Ağlıma gəldi, sabah müayinəyə getməli idim, içə bilməzdim. Balıq tutmaq içkidən artıq zövq verir mənə. Həm də ovudur. Əgər cəhənnəmdə balıq tutmağa icazə varsa, ora getmək istəyərəm. Dünyanın dörd bir yanını gəzmişəm və bütün getdiyim yerlərə özümlə tilov aparmışam. Uşaqlıqdan balıq tutmağa inanılmaz sevgim olub.      
 
- Okeanda balıq tutmusunuz?
 
- Tutmuşam.
 
- Əvvəl öz çayında balıq tutursan, sonra dənizdə, sonra okeanda. Şeir də belədir. Məncə, siz kəndinizin və ölkənizin şeirini yazdınız. Bəs dünyaya çıxacaq şeiri necə, yaza bildiniz? 
 
- Yaxşı bənzətmədir (gülür). Doğrudan belədir. Təbii ki, oldu. Əsl şeir elə dünya şeiridir. Mənim belə şeirlərim var. Misal üçün, "Azadlıq, Torino kəfəni və zəvvarlar” şeiri. Bəlkə də iyirmi dilə tərcümə olunub. Bu, artıq dünyanın şeiridir. Burda Lui Araqonun, Qarsia Lorkanın, Pablo Nerudanın üçünün ayrı-ayrı yazdığını mən bir şeirdə birləşdirmişəm.
 
- Ədəbiyyat mütəxəssisləri düşünür ki, ədəbiyyatdan, sənətdən yuxarı heç bir ideologiya olmamalıdır. Amma baxıram, iş otağınızda, başınızın üstündə Atatürkün, Elçibəyin və Boz qurdun rəsmləri asılıb. Sizcə, bir şair üçün bu, nə deməkdir?
 
- Tamamilə razıyam! Ədəbiyyatı fərqli ideyalarla çox yükləmək olmur. Böyük mənada belədir. Ancaq bütün millətlərin taleyində bir keçid var, mən də həmin keçid dövrünə düşmüşəm. Bir missiyam var ki, böyük şeirlərlə yanaşı o şeirləri də yazım. Bunları heç kim yazmır, mən məcburam. Bir kitabım var, indi sənə bağışlayacam - "Şaman duasından dar ağacına” – orda həmin siz deyən ideoloji şeirləri ayırmışam.
 
- Və sizi daha çox bu şeirlərdən tanıyırlar...      
 
- Elədir. Amma bəşəri mövzularda da uğur qazanan, tanınan şeirlərim var.
  
- Əslində, vətən-millət şeirlərini çoxu yazır, amma alınmır.
 
- Doğrudur. Yadımdadır, 80-ci illərdə mən "Boz qurd” adlı şeirimi yazmışdım. Ən tanınmış şairlərimiz dedilər ki, adam heyvana şeir yazmaz (gülür). Aradan beş-on il keçdi, onlar özləri Boz qurda şeirlər yazdılar. 
 
- Totem olduğunu bilmirdilər?
 
- Məncə, o qədər ağılsız deyildilər. Bilirdilər. Elə bəlkə bildikləri üçün belə deyirdilər.                 
 
- Sizin boynunuz sarıqlı bir fotonuzu gördüm. Mənə elə gəldi dar ağacının ip yerləri sızıldayır, ona görə sarımısınız... Bəlkə, boynunuz o ilgəkdən ötrü darıxır?
 
- (Gülür) Şərif! (Yenə gülür). Bayaq da dedim, inan səmimiyyətimə, ölümdən qorxmuram. Ölümü o qədər görmüşəm ki, mənim üçün adiləşib. Hətta bir dəfə də intihar eləmək istəmişəm. "Şıxov”da özümü dənizə atmışam, məni son anda çıxarıblar. Bir dəfə də hündür mərtəbədən sementin içinə yıxılmışam. Bir dəfə isə qır qazanına düşmüşəm. Ordubadda. İpək fabrikində. Gecədən möhkəm qar yağıb lyukun ağzını örtmüşdü, ayağımı atdım, düşdüm boşluğa. Amma özümü itirmədim, lyukun ağzından yapışıb neçə saat qaldım. Yaxın çayxananı açan oğlan məni təsadüfən görüb, xilas elədi. Yəni bu hadisələrlə, belə deyək, ölümə öyrəşmişəm. O sən deyən, məcazi dar ağacına dəfələrlə çəkilmişəm.
  
