“Toppuş bacı”nın mübarizə apardığı uşaqlıq boynu xərçəngini yaradan səbəblər - Hər bir qadın risk altında ola bilər-DİQQƏT

  • 2018.08.01 16:07
  • 27784 Baxış
“Toppuş bacı”nın mübarizə apardığı uşaqlıq boynu xərçəngini yaradan səbəblər -  Hər bir qadın risk altında ola bilər-DİQQƏT

Əməkdar aktrisa Tünzalə Əliyevanın adı tez-tez səhhəti və əməliyyatları ilə bağlı xəbərlərdə hallanırdı. İnsanlar onun artıq çəki ilə mübarizə apardığını bilirdi. Övladı üçün arıqlayıb, gələcəkdə daha sağlam yaşamaq naminə bu əməliyyatları etdirən aktrisanın dünən gözlənilməyən və arzu olunmaz bir xəstəlikdən əməliyyat olunduğu xəbərləri yayıldı.


Medicina.az dəfələrlə ginekoloji onkologiyanın başında duran uşaqlıq boynu xərçəngi haqqında materiallar hazırlayıb. Çox insanlar yanlış olaraq T. Ağayevada bu xəstəliyin mədə kiçiltmə əməliyyatı və pəhrizlər nəticəsində yarandığını güman edir. 


Lakin uşaqlıq boynu xərçənginin yaranma səbəbi tamamilə başqa faktorlardan qaynaqlanır. Əslində "Toppuş bacı”nın üzləşdiyi problemlə dünyada hər il yüz minlərlə qadın üzləşir. Uşaqlıq boynu xərçəngi uşaqlıq yolu və boynunun selikli qişasında inkişaf edən bədxassəli törəmədir. Daha çox 35-50 yaşlı qadınlarda aşkarlanır. 


Uşaqlıq boynu xərçənginin yaranma səbəbləri:


1-ci səbəb papilomma virusunun 16-18-ci tipinə yoluxmadır. Məhz bu virus qadının uşaqlıq boynu selikli qişasını zədələyir. Bu virus davamlı skrininqlərdə  PUP TEST – Papanikolau testi vasitəsilə tez aşkarlana bilir. Əvvəllər bu xərçəng gec diaqnoz olunduğundan gənc qadınlar arasında ölüm faizini artırırdı. İndi isə uşaqlıq boynu xərçəngi erkən mərhələdə diaqnoz olunub, tam sağaldıla bilir. 


2. Cinsi yolla ötürülən infeksiyalara məruz qalmaqdır


3. İntim gigiyenaya düzgün riayət etməmək


4. Çox zəif immunitet


5. Uşaqlıq boynunun xroniki iltihabi proseslərinin olması və bunun vaxtında müalicə olunmaması: displaziya, eroziya və s.


6. Qadının hər hansı yolla papilomma virusuna yoluxması. Bu virusun 100 tipi var. Amma məhz 16-18-ci tipi uşaqlıq boynu xərçəngi yaradır.


Maraqlısı odur ki, papolomma virusunun bu tipləri kişidən də qadına ötürülə bilər. Amma kişilərdə bu virus xərçəng yaratmır.

 



Xəstəliyin simptomları:


-Menstrual tskildən əlavə müxtəlif qanlı axıntılar, qanaxma


-Qarının aşağısı və qasıqda ağrılar


-Çətin sidiyə getmə 


-Aşağı çanaqda ağırlıq


-Cinsi əlaqə zamanı ağrılar


-Xarici cinsi üzvlərin şişməsi, böyüməsi, deformasiyası


-Ayaqların şişkinliyi


-Limfa düyünlərinin şişməsi


-Qəbizlik


-Ümumi zəiflik, iştahsızlıq, yüksək hərarət, başgicəllənmə, çəki itkisi və s.


Diaqnostikası:


Avropa və yaxın Türkiyədə artıq dövlət səhiyyə proqramları çərçivəsində 30 yaşından sonra bütün qadınlar ildə bir dəfə skrininqdən keçirilir, papilomma virusunun olub-olmaması PAP testlərlə aydınlaşdırılır.


Həmçinin ginekoloji müayinələr aparılır. Əgər dəyişiklik, təhlükə varsa, qadın ciddi nəzarət altına götürülür.


Ginekoloji müayinələr uşaqlıq boynu xərçənginə şübhə yaradırsa, biopsiya götürülür. Daha sonra aşağı çanaq orqanlarının MRT, KT müayinəsi aparılır. 


Müalicəsi:


Xərçəngin tipi, mərhələsindən və xəstənin fərdi vəziyyətinə görə müalicə seçilir: ən yaxşı metod cərrahi yoldur. Daha sonra kimyaterapiya, şüa terapiyası, dərman müalicəsi təyin edilir. 


I-II dərəcədə pasiyentin sağalması 80-90%-dir.


Papilomma virsuna qarşı peyvəndlər – bütün dünyada olunur, bizdə isə...


Avropa, Türkiyə və qonşu Rusiyada uşaqlıq boynu xərçəngini yaradan papilomma virusunun təhlükəli tiplərinə qarşı xüsusi peyvənd - vaksin tətbiq olunur.

Bu vaksin qız uşaqlarına ilk cinsi əlaqəyə kimi vurulmalıdır. Çünki cinsi əlaqə ilə yoluxan papilloma virusunun qarşısını almaq yalnız bu yolla mümkündür.

Amma gənc yaşda peyvənd olunmayan qadınlar əvvəlcə testlərdən, müayinələrdən keçib, hələ virusa yoluxmayıbsa, o zaman bu peyvəndi etdirə bilər. 

 

Bunun üçün peşəkar ginekoloqla məsləhətləşib, özəl klinikaların hansında bu peyvəndin olunduğunu öyrənərək müraciət edə bilərsiniz.

 

Aygün MUSAYEVA


“Toppuş bacı”nın mübarizə apardığı uşaqlıq boynu xərçəngini yaradan səbəblər -  Hər bir qadın risk altında ola bilər-DİQQƏT