- Qır qazanını bu dünyada görmüsünüz...
 
- Bəli. Elə buna görə də islama inanmıram.       
 
- Niyə? Əyani görmüsünüz ki, qır qazanını.
 
- O söhbəti bütün ordubadlılar bilir.
 
- Günah yaşınız da olmayıb, deyək, ona görəymiş. Bəlkə gələcək günahlarınızın cəzası imiş?
 
- Yox. Mənim inandığım Tanrı ərəblərin Allahı deyil. Bizdə qır qazanı yoxdur. Heç Adəm və Həvva hekayəti də yoxdur. Türkün inanclar sistemi tamam fərqlidir. Bizim Tanrı deyir ki, mən sizi işıq selinin içində yer üzünə göndərdim. Otuz il əvvəl "Göy adamları” adlı şeir yazmışdım. Niyə yazmışdım, bilmirəm. İllər keçəndən sonra türk dastanlarını və mifologiyasını oxuyanda gördüm ki, doğrudan da insan yer üzündə yaranmayıb, bura göndərilib. Burda insanın yaradılması üçün şərait yoxdur. İnsan niyə dua oxuyanda yerə yox, göy üzünə baxır? Gəldiyi yerə etiqad edir, ona görə. Bizim tanrı ərəblərinki kimi hesabat istəmir.
 
- Dar ağacı da yoxdu.  
 
- Yoxdu. Dar ağacı burdadı. Yer üzündə. Bax, deyirsən e, günahların-filan, məhz günahım olmadığı üçün boynumdan dəfələrlə o dar ağacının kəndiri qırılıb, son anda xilas olmuşam. Sənə bir şey də deyim. İndi dəb halını alıb, çıxıb deyirlər ki, mən milli azadlıq hərəkatının liderlərindən olmuşam. Bunu ilk dəfə sənə deyirəm və xahiş edirəm açıq şəkildə yazasan. Mənim inqilabçı kimi tarixdə qalmağa nə şansım var, nə həvəsim. Mən şairəm. Amma hamı iddia edəndə ki, hərəkatın lideri olmuşam, məcburam danışam. Yalandır! Onların heç biri ilk dəfə o meydana getməyə ürək eləmədilər. Bircə Sabir Rüstəmxanlının şansı vardı getməyə, işlədiyimiz "Yazıçı” nəşriyyatının direktoru onu qorumaq üçün otağa salıb ağzını bağladı. Camaatın qabağına mən düşdüm. Dedilər, biz sənin şeirlərinlə hərəkata qoşulmuşuq, indi özün gəl düş qabağımıza. Bu, 1988-ci il fevralın 19-da olub. Əslində, Meydan hərəkatının gerçək tarixi budur. Yenə deyirəm, mənim lider kimi tarixdə qalmaq iddiam yoxdur, sadəcə həqiqət naminə deyirəm ki, oxucular bilsin. İlk dəfə meydana getdim və bilirdim ki, bu yolda ölüm var. Getdim və təkbaşına meydanı idarə etdim.
  
Milli ədavəti qızışdırmaq adı ilə məni həbs də elədilər, qışın günü su buxarıyla dolu bir zirzəmiyə atdılar. Orda da ölə bilərdim. Deməyim nədir? Dar ağacını çox gördüm. O şeir elə-belə yazılmayıb. Amma onu da deyim ki, "Salam, dar ağacı” mənim ən zəif şeirimdir.         
 
- O, xərçəng xəbərini eşidəndə təəssüflənmədiniz ki, ey dadi-bidad, kaş elə o hərəkatda qəhrəman kimi öləydim?
 
- Səmimi etiraf edim ki, ağlıma gəldi. İstər-istəməz. Başqa bir ölümü Naxçıvanın Kərki kəndi mühasirəyə alınanda gördüm. Orda 17 nəfər qalmışdı, son ana qədər döyüşmüşdülər və patronları qurtarmışdı. Biz onlara silah və patron apardıq. Özü də erməni postundan keçdik. O kənd Ermənistanın içərisində idi. Qəfil atışma düşdü, güllələr arxamdakı daşa dəyirdi, amma heç gizlənmək ağlıma gəlmirdi. Ölüm o qədər adi gəlirdi mənə. İnsanın həyatında belə anlar olur. Qəhrəmanlıq da an məsələsidir. Rəhmətlik Ziya Bünyadov deyirdi, qəhrəmanlar ya dəlilərdən olur, ya qorxaqlardan. Normal adam qəhrəmanlıq edə bilməz. Bir məqam var ki, onu adlayandan sonra ölüm adiləşir. Son qırx ildə mən bu məqamı bir neçə dəfə adladım.   
 
- Elçibəylə dost olmusunuz. Şair taleyinizdə onun rolu oldumu?
 
- Məncə, yox.
 
- Bilirsiniz, nə mənada deyirəm? Adınızı çəkirdi, ona görə sizi çoxlu adamlar oxuyurdu...
 
- Hə, bunlar olub. Bu sualınız bir xatirəni yadıma saldı. 1979-cu ildə Elçibəyin toyu oldu. O vaxt mən təyinatla Kələki kəndinə gedib müəllim işləyirdim. Toy gedən gün kirayə qaldığım evdə idim. Birdən qapı döyüldü, Elçibəylə Vaqif Cəbrayılzadə içəri girdilər. Bizi tanışı elədi. Dedi, Rüstəm mənim dostumdu, onun şerilərinə bax, mümkünsə "Ulduz” jurnalında çap edərsən. O vaxt, üç ədəbiyyat orqanı vardı – "Ulduz”, "Azərbaycan”, "Ədəbiyyat qəzeti”... Burda çap olunmaq çox çətin idi, çap olunandan sonra bütün Azərbaycan səni tanıyırdı. Vaqif "Ulduz”da şeir şöbəsinin müdiri idi. Orda toy gedir, burda bunlar mənim evimdə oturub çay içirlər. Vaqif şeirlərimi götürdü və o vaxt üçün inanılmaz bir hadisə oldu: növbəti nömrədə şeirlərim çıxdı. Bir qəribə fakt da deyim. İllər sonra Bakıya gəldim, "Yazıçı” nəşriyyatında şöbə müdiri oldum və Vaqifin ilk kitabını mən çap elədim. Redaktoru da özüm idim. Kitabın adını da mən qoydum: "Unudulacaq bütün sevdalar”.
 
- Bir səmimi cavab istəyirəm: Elçibəy prezident olanda ondan nəsə istədiniz?
 
- Heç vaxt! Hətta məni nazir postuna dəvət elədi, getmədim. Dedim, mən öz işimlə məşğul olmaq istəyirəm.  
 
- Nazirliyi demirəm, gərək Yazıçılar ittifaqına sədr gələydiniz. Əgər orda olsaydınız indi AYB-dən siz yox, Anar çıxardı...
 
- (Gülür) Kəramət Böyükçöl yazmışdı ki, Rüstəm Behrudi Heydər Əliyevlə danışırdı, Rüstəmin əvəzinə Anar qorxurdu (yenə gülür). Əla məqamı tutub.
 
- Yeri gəlmişkən, AYB-dən niyə çıxdınız? Ad gününü təbrik etməməyə görə təşkilatdan çıxırlar?
 
- Elə deyil. Gördünüz "26-lar” kafesi ilə bağlı söz-söhbəti? Onların belə işləri çoxdur. Bax bu məsuliyyəti bölüşməmək üçün ordan çıxdım. Yazıçılar Birliyini o qədər söyürlər, mən niyə o söyüşə şərik olmalıyam? Və son hadisələr göstərdi ki, haqlı söyürlər. Ordan çıxmağıma sevinirəm. O çirkablar mənim üstümə düşmür.
 
- Çoxlu dostlarınız var orda. Bir az onlara dəymir ki, sözünüz?
 
- Onların şəxsi işidir. Mən öz adımdan danışıram.     
 
- Yubileyinizlə bağlı nəsə təklif etmədilər?
 
- Keçirmək istəyirdilər, özüm razılaşmadım. İstəmirəm.
 
- Elçibəydən daha bir sual vermək istəyirəm.
 
- Buyur.
 
- Onun məşhur sözü var: "Tankın qabağında dayanan dostlarım, pulun qabağında dayana bilmədilər.” Siz də dostu olmusunuz...
 
- Anladım səni. Tanıyan adamlardan soruşa bilərsən, mən heç vaxt dəyişmədim. Nə idimsə yenə oyam. Dünyada ən zəhləm gedən şey təslim olmaqdır. Təslim olmadım. Günah işlətmədim. Əmin ola bilərsiniz.  
 
- Sizi varlı hesab edir çoxu.
 
- Hə (gülür). Bir dəfə AYB-dən kimsə yazmışdı ki, Rüstəm istəsə qardaşlarıyla birləşib vertolyot alar, bura vertolyotla gəlib-gedər.
 
- Doğrudan vertolyot ala bilərsiniz?
 
- Nə bilim? Gərək soruşam qardaşlarımdan. Vertolyot neçəyədir ki? Qardaşlarım 20-30 ildir bizneslə məşğuldurlar, bəlkə də ala bilərlər. Mən ömrüm boyu alverlə məşğul olmamışam. Uşaq vaxtı kasıb idik, qardaşlarımla gilas yığırdıq satmaq üçün, amma mən bazara getmirdim. Bacarmırdım. Mənlik deyil. İndi də beləyəm. Bir dəfə Aqşin Yenisey yazmışdı ki, Rüstəm Behrudi taxta-şalban satır. Olmayan şeyi niyə yazırlar? Satmaq eyib deyil, ancaq satmıram axı. Artur Rembo kimi şair silah alveri ilə məşğul olub. Olub-olub də, nə edək? Mən alverlə məşğul olsam deyərəm. Bir jurnalist gəlmişdi yanıma, hörmət əlaməti olaraq maşınla aparıb metrodan yola saldım. Gedib, yazıb ki, Rüstəm Behrudi Allahdan, ölümdən, əbədiyyətdən yazır, üstəlik son model maşın sürür (gülür). Oğlum, indi at vaxtı deyil axı. Mən də hamı kimi maşın minirəm də. 150-200 min tirajla çap olunmuş şairəm e mən.    
 
- Bizim oxucu şairə varlı olmağı niyə bağışlamır? Bəlkə şair üçün pul qazanmağın yolları şəffaf deyil, ona görə?
 
- Təbii ki, şəffaf deyil. Burda bir az həqiqət var. Doğrudan beldir. Amma bunu mənə demək olmaz. Mənim tirajım olub. Bizim oxucuya görə şair ya həbsxanada olmalıdı, ya dar ağacında. Normal şair olmaq olmaz bəyəm?
 
- Məsələni sadələşdirək: sizə qardaşlarınız kömək edir, adamlara isə elə gəlir ki, özünüz alverlə qazanırsınız.
 
- Elədir. Onların işi mənim adıma çıxır. Hətta təkcə onların yox. Bu yaxınlarda uşaq bağçası tikirdilər, yazmışdılar ki, Rüstəm Behrudi uşaq bağçası salır.                  
- Cəmiyyətimizdə Marks-Elgels-Lenin sıralamasından qalma bir üçlük yaratma şakəri var. Ədəbiyyatda da var bu: Anar-Elçin-Əkrəm... Şeirdə Vaqif Səmədoğlu-Ramiz Rövşən-Vaqif Cəbrayılzadə... Stalin yuxarıdakı üçlüyə sonradan əlavə olunan kimi Anar-Elçin-Əkrəm üçlüyünə Mövlud Süleymanlını, Vaqif Səmədoğlu-Ramiz Rövşən-Vaqif Cəbrayılzadə üçlüyünə sizi əlavə etdilər. Bəlkə, etmək istədilər... Bəlkə özünüz istədiniz... Bilmirəm və soruşuram: ora əlavə olunmaq rahatdırmı?
 
- Əvvəla deyim ki, Stalin analogiyası heç ürəyimcə omadı (gülür). İkincisi, ədəbiyyat yalquzaqların işidir. Kimin adının harda çəkilməsi önəmli deyil. Üçüncüsü, mən adını çəkdiyiniz şairlərə qoşulmadım.
 
- Məncə, məmnun idiniz...
 
- Əlbəttə, dünən kənddən gələn cavan bir oğlan adının bu imzalarla bir çəkilməsindən məmnun idi. Müflis olmuş neftxudalardan biri Hacı Zeynalabdinin yanına gəlir və borc istəyir, deyir, heç kim mənə kömək etmir, bəlkə sən edəsən. Hacı ona borc vermir. Sonra necə olursa dost-tanış Hacını yola gətirir ki, adama kömək etsin. Hacı onu axşam evinə çağırır, yenə heç nə vermədən yola salır, ancaq öz faytonu ilə aparıb evinə qoyur. Sabah bütün borc istədiyi milyonçular adama borc və müştərək iş təklif edirlər. Bilirsən, niyə?
 
- Niyə?
 
- Bakının ən zəngin adamıyla oturub-durur! Borcunu qaytarar, hələ pul da qazandırar! Bu mənada adını çəkdiyiniz imzalar mənim üçün böyük divident idi. Ancaq mən bundan arxayın düşmədim. Öz yazımı yazdım. Onlardan çox Sabir Rüstəmxanlının əməyi olub üstümdə. Məni ilk dəfə "Yazıçı” nəşriyyatına qarovulçu götürüb. Gündüzlər də fəhləlik edirdim, kitab daşıyırdım.            
 
- Bu məşhur üçlüyün içində ən çox sevdiyiniz hansıdır?
 
- Ramiz Rövşən. Ramizlə münasibətim bir başqadır.
    
- Yeni ədəbiyyatı oxuyursunuzmu?
 
- Oxuyuram. Mən adamlara yox, yazılara baxıram. O gün gənc bir müəllifin şeirini oxudum. Çox bəyəndim və paylaşdım.
 
- Adı yadınızda deyil?
 
- İntiqam Yaşar. Balaca bir şeiri vardı, "Evdə yoxam”, gözəl şeir idi. Sonra, sizdə Mirmehdi Ağaoğlu var, bir neçə hekayəsini oxumuşam, potensialı var. Təəssüf ki, o da, elə hamınız hərdən ədəbiyyatdan kənar işlərlə məşğul olursunuz.
 
- Biz həm də jurnalistik axı.
 
- Anlayıram. Markes də jurnalist olub, Hemenquey də. İstərdim daha çox yaradıcılıqla məşğul olasınız.
 
- Nə yazırsınız?
 
- Bildiyiniz kimi, mən islamı qəbul etmirəm. Bir alim dostum dedi, etmirsən, bildik, bəs özünün alternativ fikrin varmı? Düşündüm, gördüm, yoxdur. Ya da var, pərakəndədir. Ona görə, qərara gəldim ki, türk dastanlarına və mifologiyasına dayanan bir kitab yazım. Kitabı demək olar ki, yazmışam. Adı "Göy tanrı”dır.
 
- Janrı nədir?
 
- Şeir də var, nəsr də var, esse də var. İmza qoymayacam o kitaba. Mənim kitabım deyil bu. Bildiklərimi, oxuduqlarımı ümumiləşdirib yazmışam. Belə deyək, türkün dini kitabını yazıram. Yazmaqdan daha çox hazırlayıram. Mənbələri də göstərirəm. Bu kitabı oxuyanda görəcəklər ki, bizim inanclarımız islamdan daha ilahidir.